Ölkə iqtisadiyyatında çalışan işçilərin sayında azalma qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər olub. Onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov da fikir bildirib.
O, xatırladıb ki, ötən iliin avqustun 1-ə olan vəziyyətə görə isə, ölkədə 1 milyon 719 min nəfər muzdla çalışan işçi qeydiyyatda olub.
"Bu o deməkdir ki, müqavilə ilə çalışanların sayı 2022-ci ilin uyğun dövrünə nisbətən 13 min nəfər azalıb.
Məsələnin digər tərəfi işçilərin sayının azalmasının həm dövlət, həm də özəl sektorda müşahidə olunması ilə bağlıdır. Müqavilə ilə çalışanların sayında azalma həmin müddətdə dövlət sektorunda 6 min, özəl sektorda isə 7 min olub", - deyə bildirib.
Onun sözlərinə görə, dövlət sektorunda işçilərin sayının azalması daha çox institutsional dəyişikliklər ilə bağlı olsa da, özəl sektorda əmək müqavilələrinin sayının azalmasının xüsusi təhlil edilməsi və monitorinqlərin gücləndirilməsi vacibdir.
İqtisadçı qeyri-leqal çalışanların da rəsmiləşdirilməsinin vacibliyini, nəzarətin artırılmasını önə çəkib.
"Belə ki, məşğulluğun daha çox özəl sektor hesabına formalaşdırılması əsas prioritetlərdən hesab olunur. Eyni zamanda, iqtisadiyyat ağardıqca özəl sektorda əmək müqavilələrinin sayının artması, qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi çox vacibdir. Aydındır ki, bir sıra müəssisələrdə işçilərin heç də hamısı ilə əmək müqavilələri bağlanılmır və deməli, bu sahədə nəzarətin daha da gücləndirilməsi vacibdir", - vurğulayıb.
O, həmçinin sosial haqqların faizinin azaldılmasına, gəlirlərin vergidən azad olunmanın məbləğinin artırılmasına da diqqət çəkib:
"Son statistika sosial haqqların faizinə yenidən baxılıb azaldılması və eləcə də dövlət sektorunda gəlirlərdə vergidən azad olunan məbləğin artırılmasını bir daha gündəmə gətirir. Məşğulluğun rəsmilləşdirilməsi üçün təşviqedici tədbirlərin genişləndirilməsi vacibdir. Bu, xüsusən, məşğulluqda özəl sektorun lokomotivə çevrilməsi baxımından da əhəmiyyətlidir", - deyə Vüqar Bayramov izah edib.
JASMİN