Belarusda dövlətə xəyanətə görə məmurlar üçün ölüm cəzası tətbiq edilib.
Belə ki, Belarus prezidenti Aleksandr Lukaşenko məmur və ya hərbçi tərəfindən dövlətə xəyanətə görə ölüm cəzasının nəzərdə tutulduğu qanunu imzalayıb.
Belarus prezidentinin rəsmi saytı xəbər verir ki, cümə axşamı, martın 9-da Belarus prezidenti Aleksandr Lukaşenko “Cinayət məsuliyyəti haqqında məcəllələrə dəyişiklik edilməsi haqqında” qanunu imzalayıb.
“Qanunda vəzifəli şəxs tərəfindən dövlətə xəyanətə görə cinayət məsuliyyətinin dövlət vəzifəsini tutan bütün şəxslərə şamil edilməsi nəzərdə tutulur. Eyni zamanda, vəzifəli şəxs və ya hərbi qulluqçu tərəfindən dövlətə xəyanətə görə müstəsna cəza tədbirinin - ölüm hökmünün tətbiqi mümkünlüyü tətbiq edilir”, - deyə məlumatda bildirilir.
Bundan başqa, bu qanun terrorizmin təbliğinə, Silahlı Qüvvələrin nüfuzunu itirməyə və dövlət sirrinin mühafizəsi tələblərinin pozulmasına görə də cinayət məsuliyyəti nəzərdə tutur.
Həmçinin dövlətə xəyanətdə, dövlət hakimiyyətini ələ keçirmək məqsədi ilə sui-qəsddə və ya digər hərəkətlərdə, casusluqda və məxfi fəaliyyətdə şübhəli bilinən şəxslərin həbs müddəti 3 gündən 10 günə qədər artırılır.
Əvvəllər Belarusda ölüm cəzası yalnız ağırlaşdırıcı şəraitdə qəsdən insan həyatından məhrum etməklə cinayətlər törətmiş, habelə terrorizmə cəhdə görə 18-65 yaş arası kişiləri təhdid edirdi.
Hal-hazırda Belarus Avropa və MDB məkanında ölüm cəzasının tətbiq edildiyi yeganə ölkədir.
Əhalinin siyahıyaalınması və demoqrafiya ilə məşğul olan Ümumdünya Əhali İcmalına (WPR) görə, 2021-ci ilin sonunda ABŞ, Çin, Əfqanıstan, Hindistan, İran, Braziliya, Kuba, Çili, Tayvan, Tayland, Sinqapur və Yaponiya da daxil olmaqla dünyanın 55 ölkəsində ölüm hökmü saxlanılıb.
Qeyd edək ki, ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır.
Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib.
Məlumatlara görə, Azərbaycanda ölüm hökmü vaxtilə Bayıl həbsxanasında, "ölüm kamerası" adlanan otaqda yerinə yetirilib. Cəza yalnız bir üsulla – güllələnmə ilə icra olunub. O zamanlar həbsxanada çalışmış insanların sözlərinə görə, ölüm cəzası almış məhkumlar "ölüm kamerası"na gözübağlı gətirilirmiş. Burada məhkumun əziyyətsiz ölməsi üçün ürəyinə bir atəş açılırmış.
Bayıl həbsxanasında çalışan şəxslərin dediklərinə görə, uzun illər burada erməni millətindən olan şəxslər cəlladlıq edib. Erməni cəlladlar məhkumları xüsusi amansızlıq və əzabla öldürürmüşlər. Ötən əsrin 30–50-ci illərində Bayıl həbsxanasında başqa bir edam növü – suda boğma da tətbiq edilib...
Y.MƏMMƏDLİ