İllər öncəsi FHN-nin divarları arasında baş vermiş qeyri-etik (yumşaq desək) görüntülər bir neçə gün öncə sosial şəbəkələrə, oradan da KİV-ə sızdırılıb.
İndi niyə sızdırılıb bu, başqa mövzudur...
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin adlarını belə, çəkmək istəmədiyimiz qadın və kişi işçisi (həm də yüksək vəzifəliləri) arasında baş verənlər sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.
...Hətta bəziləri qadının buna vadar edildiyini, kişi məmurun vəzifəsindən sui-istifadə etdiyini də vurğulayırlar. Amma görüntüdən də aydın olur ki, qadın işçi öz xoşu ilə qapının açarlanmasını seyr edir...
Diqqət çəkən odur ki, bu müzakirələrdə, yazmalarda-pozmalarda insanlar daha çox “mehriban işçiləri” topa tutmaqla məşğuldur. Əsas məsələ isə dövlət qurumuna (qurumlarına) qarşı insanların inamının itirilməsidir. Yəni ciddi bir dövlət qurumunda çalışanların imicinə ağır zərbədir. Belə qurumlarda nə qədər qadın-qız çalışır. Onların ailəsi nə düşünə bilər? Dərd budur! Onsuz da hələ də cəmiyyətimizdə qadınların çalışmasına, təhsil almasına mane olanlar çoxluq təşkil edir. Və ciddi bir dövlət qurumunun divarları arasında belə yaramazlığın baş verməsi cəmiyyəti qıcıqlandırır, ciddi mesaj verir, qadınlara qarşı basqıları artırır.
Məsələnin digər tərəfi - heç kəsə sirr deyil ki, belə “mehriban işçilər” bir çox dövlət, özəl qurumlarda və s. var. Bunu heç kəs inkar edə bilməz. Ola bilsin ki, belələrinin bir çoxu “İşdə məhəbbət macərası”nın bugünkü qəhrəmanları kimi bunu iş yerində büruzə vermirlər...
Bəli, FHN-də baş verdiyi iddia edilən bu görüntülər biabırçılıqdır, əxlaqsızlıqdır, lakin onu telefonu (bəlkə kameradı) ilə çəkən də, yayan da əxlaqdan uzaq adamlardır.
Qurumdan isə açıqlama verilib ki, məsələ araşdırılacaq...
P.S. İndi çoxu daşlayır bu “yasaq aşk” qəhrəmanlarını... Amma vay o gündən ki, əxlaqsız da bir daş ata...
U.HƏSƏNSOY