Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Atakişili kənd sakini Razim Kərimov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman təmiz çəkisi 375 qram olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbiri zamanı isə rayonun Pirili kənd sakini Nofəl Zeynalov da saxlanılıb. Onun üzərindən isə kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanıb.
Hər iki faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.