Azərbaycanda əhali yenə də pulunun çoxunu ərzaq məhsullarına xərcləyəsi olub...
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 874,5 milyon manatlıq, o cümlədən 17 milyard 426 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 448,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Bu, keçən ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artıb. Səkkiz ayda alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsullarının alınmasına sərf olunub.
Xatırladaq ki, 2021-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26 milyard 460,0 milyon manatlıq, o cümlədən 14 milyard 346,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılmışdır.
Göründüyü kimi, bu il əhalinin ərzağa xərclədiyi pul vəsaiti 3 milyarddan çox artıb.
Qeyd edək ki, 2022-ci ildə bir çox ərzaq məhsullarının qiyməti də xeyli bahalaşıb.
Bu günə olan rəsmi məlumata görə, təkcə cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, peçenyenin, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, pendirin, yumurtanın, bitki yağlarının, limonun, xiyarın, sarımsağın, göy lobyanın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, kola içkisinin, limonadın, pivənin qiymətində öz əksini tapıb...
Y.MƏMMƏDLİ