Sosial şəbəkələrdə belə bir suala rast gəldim...
Jurnalist Mahir Cavadlı bu sualı verir və cavabında belə deyir: «…Kim cavab verə bilər?! Bir çayın məcrasının dəyişdirilməsi, yaxud borulara yığılması hansı fəlakətlərə yol açacaq?! Müalicəvi "Qotur su" bulağını nə gözləyir?! Əlaqədar qurumlar nə deyir?!
Mükəmməl layihədən də xəbərim var. Müəyyən bəhanələrlə layihədən kənara çıxmaq təşəbbüslərindən də məlumatlıyam. Biləsiniz ki, torpağa, yurda, təbiətə, flora-faunaya qarşı qəsd etmək istəyənlərin hər bir əməli haqqında şəxsən möhtərəm Prezidentimizə, Mehriban xanıma anında məlumat çatdırılacaq…».
Doğrudanmı belə bir təhlükə var? Tanınmış media eksperti Rəşid Hacılı isə bu narahat məsələyə aydınlıq cavabında isə yazır: «…Zəngilan şəhərini Oxçuçay üzərində salırlarsa, çay məcraya salınmalıdır ki, sel gələndə şəhəri basmasın. Üstəlik, görünür çaydan həm suvarma, həm də elektrik almaq üçün istifadə etmək istəyirlər. Bütün bunları çay şəhərə çatan yerdə su anbarı tikməklə etmək olar. Sel qorxusu aradan qalxır onda. Nizamlayır sututar. Çayın 1/3 hissəsi boru ilə axarsa niyə qurusun ki?! Anbarda da həmişə su olacaq. Oxçuçay vadisinin torpağı çox verimlidir. Onu susuz qoymazlar. Oxçuçayın dərdi bu deyil. Qafanda kirləndirilməsidir. Zəhərli tullantıların çaya axıdılmasıdır. Su bəndi tikilsə bəlli ərazilər su altında qalacaq. Hətta Qotur su bulağı da qala bilər, doğrudur. Amma çay təmiz olarsa göl oraları çox gözəlləşdirəcək. İki böyük dağ silsiləsinin arasında gözəl göl ola bilər…».
Beləliklə, məlum olur ki, Oxçuçay ətrafında gəzən söz-söhbətlərə elə də ciddi əsas yoxdur.
A.Məmmədli