Əmək pensiyalarının indeksləşdirilərək artırılması ilə bağlı sərəncam imzalandı.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2023-cü il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq bütün növ əmək pensiyaları artırılacaq. Bu göstəriciyə uyğun olaraq 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların artırılması həyata keçiriləcək. Pensiya kapitalı isə 2023-cü il üçün inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.
Bəs pensiyalar neçə faiz artırıldı?
TEZADLAR.AZ xəbər verir ki, suala cavab olaraq Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq pensiyalar 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.
Yanvar ayının artımları nə zaman ödəniləcək?
İqtisadçı diqqətə çatdırıb ki, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək.
“Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”, - deyə bildirib.
Vüqar Bayramov vurğulayıb ki, indeksləşdirmə, yən artımlar bütün növ əmək pensiyalarına şamil olunur.
“ “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq, əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”, - iqtisadçı-ekspert pensiyaçılara xatırladıb.
Y.Məmmədli