Azərbaycanın Sakit Okean Alyansında müşahidəçi rolu yaxın gələcəkdə böyük nəticələr verə bilər.
Bunu iqtisadçı ekspert, İsveçin Malmö Universitetinin Qlobal siyasi tədqiqatlar fakültəsinin əməkdaşı Mateo Villamil-Valensiya ölkəmizin Alyansda müşahidəçi rolunu qiymətləndirərkən bildirib.
O, qeyd edib ki, Alyansın məqsədi iş yerləri yaratmaqla yanaşı, investisiya cəlb etməkdir.
Həmçinin ekspert diqqətə çatdırıb ki, may ayında Barranquilla şəhərində keçiriləcək 95-ci İşgüzar Əlaqələr Forumuna Azərbaycandan aqrobiznes, sənaye, istehlak malları, rəqəmsal sənayelər, tekstil və geyim sektorlarını təmsil edən şirkətlər dəvət olunub.
Mateo Villamil-Valensiya vurğulayıb ki, Azərbaycan Kolumbiyanın minatəmizləmə səylərində mühüm rol oynayır və münaqişədən sonrakı dövrdə əməkdaşlıq mexanizmlərinin dəstəklənməsində və yaradılmasında maraqlıdır.
“Digər tərəfdən, Kolumbiya meşələrin bərpası və bərpa olunan enerji üçün böyük potensiala malikdir və bu sahədə ölkələrimiz əməkdaşlıq edə bilər”, -deyə bildirib.
***
Qeyd edək ki, Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlər 12 dekabr 1994-cü ildə qurulmuşdur. 2014-cü ilin 1 aprel tarixindən etibarən Azərbaycan Respublikasının Kolumbiya Respublikasında diplomatik nümayəndəliyi fəaliyyət göstərir. 2014-cü ilin 10 yanvar tarixindən etibarən Kolumbiya Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupu və Kolumbiya Respublikasının Senatında Kolumbiya-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.
20 fevral 2017-ci il tarixində Kolumbiya Konqresinin Senatının İkinci Komitəsi (xarici əlaqələr, təhlükəsizlik və milli müdafiə üzrə Komitə) tərəfindən Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar sənəd (Constansia) qəbul edilmişdir.
2018-ci ilin dekabr ayında Kolumbiya Konqresinin Senatının İkinci Komitəsi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edilmişdir.
Xatırladaq ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2005-ci ildə 122,7 ABŞ dolları, 2020-ci ildə 1.229 min ABŞ dolları, 2021-ci ildə isə 847,1 min ABŞ dolları təşkil etmişdir.
JASMİN