Xəbər verdiyimiz kimi, "Muğan Bank" ASC-nin lisenziyası bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ləğv edilib...
O “Muğan Bank” ki, 1992-ci ildə yaradılıb və uzun illər deputat, həm də “Odlar Yurdu” universitetinə rəhbərlk edən Əhməd Vəliyevin ailəsinə məxsus olub…
Bank bağlandıqdan sonra əmanətçilər əmanətləri ilə bağlı narahat olmağa başladılar. İqtisadçı-ekspert, həm də deputat Vüqar Bayramov da əmanətçilər düşündürən suala cavab olaraq bildirdi ki, vətəndaşların əmanət faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödəniləcək, həmçinin bankda sığortalanmış əmanəti olan şəxslər öz vəsaitini tam olaraq geri ala biləcəklər.
Bəs “Muğan Bank”da sahibkarların hesablarındakı pulların taleyi necə olacaq?
İqtisadçı -ekspert Vüqar Bayramov sualı belə cavablandırıb:
"2023-cü ildə daha bir bank bağlandı. “Muğan Bank”da qorunan əmanətlərin qaytarılmasına yaxın zamanlarda başlanılması gözlənilir. Bununla yanaşı, hər bir bankda sahibkarların da böyük həcmdə vəsaitləri də olur. “Muğan Bank”ın tam öhdəlikləri barədə məlumatlar hələlik ictimaiyyətə təqdim olunmadığından sahibkarların bu bankdakı vəsaitlərinin həcmi hələlik açıqlanmayıb", deyə bildirib.
Həmçinin o, diqqətə çatdırıb ki, sahibkarların əmanətləri tam həcmdə qorunan əmanət olmadığı üçün onlar yalnız qorunan əmanətlərini alacaqlar.
"Bununla belə, qaydalara əsasən, “Muğan Bank”da fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə vəsaitlərin 20 min manatı kompensasiya olunacaq. Bu o deməkdir ki, əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin hesabında 50 min manat varsa, onun 20 min manatı kompensasiya olunan, digər hissəsi isə qorunmayandır.
Bu baxımdan, son illər inflyasiya səviyyəsinin proqnozlaşdırılandan yüksək olduğunu nəzərə alsaq kompensasiya olunan məbləğin artırılması çox vacibdir. Bu banklar müflis olan zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin pullarının daha çox hissəsinin kompensasiya olunmasına gətirib çıxara bilər", deyə Vüqar Bayramov təklif də irəli sürüb.
İqtisadçının sözlərindən də göründüyü kimi, bankın lisenziyasının ləğv edilməsindən sahibkarlar zərərli çıxacaqlar...
Y.MƏMMƏDLİ