"Kommersant" Argus və Eurostat məlumatlarına istinadən yazır ki, Qazaxıstan keçən il Rusiya vasitəsilə Avropaya kömür ixracını 11,2 faiz artırıb.
Əsasən, Qazaxıstan kömürü Baltikyanı ölkələrin limanları - ilk növbədə, Latviya vasitəsilə Avropa ölkələrinə gedirdi. Faktiki olaraq, Qazaxıstan Avropada Rusiya kömürünü əvəz edib - 2022-ci ilin 11 ayı ərzində Avropa İttifaqı (Aİ) ölkələri onun Qazaxıstandan idxalını 4,9 milyon tona çatdırıb.
Eyni zamanda, 2021-ci ildə bu ixrac cəmi 780 min ton olub. Rusiya kömür şirkətləri isə tədarüklərini Asiyaya yönləndirirlər.
Ümumiyyətlə, 2022-ci ildə Rusiyanın xaricə kömür tədarükünün həcmi illik ifadədə yeddi faiz azalıb. İxracatçılar ucuzlaşmanı daxili bazara tədarükləri səkkiz faiz artırmaqla kompensasiya ediblər.
2022-ci ilin oktyabrında ölkənin baş nazirinin birinci müavini Andrey Belousov qeyd etmişdi ki, yerli şirkətlər sanksiyalara görə ixraca 50-60 faiz endirimlə kömür verirlər.
E.ŞİRİNOV