Daha bir restoranda sanitariya normaları pozulub

Gəncə şəhəri, Nizami küçəsi, ev 70 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədova Fidan Çingiz qızına məxsus “Nostalji” restoranında həyata keçirilmiş planlı yoxlama zamanı mal qonşuluğu prinsipinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib.

Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən həyata keçirilən yoxlama zamanı restorandakı soyuducu kameralarda qida xammalı və yarımfabrikatların hazır yeməklərlə birgə saxlanıldığı, sanitar qovşağına girişin birbaşa emal və istehsal prosesləri gedən sahələrdən olduğu, mətbəxdə məişət tullantıları üçün hermetik zibil qabların quraşdırılmadığı, eyni zamanda işçi heyətin ilkin və dövrü olaraq tibbi müayinədən keçmədiyi və gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi müəyyən olunub. Faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib.

 Xatırladaq ki, AQTA ötən ay da Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küç., ev 88, m.5 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” restoranında plandankənar yoxlama aparmışdı. Həmin yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı məlum olmuşdu. Belə ki, müəssisənin mətbəx sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalın qəbulu və saxlanılması, yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, müəssisədə müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müəssisədə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Çox təəssüf ki, bir çox restoran, kafe və ş. sahibləri AQTA-nın apardığı araşdırmalar zamanı aşkarladığı nöqsanlardan yenə də dərs götürmürlər.

Yenə də gigiyena normalarını pozurlar, ərzaqları düzğün şəraitdə saxlamırlar, işçilər tibbi müayinədən keçirilmir və ilaxır… Və bir gün bu pozuntulara görə cəzalandırılırlar.

AQTA isə yoxlamaları davam etdirir və unutmayın ki, bir gün sizin də qapınızı döyə bilər…

 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN