Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı onlayn yolla narkotik maddələrin satışını həyata keçirən, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 8 mütəşəkkil dəstə və onun 59 nəfər üzvü saxlanılıb. Təsəvvür edin ki, bu şəxslərdən ümumilikdə 331 kiloqram narkotik vasitə və psixotrop maddə, 2261 ədəd psixotrop tərkibli həb, 2921 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu, 2 ədəd tapança və soyuq silah qismində istifadə edilən digər əşyalar aşkar edilib. Nəticədə Fərid Cəfərov, İmamqulu Bədirov, Seyidrza Ağamı, İlkin Abbasov, Sərxan Məmmədov və Şamil Sadıxov tutulub.
Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 204 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 156 kiloqram heroin, 32 kiloqram marixuana, 16 metamfetamin, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə olunan plastik kartlar aşkar edilib.
Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq daha 53 nəfər saxlanılıb. Onlardan 127 kiloqram müxtəlif növ narkotik vasitə, elektron tərəzilər, psixotrop tərkibli həblər, narkotiklərin onlayn satışında istifadə olunan plastik kartlar aşkar olunub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib. Bir daha vətəndaşları sağlam gələcək naminə onları narkotiklərdən uzaq durmağa və polis əməkdaşları ilə həmrəy olmağa çağırırıq.
***
Bu məlumat DİN-nin yaydığı həyəcan siqnallı məlumatdır. Bəs vətəndaşlar bu çağırışa necə səs verir? Təsəvvür edirsinizmi, bu gün həbsxanalarda cəza çəkənlərin böyük əksəriyyəti təkrar cinayət törədənlərdir və ağrılı da olsa, onların 60 faizdən çoxu məhz narkomaniya ilə bağlı olanlardır.
Ən aörılı olan isə budur ki, bu bəlanın kökü kəsilmir. DİN vətəndaşdan kömək və dəstək istəyir, vətəndaş isə narkomaniyaya qurşanır...
A.Məmmədli