Əməliyyat şirkətlərinin fəaliyyətindəki gizlilik nəyə işarədir???

…Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin növbəti hesabat xarakterli araşdırmalarında diqqəti çəkən məqamlar çoxdur… Bu yazıda belə vacib məqamlardan birinin üzərində dayanmalı olacağıq. Söhbətimizi Birliyin sədri Mirvari Qəhrəmanlı ilə müzakirələr əsasında etdik:

(Əvvəli ötən buraxılışda)

-Mirvari xanım, SOCAR-a göndərilən sorğuda nəyi soruşmuşdunuz ki, cavab verilməmişdir?

-Biz sorğumuzda qurudakı yataqlarda fəaliyyət göstərən Əməliyyat Şirkətləri ilə bağlı bu sorğulara cavab istəmişdik:
1.Sazişlərdə nəzərdə tutulan investisiya qoyuluşu planlarına necə əməl olunur? Plandan kənaraçıxmalar varmı? Varsa, hansı həcmləri əhatə edir?

2.Yataqlarda son 5 ildə hasilat göstəriciləri necə dəyişib: illər üzrə konkret hasilat həcmləri əsasında. Hansı yataqlarda artım, hansında azalma var və bunun səbəbləri nədir?

3.Sazişlərin icrası ilə bağlı məlumatlar hansı dövrülüklə açıqlanır? Onlarla harada tanış olmaq mümkündür?

4.Sazişlər üzrə məlumat açıqlığının, hesabatlılığın təmin olunması üçün hansı işlər görülür?

 Xüsusi qeyd etməyə dəyər ki, yataqlar üzrə hasilatın pay bölgüsü sazişlərində nəzərdə tutulan investisiya qoyuluşları(əgər nəzərdə tutulubsa -red), planlaşdırılan hasilat həcmlərinə dair hər hansı məlumat açıqlanmır. Buna biz sazişlər Milli Məclisdə müzakirə olunanda da rast gəlməmişik. Buna görə də indiki hasilat həcmlərinin plana nə qədər uyğun olduğunu söyləmək mümkün deyil.

-Qurudakı yataqların Əməliyyat Şirkətləri (ƏŞ) tərəfindən istismarının nə qədər səmərəli olduğunu hansısa bir faktla qiymətləndirə bilərsinizmi?

-Bəli, bu barədə əlimizdə kifayət qədər samballı məlumatlar var. Məsələn, SOCAR tərəfindən açıqlanan rəsmi məlumata əsasən, 2021-ci ilin 6 ayında şirkətə məxsus Azneft İB-nin istismar etdiyi quru yataqlarından 173,8 min tondan artıq neft, 51,6 milyon kubmetrdən çox qaz hasil olunub. Həmin dövrdə Birgə Müəssisə (BM) və Əməliyyat Şirkətlərinin balansındakı quru yataqlarından isə 122,8 min ton neft, təxminən 45,6 milyon kubmetr də qaz çıxarılıb. Yuxarıda qeyd etmişdik ki, quruda yerləşən 27 yataq ƏŞ və BM-lər tərəfindən istismar olunur. SOCAR isə quruda 2021-ci ildə 18 yataqda işləyirdi (Buzovna-Maştağa, Qala və Zirə yataqları 2021-ci ilin sonlarında GL İntenational şirkətinə istismara verilib –red.). Yataqlardan ikisi - “Türkan” və “Bəyimdağ-Təkçay” kəşfiyyat mərhələsində olduğuna görə hasilat yoxdur. Bu o deməkdir ki, 2021-ci ilin 6 ayında SOCAR 16 yataqdan ƏŞ və BM-lərlə işlənən 27 yataqdan daha çox neft və qaz hasil edib. Hamıya məlumdur ki, qurudakı yataqların özəl şirkətlərə verilməsi zamanı əsas arqument onlarda hasilat səmərəliliyini artırmaq məqsədi olduğu göstərilib. Amma belə görünür ki, hər hansı səmərəlilikdən danışmaq mümkün deyil. Son illərdə quruda yerləşən yataqlarda hasilat, dövlətə çatan mənfəət neft və qaz ilə bağlı bir sıra məlumatları Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinə verdiyi rəylərdən əldə etmək olur. Palatanın Fondun 2020-ci il büdcəsini icrasına verdiyi rəydən aydın olur ki, Neft Fondunun 2020-ci il büdcəsində xam neftin proqnoz dövrü üzrə ixrac qiyməti 1 barel üçün 35,0 ABŞ dolları proqnozlaşdırıldığı halda, il ərzində bir barelin ortaçəkili qiyməti 38,5 ABŞ dolları təşkil edib. Bu qiymət şəraitində 2020-ci ildə Balaxanı yatağından mənfət neftinin hasilatı 1,58 milyon barel proqnoza qarşı 1,57 milyon barel(Neft Fonduna ödəmə dəyər ifadəsində 4,26 milyon dollara qarşı 6,26 milyon dollar), Zığ-Hövsan Abşerondan 0,48 milyon barelə qarşı 0,43 milyon barel(Fonda ödəmə 0,63 milyon dollara qarşı 0,72 milyon dollar), Binəqədidə 0,93 milyon barelə qarşı 0,99 milyon barel(1,70 milyon dollara qarşı 3,66 milyon), Mişovdağ və Kəlaməddində 0,63 milyon barelə qarşı 0,62 milyon barel(0 proqnoza qarşı 0,44 milyon dollar), Neftçala və Xıllıda 0,21 milyon barelə qarşı 0,16 milyon barel(0,25 milyon dollara qarşı 0,16 milyon dollar), Kürovdağda 0,99 milyon barelə qarşı 0,97 milyon barel(1,72 milyon dollara qarşı 2,67 milyon dollar), Kürsəngi və Qarabağlıda 0,95 milyon barelə qarşı 0,90 milyon barel(1,31 milyon dollar proqnoz və ödəniş), Suraxanıda 1,14 milyon barelə qarşı 1,03 milyon barel(1,20 milyon dollara qarşı 1,43 milyon dollar) olmaqla cəmi ödəniş 16,66 milyon dollara bərabər olub.

neft

-Bəs 2021-ci ildə vəziyyət necə olub?

-Neft Fondunun 2021-ci ilin büdcəsində xam neftin proqnoz dövrü üzrə ixrac qiyməti 40 ABŞ dolları proqnozlaşdırılıdığı halda il ərzində bir barelin ortaçəkili qiyməti 65,4 ABŞ dolları təşkil edib. Həmin il Fonda AÇG və Şahdəniz istisna olmaqla, digər yataqlardan mənfəət nefti və qazın satışından  cəmi 62,3 milyon ABŞ dolları daxil olub. Təəssüf ki, Palatanın rəyində yataqlar üzrə hasilat həcmi əksini tapsa da dəyər ifadəsi verilməyib. Belə ki, Balaxanıda hasilat 1,62 milyon barel proqnoza qarşı 1,73 milyon barel, Zığ-Hövsan Abşeronda  0,47 milyon barelə qarşı 0,42 milyon barel, Binəqədidə 0,94 milyon barelə qarşı 1,01 milyon barel, Mişovdağ və Kəlaməddində 0,64 milyon barelə qarşı 0,67 milyon barel, Neftçala və Xıllıda 0,22 milyon barelə qarşı 0,25 milyon barel, Kürovdağda 1,012 milyon barelə qarşı 1,08 milyon barel, Kürsəngi və Qarabağlıda 0,98 milyon barelə qarşı 0,95 milyon barel təşkil edib. Qiymətin büdcədə nəzərdə tutulandan çox olması, həmçinin hasilatın 2020-ci illə müqayisədə yüksək olması Fonda ödəmələrin də proqnozu üstələməsinə səbəb olub.

-Daxilolmaları ayrı-ayrı bloklar üzrə verə bilərsinizmi?

-Mümkündür. Məsələn, 2022-ci il üçün Dövlət Neft Fondunun büdcəsinə verilən rəydən aydın olur ki, 2021-ci ilin 9 ayında Fonda belə bir daxilolmalar var:

-Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 5,2 milyon ABŞ dolları;

-Kürsəngi və Qarabağlı daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 0,6 milyon ABŞ dolları;

-Binəqədi, Qirmək, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 78,0 milyon ABŞ dolları;

-Neftçala neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə -1,1 milyon ABŞ dolları;

-Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 2,3 milyon ABŞ dolları;

-Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 6,1 milyon ABŞ dolları;

-Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 11,2 milyon ABŞ dolları;

-Mişovdağ və Kəlaməddin neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və HPBS üzrə - 3,6 milyon ABŞ dolları daxil olub… Və Palatanın açıqladığı məlumata görə, 2021-ci il üzrə ARDNF-nin büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barelinin qiymətinin 40 dollar götürülməsi ilə bağlı olaraq Neftçala, Xıllı, Durovdağ-Babazanan, eyni zamanda Kürsəngi və Qarabağlı yataqları üzrə ödənişlər nəzərdə tutulmasa da (mənfəətin yaranmaması səbəbindən), ARDNF-nin 2022-ci il büdcəsində xam neftin qiymətinin daha yüksək (50 dollar) olması ilə əlaqəli olaraq 2022-ci ilin büdcə proqnozlarında həmin yataqlar üzrə proqnoz ödənişləri nəzərdə tutulub. Bu il qurudakı yataqlar üzrə Fonda çatacaq mənfəət neft qazı, onun 50 dollarlıq qiymət ilə dəyəri aşağıdakı həcmlərdə nəzərdə tutulub:

-Kürsəngi və Qarabağlı yataqları üzrə 0,58 milyon ABŞ dolları;

-Kürsəngi və Qarabağlı yataqları üzrə 0,58 milyon ABŞ dolları (0,012 milyon barel);

-Suraxanı və Qaraçuxur yataqları üzrə 3,17 milyon ABŞ dolları (0,06 milyon barel);

-Zığ-Hövsan yatağı üzrə 1,69 milyon ABŞ dolları (0,04 milyon barel);

-Neftçal, Xıllı, Durovdağ-Babazan yataqları üzrə 0,85 milyon ABŞ dolları (0,02 milyon barel);

-Mişovdağ və Kəlaməddin yataqları üzrə 1,05 milyon ABŞ dolları (0,02 milyon barel);

-Kürovdağ yatağı üzrə 4,61 milyon ABŞ dolları (0,11 milyon barel);

-Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqları üzrə v 7,88 milyon ABŞ dolları (0,16 milyon barel);

-Binəqədi blokuna daxil olan yataqlar üzrə 4,65 milyon ABŞ dolları (0,14 milyon barel).

2022-ci ilin yanvar-sentyabrında Fonda həmin yataqlardan daxilolmalar isə aşağıdakı həcmdə olub:

-Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 12,9 mln. ABŞ dolları;

-Kürsəngi və Qarabağlı daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 12,0 mln. ABŞ dolları;

-Binəqədi, Qirmək, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 16,4 mln. ABŞ dolları;

-Neftçala neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 0,6 mln. ABŞ dolları;

 -Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 3,0 mln. ABŞ dolları;

 -Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 2,7 mln. ABŞ dolları;

-Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - 11,7 mln. ABŞ dolları;

-Mişovdağ və Kəlaməddin neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və HPBS üzrə - 0,2 mln. ABŞ dolları.

-Bəs 2023-cü ilə verilən büdcə rəyində vəziyyət necədir?

-Hesablama Palatasının ARDNF-nin 2023-cü il büdcəsinə verdiyi rəydən aydın olur ki, gələn il dövlətə Kürsəngi və Qarabağlı yataqları üzrə daxilolma proqnozlaşdırılmır – neftin orta qiyməti 50-dollar götürülüb, bu yataqlardan gəlir 60-dollar və ondan yuxarı olduqda nəzərdə tutulur. Suraxanı və Qaraçuxur yataqları üzrə 2023-cü ildə dövlətə 0,05 milyon barel və ya 2,3 milyon dollar, Zığ-Hövsan yatağı üzrə 0,02 milyon  barel və ya 1,05 milyon dollar, Neftçala, Xıllı, Durovdağ-Babazan yataqları üzrə 0,01 milyon barel və ya 0,44 milyon dollar, Mişovdağ və Kəlaməddin yataqları üzrə 0,03 milyon barel və ya 1,25 milyon dollar, Kürovdağ yatağı üzrə 0,10 milyon barel və ya 1,25 milyon dollar, Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqları üzrə 0,26 milyon barel və ya 13,5 milyon dollar, Binəqədi blokuna daxil olan yataqlar üzrə 0,13 milyon barel və ya 4,08 milyon dollar mənfəət daxil olması proqnozlaşdırılır. Bu proqnozun özünü doğruldacağı gözləniləndir. Belə ki, 2023-cü ildə neftin dünya bazar qiymətinin büdcə proqnozlaşdırılmasında nəzərdə tutulandan yüksək olacağı gözlənilir. Bu baxımdan, hasilat proqnozuna olmasa da, dəyər baxımından dövlətə çatacaq vəsaitin artması baş verəcək…

Hesablama Palatasının Neft Fondunun 2023-cü il büdcəsinə dair rəyində əksini tapan rəqəmlər diqqəti bir baxımdan xüsusilə cəlb edir. Belə ki, həmin rəqəmlər göstərir ki, qurudakı yataqlardan hasil olunan neftin cüzi bir hissəsi dövlətə çatır. Məsələn, Suraxanı yatağından 2023-cü ildə 1,05 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır ki, bunun da cəmi 0,05 milyon bareli  - yəni cəmi 4, faizi dövlətə çatan mənfəət olacaq. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə AÇG-də 129,6 milyon barel hasilatdan 64,1 milyon bareli dövlətə çatacaq…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN