Sosial-iqtisad elmi hələ qədim Romada rüşeyim halında ilkin və məhdud ibtidai məzmunda mövcud olmuşdur.
Bu elmin adı yunan dilində «poletya» və «oykonomiya» sözlərindən yaranmışdır. «Politeya» sözünün mənası ictimai quruluş, «Oykonomiya» sözü isə «oykos», yəni «ev təsərrüfatı» və «nomos», yəni «qanun» sözlərinin birləşməsindən ibarətdir. Əslində bu elmin ibtidai adı özündə onun predmetini, yəni, təsərrüfatı idarə edən qanunlar və bu təsərrüfatın (bazisin) üzərində yüksələn üstqurum olan ictimai quruluşu ehtiva edir.
Bu günümüzün reallıqları baxımından hər bir cəmiyyət obyektiv qanunlar vasitəsilə idarə olunan iqtisadi sistemi və bu iqtisadi sistemin əsasında, onun məzmun və mahiyyətinə uyğun yaranıb, idarə edilən ictimai quruluşu ifadə edir. Yəni, bu elmin günümüzdə sosial-iqtisad adlandırılması onun predmeti və funksiyasını tam ifadə edir.
Təbii ki, Roma dövlətində quldarlıq quruluşu hakim istehsal üsulu olub, cəmiyyətin ictimai quruluşunun məzmun və mahiyyətini, o cümlədən hüquqi və inzibati idarəetmə sisteminin mahiyyət və xarakterini müəyyən etdiyindən, əslində, hər bir cəmiyyətin iqtisdai-ictimai anatomiyası olan bu elm sahəsi quldarlıq cəmiyyətində çox sərt qadağan edilən mövzu olduğundan tədris, tətbiq, təbliğ edilərək inkişaf edə bilməzdi. Bu quruluşda cəmiyyətin iqtisadi tələbi əsasən qul əməyi əsasında ödənildiyindən qulların qul sahiblərinin əsarətində saxlanılması üçün uyğun inzibati sistemin mövcudluğu ilə yanaşı, onların zehinini, şüurunu da öz sahiblərinə qeyd-şərtsiz təslim olması, onların müti hala gətirilib, öz acı taleləri ilə barışması üçün ideoloji vasitənin mövcudluğu da zəruri idi. Məhz bu zərurət quldarlıq quruluşlarının yaranması ilə bərabər, müxtəlif ərazi və toplumlarda müxtəlif dinlərin yaranmasına səbəb oldu. Dinlər quldarlıq quruluşunun ilkin dövrlərində qulların ayağına metal buxovlar, əllərinə isə metal qandallar vurulduğu, çoxsaylı qul sahibi olub, qullardan geniş istehsal sahələrində xüsusi nəzarətçilərin sərt nəzarəti altında istismar edildiyindən, qulların din vasitəsilə ideoloji, mənəvi, psixoloji cəhətdən mütiləşdirilməsi çox ciddi, həlledici əhəmiyyətə malik deyildi. Lakin, qul əməyinin tətbiqi sahələrinin genişlənməsi, qul əməyindən daha mürəkkəb prosseslərdə istifadə edilməsi imkanları və zərurəti çoxaldıqca, qul əməyindən daha dolğun, səmərəli istifadə edilməsi məqsədilə, əvvəl qulların əllərindən qandalların, sonrakı dövrlərdə həm də ayaqlarındakı buxovların açılması onların zehninə, şüuruna ideoloji vasitə olan dinlə təsir edərək qulları mənəvi, əxlaqi, psixoloji cəhətdən mütiləşdirilməsi daha çox əhəmiyyət daşımaqla, aktuallaşırdı.
***
...Quldarlıq quruluşu dağılıb feodalizm quruluşu yarananda, artıq qullar inzibati cəhətdən azad edilib, təhkimliyə çevrildiyi zaman, qul üzərində nəzarətçilərə zərurət olmadığından, təhkimlilərin əməyinin nəticələrinin təhkimli və feodallar arasında bölüşdürülməsi prossesinə nəzarətin də üsul və qaydalarının dəyişdirilməsi labüd oldu. Məhz bu amil təhkimlilərin feodal qarşısında öhdəliklərinin yerinə yetirməsi üçün onların zehninə, şüuruna din vasitəsilə təsir edərək onları mənəvi, əxlaqi, psixoloji cəhətdən mütiləşdirmək zərurətini son dərəcə aktuallaşdırmaqla yanaşı, artıq o zaman təşkilatlanaraq cəmiyyətdə kütlələrin şüuruna təsir edə biləcək güc mərkəzinə çevrilmiş dinin, hətta dövlət mexanizmində bir çox sahələrdə hakimiyyətdən sonra ikinci pillədə hakim mövqe tutmasına imkan verdi.
***
Quldarlıq və feodalizm quruluşları dövründə hakim qüvvələrin cəmiyyəti inzibati cəhətdən kobud zor, ideoloji, hüquqi cəhətdən din vasitəsilə idarə etdikləri səbəbindən, sosial-iqtisad elminin tədrisi və təbliğinə heç bir ehtiyac olmadığından, hətta onun hakim təbəqələrin hökmüranlığı üçün ən təhlükəli amil olduğundan, bu elmin tədrisi və təbliği də sərt qadağan olduğundan, o bu quruluşlarda nə mövcud ola, nə də inkişaf edə bilməzdi. Çünki sosial-iqtisad elmi bu quruluşların mahiyyətini açıqlamaqla bərabər, vətəndaşların, o cümlədən həmin quruluşlarda qul, təhkimli, nökər olanlar da daxil olmaqla cəmiyyətin bütün təbəqələrinin azad olduğu şəraitdə, dövlətin cəmiyyət üzvlərinin heç birinin hüquqlarını pozmadan idarə etməsi yollarını da göstərir. 17-18-ci əsrlərdə feodalizm quruluşunun mövcud qaydalarda idarəetmə potensialının bitməsi və Avropada ictimai şüurun mövcud quruluşun ədalətsizliyini qəbul etməyəcək dərəcədə inkişaf etməsi, bu məkanda feodalizm quruluşlarının dağılaraq əvəzində kapitazim quruluşunun qurulması ilə nəticələndi. Kapitalizm quruluşu özündən əvvəlki quruluşlardan fərqli olaraq vətəndaşların özlərini inzibati cəhətdən azad etməkdən əlavə, onların əməyini də felən, yəni, inzibati cəhətdən azad etdi. Kapitalizm quruluşunun məzmunundakı bu cəhət dövlətin cəmiyyəti inzibati və idealist dini hakimiyyət cütlüyü vasitəsilə idarə etməsini imkansız etdiyindən inzibati mütləqiyyətlə bərabər idealist dini hakimiyyət də dövlət mexanizmindən təcrid edilərək uzaqlaşdırıldı. Çünki insanların zehninə təsir vasitəsi olan idealist dinlər də mahiyyət etibarilə inzibati mütləqiyyətlə eyni mahiyyətdə, yəni, mütləqiyyət sistemi olduğundan, ondan birbaşa dövlət mexanizminin tərkib hissəsi kimi istifadə edilməsi mümkün deyildi. Lakin bu quruluş vətəndaşların özünün və əməyinin inzibati cəhətdən azad edilməsi, onların fiziki cəhətdən mövcudluğunun əsas şərti olan iqtisdai amil ilə təmin etmədiyindən onları könüllü olaraq ədalətsiz istismar sisteminə, yəni, ədalətsiz kapitalist istismar üsulunu zor vasitəsilə qoruyan kapitalist dövləti mexanizminə qandallamaq üçün, onların zehninə, şüuruna təsir edə biləcək ideoloji vasitənin mövcudluğu zəruri idi. Belə bir vasitə mövcud reallıqlara əsaslanan materialist din ola bilərdi.
Bu barədə Fridrix Engels yazır ki, – “Din özünün, istifadə üçün yararlı, onlara hökmüranlıq edən yabançı təbiət və cəmiyyət qüvvələrinə münasibətinin bilavasitə, yəni emosional forması olaraq o vaxta qədər davam edə bilər ki, insanlar felən həmin qüvvələrin hökmüranlığı altındadır. Lakin biz artıq dəfələrlə gördük ki, müasir burjua cəmiyyətində insanların özlərinin yaratdıqları iqtisadi münasibətlər, onların özlərinin istehsal etdikləri istehsal vasitələri yabançı bir qüvvə kimi onlara hökmüranlıq edir. Deməli gerçəkliyin dini inikasının əsil əsası yenə də mövcuddur, bu əsasla birlikdə isə onun dindəki inikası yenə mövcuddur”. (F. Engels. Anti-Dürinq, səh.321, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1967).
***
Hər bir kapitalizm quruluşlu cəmiyyətdə “insnaların özlərinin istehsal etdikləri istehsal vasitələri” əsasında “insanların özlərinin yaratdıqları iqtisadi münasibətlər” “yabançı bir qüvvə kimi onlara hökmüranlıq etdiyi” şəraitdə bu qüvvələrin məqsəd və mənafeinə xidmət edən dinlər, siyasi partiyalar adı ilə yaradıldı. İdealist dinlərin cəmiyyətdə mövcud olan bütün təriqətləri nəzəri cəhətdən onu qəbul edənləri gözəgörünməz, dərkedilməz, abstrakt mütləq varlıq olan allahın, təcrübədə isə insanları inzibati, mənəvi, əxlaqi və psixoloji cəhətdən həyatda onu əvəz edən mütləq hakimin və cəmiyyətdə mövcud olan hakim qüvvələrin quluna çevirərək bu hakim qüvvələrin məqsəd və mənafeinin reallaşdırılmasına səfərbər etdiyi kimi, materialist dinlər olub, fəaliyyət proqramları istisnasız olaraq onların üzərində hökmüranlıq edən, onların amansız, ədalətsiz istismara məruz qoyan kapital sahiblərinin məqsəd və mənafelərinin reallaşdırılması çərçivəsində yaradılırdı... Və din bu kapitalın mənafe və təhlükəsizliyini təmin edən konstitusiya və ondan irəli gələn qanunlar vasitəsilə qorunur. Yəni, əslində materialist əsaslı dinlər olub, idealist dinlər kimi kapital (sahibinə gəlir gətirən mülkiyyət) sahibi olmayan insanları kapital sahiblərinin ədalətsiz istismarına “könüllü” cəlb edilməsi üçün ideoloji vasitədir.
Həmin çərçivəni aşan hər hansı bir siyasi partiya (materialist din) həmin qanunsuz elan edilərək zor tətbiqi vasitəsi olan kapitalist dövlətinin hüquqi, hərbi qurumları tərəfindən qadağan, ləğv və ya məhv edilir. Forma etibarilə müxtəlif olub, mahiyyət etibarilə kapitalın, xüsusilə iri kapitalın maraqları çərçivəsində olan materialist dinlərin müəyyən dövr ərzində dövləti idarə etməsi üçün “azad seçkilərin” keçirilməsi demokratiya, azadlıq kimi qələmə verilərək əslində, məsələnin mahiyyətini pərdələmək üsulu və vasitəsidir. Birincisi, bütün partiyaların (materialist dinlərin) məzmun və mahiyyəti kapitalın maraqları çərçivəsi daxilində olduğundan, onların hansının əvvəlcədən müəyyən edilmiş müddət ərzində dövləti idarə etməsi cəmiyyətin mütləq əksəriyyətini təşkil edən kapitalsız (mülkiyyətsiz) vətəndaşların ədalətsiz istismarına son qoymur. Yəni, mövcud ədalətsiz quruluşun mahiyyətini dəyişmir.
İkincisi, seçicilərin mütləq əksəriyyəti konkret dövlət mexanizminin konstruksiyasından asılı olaraq seçilən prezidentin, baş nazirin və s. biliyi, mənəvi və s. xüsusiyyətlərini bilmir, hətta onu şəxsən tanımır. Seçicilər faktiki olaraq irəli sürülən namizədlərin onlara təbliğ edilən obrazına kor-koranə səs vermiş olurlar. Bu da əslində, idealist dinlərdə olduğu kimi insanların hər hansı bir dini, onun təriqətini kor-koranə təqlidçilik yolu ilə qəbul etməsinin eynidir. Yəni, materialist dinlərin fəaliyyətinin təmin edilməsi üçün onlara verilən hüquq və demokratiya nəticə etibarı ilə saxtadır...
(Davamı var)
Şapur QASİMİ
(Xüsusi olaraq “Təzadlar” üçün)