Sabunçu rayonunda zibillikdən tapılan körpənin vəziyyəti açıqlanıb.
TƏBİB-dən verilən məlumata görə, körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub.
Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır.
Xatırıldaq ki, ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, dərhal Polis Şöbəsinin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib.
Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.
Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarında əks olunub.
TEZADLAR.AZ