İndiyədək BƏƏ də daxil olmaqla Körfəz ölkələrinin bazarı araşdırılıb: bazarın tələbi nələrdir, hansı tip məhsullara ehtiyac var, ölkəmizin hansı məhsulları üçün BƏƏ və Körfəz regionu potensial ixrac bazarı hesab olunur?
Bunu Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Şükürov nümayəndəliyin fəaliyyət istiqamətindən danışarkən bildirib.
O, qeyd edib ki, AZPROMO-nun dəstəyi ilə hər il ən böyük qida sərgisi olan “Gulfood” sərgisi kimi müxtəlif sərgilərdə iştirak etmişik.
“KOBİA-nın dəstəyi ilə 3 il ərzində “Global Village” satış yarmarkasında Azərbaycan pavilyonu fəaliyyət göstərib. Ticarət Nümayəndəliyi aparatının dəstəyi ilə müxtəlif şirkətlər fərdi qaydada sərgilərə cəlb olunub. Şirkətlərin müraciəti əsasında BƏƏ-də fəaliyyət göstərən distribütor şirkətləri ilə əlaqələndirmələr aparılıb, onlayn və fiziki qaydada görüşlər təşkil edilib”, -deyə nümayənə bildirib.
E.Şükürov xatırladıb ki, 2018-2019-cu illərdə Azərbaycan sahibkarlarının iştirakı ilə Şarja, Əbu-Dabi şəhərlərinə, Səudiyyə Ərəbistanı Krallığının Riyad şəhərinə, 2019-cu ildə Dubay şəhərinə ixrac missiyası təşkil edilib.
Həmçinin əlavə edib ki, 240-dək ikitərəfli görüş olub.
“ Təkcə bu faktı qeyd edim ki, 2019-cu ildə Ticarət Nümayəndəliyi və AZPROMO-nun birgə təşkilatçılığı ilə Dubaya ixrac missiyası zamanı 240-a yaxın ikitərəfli (B2B) görüş keçirilib. 2019-cu ildə Ticarət Nümayəndəliyinin dəstəyi ilə Dubayda Azərbaycan Ticarət Evi açılıb”, -deyə o, vurğulayıb.
Y.MƏMMƏDLİ