"Dayanıqlı iqtisadi artımın təmin edilməsində Özbəkistan və Azərbaycanın baxışları üst-üstə düşür. Ona görə də iqtisadi diplomatiya fəal şəkildə inkişaf edir".

Bu fikri Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kafedrasının professoru Safiddin Jurayev Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin inkişaf perspektivlərindən bəhs edərkən bildirib.

Professorun sözlərinə görə,Azərbaycanlı investorları Özbəkistanda cəlb edə biləcək çox sahə var.

“Bu istiqamətdə neft-qaz, neft-kimya sənayesi, enerji, əczaçılıq, tikinti materialları, şərabçılıq, qida, toxuculuq və zərgərlik sahələri daha perspektivlidir”, - deyə bildirib.

O, xatırladıb ki, son beş ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsində müsbət tendensiya müşahidə olunur. Həmçinin nəzərə çatdırıb ki, ölkəsində Azərbaycan kapitallı 238 müəssisə, eyni zamanda Özbəkistanın da ölkəmizdə 53 şirkəti fəaliyyət göstərir.

“Ticarət dövriyyəsi təxminən 7 dəfə artıb - 2016-cı ildəki 17,1 milyon dollardan 2021-ci ildə 118,8 milyon dollara çatıb. 2021-ci ildə 64,1 milyon dollar Azərbaycan sərmayəsi cəlb edilib. Son illərdə birgə müəssisələrin sayı dörd dəfə artıb. Hazırda Özbəkistanda Azərbaycan kapitallı 238 müəssisə fəaliyyət göstərir

Öz növbəsində Azərbaycanda Özbəkistanın 53 şirkəti fəaliyyət göstərir, onların iştirakı ilə çoxsaylı layihələr həyata keçirilir”, - deyib.

Safiddin Jurayev buna uğurlu misal kimi Özbəkistan avtomobillərinin və avtobuslarının birgə istehsalının başlanmasını qeyd  edib.

Həmçinin kənd təsərrüfatı, xüsusilə toxumçuluq sahəsində də əməkdaşlıq qurulduğunu,  Azərbaycanda özbək pambığının bir sıra sortlarının becərilməsini sınaqdan keçirildiyini, Özbəkistanda isə Azərbaycanın məhsuldar fındıq sortları tinglərinin yetişdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Özbəkistan Azərbaycanda pambıqtəmizləmə sistemləri üzrə aparıcı Özbəkistan istehsalçısı "Paxtamaş"ın ən son texnoloji xətti ilə tam təchiz olunacaq pambıq emalı zavodu tikməyi planlaşdırır.
Və vurğulayıb ki, hər iki ölkə kifayət qədər böyük mineral-xammal bazasına, sənaye üstünlüklərinə, xarici tərəfdaşlarla uğurla işləməyə şərait yaradan infrastruktur imkanlarına, eləcə də davamlı şaxələndirilmiş iqtisadiyyata malikdir.

Qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında hərtərəfli əlaqələr durmadan inkişaf etməkdədir.

Xatırladaq ki, ötən ilin iyun ayında da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dost və qardaş ölkə olan Özbəkistana səfər etmişdi. Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bir çox sahələrini əhatə edən 12 sazişdən ibarət sənədlər paketi imzalanıb. Onlardan ən əsası prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin imzaladıqları Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında Bəyannamə idi.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN