Azərbaycanda işsizlik 5,8 faiz səviyyəsindədir ki, bu da iqtisadiyyat üçün məqbul hesab edilən normadır.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov ölkənin əmək bazarındakı vəziyyətdən danışarkən bildirib.
Departament müdiri qeyd edib ki, ölkəmizdə də işsizliyin ölçülməsi zamanı Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsas götürülür.
Onun sözlərinə görə, hal-hazırda Azərbaycanda işsizlik 5,8 faiz səviyyəsindədir ki, bu da iqtisadiyyat üçün məqbul hesab edilən normadır.
“Hər hansı əlilliyi olan şəxs, şəhid ailəsi üzvü ali təhsilli, peşəkar mütəxəssisdirsə, təbii ki, onun iş tapmaq imkanları qat-qat yüksəkdir. Buna görə də belə şəxslər əmək bazarında həssas qrupdan olan şəxslər hesab edilmirlər”,- deyə qeyd edib.
Elman Sadıqov həssas qrupa daxil olan şəxslərin heç ixtisasının olmadığını da vurğulayıb.
“Əmək bazarında həssas qruplar məhz heç bir bilik, bacarıq və ixtisası olmayan şəxslərdir. Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da məhz bu kateqoriyadan olan şəxsləri əmək bazarına qaytarmaq üçün xüsusi proqramlar tətbiq olunur. Dövlət Məşğulluq Agentliyi əmək bazarının həssas qrupu hesab edilən bu şəxslərin məşğulluğuna dəstək məqsədilə peşə hazırlığı kursları, müxtəlif özünüməşğulluq proqramları və digər tədbirlər həyata keçirir”, - department müdiri bildirib.
Y.MƏMMƏDLİ