METRODA TƏHLÜKƏSİZLİYİMİZ QORUNURMU, YAXUD NECƏ QORUNUR?
...Bu gün sosial şəbəkələrdə naməlum şəxsin əlində balta ilə Bakı Metropolitenində canlı görüntü açaraq vətəndaşları təhdid etdiyi video yayılıb. O, əlindəki sellofan paketə bükülmüş baltanı göstərərək, Allaha and içir ki, görkəmi onun ürəyincə olmayan adam görərsə başını kəsəcək...
İzah edilməli tərəf çoxdur əslində. Amma və lakin... Nəzərinizə çatdırım ki, hamımızın bildiyimiz və gördüyümüz yoxlayıcı aparatları xaricdən od qiymətinə alınır... Dövlət büdcəsindən vəsait ayrılıb. Bu da ilbəil qiymətlərini qaldıran metropolitenin stansiyalarında-vaqonlarında vətəndaşların təhlükəsizliyini həyata keçirmək məqsədi daşıdığından təqdirəlayiq bir işdir.
Xatırlayırsızsa, Bakı metropolitenində dəfələrlə terror aktları baş verib. Məhz bu faktların bir daha baş verməməsi üçün dövlətimiz tərəfdən bu cür təhlükəsizlik tədbirləri həyata keçirib. Demək olar ki, yüksək səviyyəli mühafizə həyata keçirilir, hətta əksər vaxtlarda xanımların kiçik ölçüdə olan əl çantaları, uşaqların əl çantaları da yoxlama aparatından keçir. Lakin hər gün metrodan istifadə edən vətəndaş, sərnişin kimi mən də dəfələrlə mühafizəyə səhlənkar yanaşıldığının şahidi oluram. Məsələn, aparata qoyulan çantalara monitorda baxılmır, çox vaxt da, hətta aparatların yanında polis nəfərləri olmur.
Təbii ki, bu da sərnişinlərin həyatını təhlükəyə atan addımdır. Çünki diqqətdən yayınan hər hansı bir cinayətkar metrodan istifadə edən minlərlə sərnişinin həyatını risk altına ata bilər.
Bu gün metroya daxil ola bilən əlibaltalı sərnişin də böyük bir təhlükə mənbəyi, minlərlə sərnişinin həyatına təhlükə yarada bilən bir səbəbidir. Sərnişinin hələlik birinci hansı stansiyada baltanı içəri daxil etməsi haqda və şəxsiyyəti haqda məlumat əldə olunmayıb.
Bu istiqamətdə tədbirlər həyata keçirilir. Maraqlıdır, o sərnişin o boyda baltanı, polislərin gözü qarşısında ora necə keçirib? Stansiyada əlində baltanı göstərərək təhdid videosu çəkib yayır da. Deməli, biz sərnişinlərin həyatı, hətta Bakı metrosunda quraşdırılmış on minlərlə manat qiyməti olan aparatların və polislərin əhatəsində belə təhlükədən sığortalanmayıb.
Görəsən, o sərnişinin dediyi kimi, hətta Allaha and içib vəd verdiyi kimi, qarşısına qaşı alınmış, lap tutaq ki, cinsi azlıqlara aid adam çıxsa, o da dediyi kimi baltayla xəsarət yetirsə, buna kim cavabdeh olacaq? Metroda semiçka çırtlayıb, qızlara baxan polis işçiləri, yoxsa...
Hələlik bu YOXSAların cavabı YOXDUR!!!
Sevinc MURADXANLI