Tural Hüseynov: “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin şöbə rəisi Abbasov Fəxrəddin Cəbrayıl oğlunun verdiyi rəy tamamilə ziddiyyətlidir və iş üzrə əvvəllər təyin edilmiş 2 ekspert rəyində şikayətçi Nurəddin Niftəliyevin bədənində heç bir xəsarət aşkarlanmadığı qeyd edilmişdir…»

“Tezadlar.az” saytının 06.10.2023-cü il tarixli buraxılışında “Nərimanov prokuroru “Şakir” MTK-nın 90 min dollarlıq dələduzluğunu himayə edirsə...” başlıqlı yazı dərc edilmişdir. Yazıda Bakı şəhər sakini, birinci Qarabağ döyüşünün qazisi Niftəliyev Nurəddin Xasay oğlunun “Şakir” MTK-nın rəhbərliyi tərəfindən başına gətirilən müsibətlərdən söhbət açılır. Şikayətçinin əməkdaşımıza verdiyi müsahibəsinə və yazılı ərizəsinə istinadla qeyd edilirdi ki, o, “Şakir” MTK-ya 90 min dollar ödəyərək, Nərimanov rayonu ərazisində 165 kvm sahəsi olan mənzil  almaq istəyib. Lakin həmin mənzilə gələrkən görüb ki, burada Rüstəmova Venera Əhəd qızı yaşayır. 2017-ci ildə baş verən bu hadisədən sonra şikayətçi N.Niftəliyev hələ də bu MTK-nın rəhbəri Tural Hüseynovdan nə evini, nə də 90 min dollar pulunu ala bilir.

 Yazıda daha sonra qeyd edilirdi ki, bu azmış kimi, şirkətin rəhbəri Tural Hüseynov N.Niftəliyevi məsələni sülh yolu ilə həll eləmək üçün Nərimanov rayonu ərazisində yerləşən “Dostluq” kafesinə dəvət edir. N.Niftəliyev kafeyə gələndə  Turalla birlikdə 2 nəfərin də bir yerdə yeyib-içdiyini görür. Elə yaxınlaşan zaman oğlu kimi Turala müraciət edərək, bildirir ki, onun ya pulunu, ya da mənzilini versin, bununla da məsələ bitsin. Bu müraciətə cavab olaraq, N.Niftəliyevin bizə bildirdiyinə görə, T.Hüseynov ayağa qalxaraq onu sinəsindən vurur və ehtiyatda olan polis zabiti və 1-ci Qarabağ müharibəsi veteranı Nurəddin Niftəliyev yerə yıxılır. Bu zaman qanunu oğlu kimi təqdim edilən “İzi” ləqəbli Səfərov İlizibar Vilayəddin oğlu da Turalla birlikdə N. Niftəliyevi  döyməyə başlayır. Bu döyülmə zamanı, Nurəddin kişinin bildirdiyinə görə, 6 dişi tökülüb, qarnında şiş yaranıb, dizində ağrılar əmələ gəlib ki, ona da yeriməyə mane olur. O, aidiyyəti üzrə şikayət verir, lakin Nərimanov RPİ-nin ictintaq şöbəsində araşdırma aparılır, amma bütün bu məsələlərdə də Nərimanov Rayon Prokurorluğu və Polis İdarəsi bu hadisəni ört-basdır etməyə çalışırlar və s. Hadisənin qısa mahiyyəti belədir.

***

Yazı saytda dərc edilən gün “Şakir” MTK-nın rəhbəri Tural Hıüseynov redaksiyamızla telefon əlaqəsi saxlayıb N.Niftəliyevin söylədiklərinin şər və böhtan olduğunu bildirdi. Bu səbəbdən T.Hüseynovun əks tərəf kimi, cavab hüququnun olduğunu bildirərək, onu redaksiyamıza dəvət etdik. T.Hüseynov səhəri gün özünün vəkili Asif Mədətovla redaksiyamıza təşrif buyurdu. Söhbətimiz zamanı T.Hüseynov və vəkili A.Mədətov bildirdilər ki, N.Niftəliyevin danışdıqlarının heç bir əsası yoxdur. T.Hüseynovun dedikləri: “…N.Niftəliyev bir müddət mənim yanımda hüquqşünas kimi, qeyri-rəsmi olaraq işləyib. Mən onu şirkətlə bağlı hüquqi problemləri araşdırmaq üçün müəyyən işlərə göndərirdim, vətəndaşlarla hüququ söhbətlər aparırdı və s. Əmək haqqını da nağd şəkildə, gah 30, gah 40, gah da 50 manat cibimdən ödəyirdim. Keçmiş polis işçisi olduğundan fikirləşirdim ki, məsuliyyətli olar, işinə vicdanla yanaşar. Amma gördüm ki, tədricən onun apardığı işlər mənim əleyhimə yönəlib. Ona görə də N.Niftəliyevi yanımdan uzaqlaşdırdım. Sonralar öyrəndim ki, polisdə işləyəndə qanun pozuntularına yol verib, bu səbəbdən də işdən yaxşı adla çıxmayıb. Sizə dediyi kimi, ev almaq məqsədilə bizə heç bir pul ödəməyib. Sizə söylədikləri başdan-ayağa yalandır. N.Niftəliyevin döyülməsinin də şər və böhtan olduğu sənədlərlə sübut olunub”.

T.Hüseynov dediklərinin doğru olduğunu sübut etmək üçün özü ilə bir neçə sənəd də gətirmişdi. Həmin sənədlərin biri vəkilin telefonunda PDF formatında olan və müstəntiqin 21 sentyabr 2023-cü il tarixli qərarı idi. Həmin qərardan da görünürdü ki, N.Niftəliyevin döyülməyinə görə Nərimanov RPİ-də aparılmış araşdırma və təhqiqatın sonunda cinayət işinin başlanması rədd edilib. Amma təəssüf ki, həmin sənədin surətini nə T.Hüseynov, nə də vəkili bizə təqdim etmədi. Bu, bizim üçün bir az qranlıq qaldı. Bununla belə, «Media haqqında» qanuna uyğun olaraq T.Hüseynovun dediklərini və təqdim etdiyi sənədləri oxuyub onun fikirlərini dərc etməli olduq.

 T.Hüseynov vaxtilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və bir çox güc strukturlarının rəhbərlərinə ünvanladığı məktubun surətini də bizə təqdim etdi. Həmin məktubda oxuyuruq: “Bildirirəm ki, özünü zərərçəkmiş şəxs qismində qələmə verən Niftəliyev Nurəddin Xasay oğlu 18.10.2021-ci il tarixdə ərizə ilə Daxili İşlər Nazirliyinə müraciət edərək, təxmənən bir ay əvvəl, 20.09.2021-ci il tarixdə Hüseynov Tural Şakir oğlu və Səfərov İlizbar Vilayəddin oğlu tərəfindən Nərimanov rayonu ərazisində yerləşən “Dostluq” kafesində döyüldüyünü bildirmişdir. Belə bir hadisənin olmadığını mən və İlizbar Səfərov polisdə izahat verərək, bildirmişik. Bundan əlavə, Nurəddin Niftəliyevin guya özünün döyüldüyünü iddia etdiyi “Dostluq” kafesində ofisiant kimi çalışan şəxs də öz izahatında hər hansı bir mübahisə və dava-dalaşın şahidi olmadığını bildirmişdir. 05.11.2021-ci il tarixli 828 saylı məhkəmə-tibbi ekpertizanın rəyinə əsasən vətəndaş Niftəliyev Nurəddin Xasay oğlunun bədənində heç bir xəsarət aşkarlanmadığı bildirilir. Həmçinin qeyd edilir ki, həkim-travmatoloq tərəfindən qoyulan “sol diz oynağının gonartrozu” diaqnozu nozoloji xəstəlikdir və travma ilə səbəbli əlaqəsi yoxdur. Qeyd edilən sübutlar nəticəsində Nurəddin Niftəliyevin şikayətinin şər və böhtan xarakterli olması sübuta yetirilərək, Nərimanov RPİ-nin 31.01.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra, Nərimanov RPİ-nin baş müstəntiqi Elnur Məmmədov tərəfindən həmin iş materialları icraata götürülərək, yenidən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 02.09.2022-ci il tarixli 929 saylı ekspert rəyinə əsasən yenə də vətəndaş Niftəliyev Nurəddin Xasay oğlunun bədən səthində heç bir xəsarət aşkarlanmadığı göstərilmişdir.

 Buna baxmayaraq, iş üzrə müstəntiq tərəfindən 3-cü dəfə ekspertiza təyin edilmiş və “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin şöbə rəisi Abbasov Fəxrəddin Cəbrayıl oğlu tərəfindən 23.11.2022-ci il tarixdə, 528/2022 saylı ekspert rəyi verilərək, tamamilə qanunsuz və əsassız olaraq, guya vətəndaş “N.Niftəliyevdə sol diz oynağında “incik sümüyünün başaltı nahiyəsində subkortikal qatının postravmatik qabarmasından sonrakı qalınlaşması  olmuşdur. Qeyd edilən xəsarət bərk, küt əşyanın (əşyaların) təsirindən, kənar şəxs tərəfindən həmin nahiyəyə zərbələr yetirməsi nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda göstərilən 20.09.2021-ci ilə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir” – rəyi verilmişdir”.

“Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin şöbə rəisi Abbasov Fəxrəddin Cəbrayıl oğlunun verdiyi rəy tamamilə ziddiyyətlidir. Çünki iş üzrə əvvəllər təyin edilmiş 2 ekspert rəyində Nurəddin Niftəliyevin bədənində heç bir xəsarət aşkarlanmadığı qeyd edilmişdir. Necə olur ki, N.Niftəliyevin iddia etdiyi “hadisə”nin baş verməsində 1,5 ay sonra təyin edilmiş ekpertiza xəsarəti aşkar etmir, lakin Fəxrəddin Abbasov tərəfindın həmin tarixdən 1,5 il sonra keçirilən ekspertiza xəsarətin olduğu qənaətinə gəlir və həmin xəsarətin 1,5 il əvvəl vurulduğunu, hətta xəsarətin vurulma gününə qədər (20 sentyabr 2021) müəyyən edə bilir? Mən Niftəliyev Nurəddinin şantajçı olduğunu istinqata sübut etmək üçün onunla görüşüb, xahiş etdim ki, mənim barəmdə istintaqa verdiyi ifadəsini dəyişə bilərmi? O da razılaşaraq məndən 1500 manat pul aldıqdan sonra öz xətti ilə xeyrimə ərizə yazıb, daha sonra mənimlə Nərimanov RPİ-ə getdi. Birlikdə mənimlə müstəntiqin yanında əvvəl istintaqa verdiyi ifadəsinin səhv olduğunu, Tural Hüseynovun onu vurmadığını, həmin vaxt əsəbi və huşsuz halda olmağını xüsusi ilə istintaqa bildirərək, yenidən ifadə və izahatının alınmasını istəmişdi. Hətta ifadəsinə yenə yalan əlavə edərək onu xeyrinə əvvəllər şahidlik edən şəxsin vurduğunu deyərək, istintaqa bilərəkdən yalan danışmışdı. Hətta fərqli üsullarla məndən pul istəmişdi. Qeyd edim ki, Niftəliyev bundan əvvəl də bizim tanıdığımız şəxslərdən mənə qarşı yalan sözlərlə şahid durmalarını istəmiş və öz nüfuzundan “mən keçmiş polis əməkdaşıyam” – deyərək istifadə etməyə çalışmışdır…».

 Söhbətimizin sonunda T.Hüseynov belə bir xahiş etdi: “Sizdən xahiş edirəm burada dediklərimi olduğu kimi və təqdim etdiyim sənədləri oxuyub, mənim şər və böhtana məruz qalmağım haqqında yazı dərc edəsiniz”.

 Göründüyü kimi, əks tərəf olaraq T.Hüseynovun dediklərini və təqdim etdiyi rəsmi şikayətini olduğu kimi dərc etdik. İnanırıq ki, tərəflər bundan sonra ortaq məxrəcə gələrək yaranmış problemin həllinə çalışacaqlar.

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN