Çin- Qırğızıstan-Özbəkistan dəmir yolu istifadəyə veriləcəyi təqdirdə ölkələr arasında yük daşıma dövriyyəsi artacaq.
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli deyib.
Onun sözlərinə görə, Xəzərə çıxışı olan Çin- Qırğızıstan-Özbəkistan dəmir yolu açılarsa, Çindən Avropaya, Avropadan da Çinə nəql olunacaq yüklərin daşınmaya görə maya dəyəri aşağı enəcək, həmçinin ölkələr arasında yük daşınma dövriyyəsi artacaq və bu, həm Azərbaycanın, həm də regionun iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək.
Emin Qəribli vurğulayıb ki, layihənin gerçəkləşməsi sayəsində Ələt ticarət limanının dövriyyəsi artacaq, Ələt azad iqtisadi zonasında yeni istehsal müəssisələrinin yaradılmasına səbəb olacaq, eyni zamanda Azərbaycanın strateji mövqeyinin də güclənməsini təmin edəcək.
Xatırladaq ki, oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibli iclası başa çatdıqdan sonra Prezident İlham Əliyev də mətbuata bəyanatında bildirib ki, nəqliyyat - tranzit sahəsində Çin- Qırğızıstan-Özbəkistan yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq.
Məlumatlara görə, həmin marşrut üçün Çinlə Qırğızıstan arasında təxminən 150 km-lik dəmir yolu tikilməlidir. Ümumilikdə isə Çini, Qırğızıstanı və Özbəkistanı birləşdirəcək yol xəttinin uzunluğunun 350 km-ə yaxın olacağı bildirilir. Və ölkəmizə bu yol vasitəsilə Avropa-Asiya daşımaları üzrə marşrutu təxminən 1000 km-ə qədər qısalda biləcək.
Y.MƏMMƏDLİ