Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
“Bilavasitə Prezidentimiz cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycanın daxili və xarici siyasət prioritetləri ölkəmizi dünya miqyasında güclü dövlətlər sırasına yüksəldib və özünəməxsus inkişaf modelləri ilə tanıdıb. Xüsusilə ötən illərin müsbət təcrübəsi və uğurlu göstəriciləri bir daha təsdiqləyir ki, Azərbaycan dövləti qarşısına qoyduğu bütün vəzifələri böyük ustalıqla icra edib və öz hədəflərinə çatıb. Ən əsası isə Azərbaycan heç kimdən həm siyasi, həm də iqtisadi baxımdan asılı olmayan, tamamilə müstəqil siyasət yürüdən, etibarlı tərəfdaş statusunu qazanan ölkə kimi dünya xəritəsində öz yerini tutub. Təbii ki, dövlətin qüdrəti həm də onun güclü iqtisadiyyatı ilə ölçülür. Əminliklə ifadə edə bilərik ki, Azərbaycan iqtisadiyyatı xüsusilə son 20 ildə elə davamlı inkişaf yolu tutub ki, dünyada baş verən gözlənilən və gözlənilməyən bütün böhranlara layiqincə sinə gərib. Buna yalnız pandemiya dövründə dünyada yaşananları misal göstərmək, məncə, kifayətdir ki, hər şey aydın olsun. Eləcə də biz ağır müharibədən keçdik, işğalda olan torpaqlarımızı azad etdik. Sözsüz ki, güclü iqtisadiyyat bütün qələbələrin rəhnidir. Həmçinin bu gün Azərbaycan böyük bir ərazidə yeni şəhərlər, kəndlər salır, tarixdə misli görünməmiş abadlıq quruculuq işləri aparır. Ən önəmlisi isə dövlətimiz bunu heç bir kənar dəstək almadan, ancaq özünün daxili imkanları hesabına həyata keçirir. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini göstərən faktorların bir qismidir”.
Tezadlar.az bildirir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. S.Möhbalıyevin sözlərinə görə, ölkəmizin effektli sosial-iqtisadi inkişaf strategiyası imkan verib ki, regionlarımızın hərtərəfli tərəqqisi təmin olunsun: “Əminliklə demək olar ki, regionlarla bağlı qəbul edilmiş dövlətimizin proqramları, eləcə də sosial-iqtisadi inkişafla bağlı verilmiş fərmanlar, imzalanmış sərəncamlar, icra olunmuş layihələr yeni müəssisələrin açılmasına, iş yerlərinin yaradılmasına, vətəndaşlarımızın məşğulluğunun artırılmasına, güzəranının yüksəldilməsinə gətirib çıxarmışdır. Heç də təsadüfü deyil ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizə qədər enib və bu da son dərəcə yüksək nailiyyətdir. Eyni zamanda kənd yerlərinin inkişaf potensialı xeyli güclənib, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, həmçinin məhsuldarlığı yüksəlib, kiçik fermer təsərrüfatları böyüyərək iri fermer təsərrüfatlarına çevrilməkdədir. Habelə bölgələrdə dayanıqlı inkişaf edən iqtisadiyyat daha da şaxələnib, rəqabətqabiliyyətliliyi artıb, regionlarımızın turizm imkanları genişlənib. Ümumilikdə regionların davamlı və tarazlı sosial-iqtisadi inkişafı təmin olunub”.
“Bildiyimiz kimi, bu gün dünya qlobal iqlim dəyişmələri səbəbindən kəskin su çatışmazlığı kimi böyük bir sınaqla üz-üzə qalıb. Hazırda dövlətimiz bu qlobal problemlə də fəal mübarizə aparır, su qıtlığının aradan qaldırılması, ona olan tələbatın tam ödənilməsi istiqamətində mühüm işlər görür. Belə ki, su kanallarının suvarma keyfiyyəti yüksəldilir, su anbarlarının istismar şəraiti yaxşılaşdırılır, mütərəqqi suvarma üsulları tətbiq edilir və s. Görülən işlərin davamı olaraq, dövlətimizin başçısı cənab İlham Əliyev bir neçə gün öncə Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzaladı və ötən gün - aprelin 16-da kanalın təməlini qoydu. Bu, mühüm bir layihədir, ölkəmizdə su təminatının yaxşılaşmasına, su itkilərin aradan qaldırılmasına böyük dəstək olacaq. Eləcə də kanalın potensialı imkan verəcək ki, əlavə olaraq əkinə yararlı daha 116 min hektar torpaq əkilib becərilsin. Bu da ölkəmizdə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə deməkdir”, - Milli Məclisin deputatı bildirib.