Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən dəstə üzvləri - əvvəllər məhkum olunmuşlar Sənan Cəfərov, İlkin Əhmədov və Səfiyar Allahyarov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, onların üzərindən, ev və avtomobillərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 297 ədəd metadon həbi aşkarlanıb.
Hər üç şəxs ifadələrində maddi qazanc əldə etmək məqsədi ilə narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
S.Cəfərov, İ.Əhmədov və S.Allahyarovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
R.XUDATQIZI