...Azərbaycanda bəzi saytların bloklanmasından danışılsa da, bu barədə dəqiq məlumat verilmir...
Maraqlıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan beş şikayət üzrə kommunikasiyaya başlayıb. Onlardan 4-ü Azərbaycan ərazisində bloklanmış saytlarla bağlıdır. Bu barədə Turan-a hüquq sahəsində ekspert Xalid Ağəliyev bildirib. Onun sözlərinə görə, sözügedən işlər üzrə ərizəçilər "Azadlıq” radiosu" (azadliq.org), anaxeber.az, 24saat.org və xural.com saytlarıdır. Rabitə Nazirliyinin təqdimatı əsasında məhkəmələrin qərarları ilə Azərbaycanda bu resurslara giriş məhdudlaşdırılıb. Bu qərarlar milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayiş və iğtişaşların qarşısının alınması mülahizələrilə əsaslandırılıb. Ağəliyev qeyd edib ki, ərizəçilər Avropa İnsan Hüquqları Məhkəməsindən onların hüquqlarının Avropa İnsan və Azadlıqları Konvensiyasının 10-cu (ifadə azadlığı), 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) və digər maddələrlə pozulmasının tanınmasını xahiş edirlər. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə müvafiq sorğular göndərib. Həmçinin Strasburq məhkəməsi saytların bloklanmasında siyasi motivlərin olub - olmaması barədə açıqlama istəyib.
A.Məmmədli