Azərbaycanda qeydiyyatda olan rezident şirkətin qeyri-rezidentə Azərbaycan ərazisinə daxil olmadan digər ölkələrarası beynəlxalq daşımaya görə ödədiyi məbləğlərdən ödəniş zamanı hansı vergilər tutulmalıdır?
TEZADLAR.AZ xəbər verir ki, suala cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur. Azərbaycan mənbəyindən əldə olunan gəlirlər dedikdə, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində qeyd olunan gəlirlər nəzərdə tutulur.
Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrinin 6 faizi vergiyə cəlb olunur. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri vergitutuma obyekti deyil. Bu baxımdan sorğuda qeyd olunan xidmət ödəmə mənbəyində vergiyə cəlb edilmir.
Əlavə olaraq nəzərə çatdırılır ki, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə əsasən, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə 0 dərəcə ilə cəlb olunur. Tranzit və beynəlxalq daşıma anlayışları Vergi Məcəlləsinin 13.2.33-cü maddəsi ilə tənzimlənir.
Azərbaycan Respublikası ərazisindən tranzit - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikasının ərazisi ilə daşınmasıdır. Beynəlxalq daşıma isə yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.
Sorğuda qeyd olunan daşıma beynəlxalq və tranzit daşıma sayılmır və ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.
JASMİN