Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov nələri açıqladı?
Artıq sirr deyil ki, Azərbaycana molla və narkotik eksport edən İranın həm də sənaye malları ciddi müzakirə mövzusudur. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov «Təzadlar»a açıqlamasında aşağıdakıları bildirdi:
-Təəssüf ki, ölkə bazarında xoşagəlməz hallarla rastlaşmağa davam edirik. Bu günlərdə bir vətəndaş tərəfindən üzərində bizim dildə heç bir yazısı olmayan qabyuyan maye barədə məlumat vermiş və nümunəni ofisimizə gətirmişdir. Nümunə əsasında apardığımız araşdırma nəticəsində çox ciddi bir məsələ ilə üzbəüz olduğumuzu anladıq. Araşdırma nəticəsində bu məhsulun İrandan qeyri-qanuni yolla gətirildiyinin qənaətinə gəldik. Bazara qeyri-qanuni yolla daxil olan qabyuyan mayedə şübhəli məqamlar az deyil. Belə ki, məhsulun üzərində məlumatlar, ancaq farscadır. Yerli istehlakçılar üzərində farsca yazılan məhsulun tərkibində hansı maddələrin olduğunu, istifadə müddətini və istifadə qaydalarını oxuya bilmir. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının qanunda, Nazirlər Kabinetinin 94 saylı qərarında birmənalı şəkildə qeyd olunur ki, ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən qabyuyan maye xarici dillə yanaşı, milli dildə də markalanmalıdır. Bu istehlakçının beynəlxalq və yerli hüquqlarından biridir ki, mal haqqında səhih informasiya alsın. Bununla bərabər, dövlət qurumlarının nəzarəti xaricində idxal edilən bu mənşəyi məlum olmayan məhsulun keyfiyyəti də şübhə doğurur. İnsan sağlamlığını təhlükə qarşısında qoyan məhsul dəriyə təmas etdikdə qıcıqlanma, gözə sıçramasında isə müxtəlif fəsadlar törədə, hətta insanın görmə qabiliyyətini itirməsinə də səbəb ola bilər.
Araşdırmalar göstərir ki, adıçəkilən qabyuyan maye Bakıda, Sumqayıtda, Cənub Bölgəsində və Şimal Bölgəsində, eləcə də Astara gömrük civarındaki məntəqələrdə satışdadır. Azərbaycan Respublikasının aidiyyatı orqanları tərəfindən nəzarət olunmadan İrandan gətirilən bu qabyuyan mayenin ölkə bazarına daxil olması istehlakçıların hüquqlarını pozmaqla bərabər, ölkə iqtisadiyyatına da çox ciddi zərər vurur. Təəssüflə qeyd edirəm ki, əmtəə bazarının bu seqmentində qanuni fəaliyyət göstərən biznes qurumları bazarın bu seqmentində araşdırmalar aparmırlar. Bu məhsul Azərbaycan iqtisadiyyatı, insanlarının sağlamlığı ilə bərabər, ətraf mühit üçün də təhlükəlidir. Belə ki, məhsulun tərkibi və göstəriciləri məlum olmadığı üçün təbiətdə parçalanma müddəti də naməlumdur ki, məişət sularına qarışdıqdan sonra təbiətə axıdılarkən ekologiyaya da ciddi zərər verə bilər. Ölkəmizə gətirilən bu qabyuyan maye insan dərisi üçün olduqca təhlükəli ola bilər. «Təzadlar» vasitəsilə məsul dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasına dəstək vermələrini xahiş edirəm. Durum olduqca ciddi və təhlükəlidir. Azad İstehlakçılar Birliyi olaraq mövzunu diqqətdə saxlayırıq…
Dinlədi: A.Məmmədli