Bakıda ana və övladlarının qətlə yetirilməsinin yeni təfərrüatları ortaya çıxıb.
Yayılan məlumatlara görə, ailənin yaxın qohumu olan şübhəlinin (qadının bacısının əri) 23 min manat borcu olub. Bu səbəbdən Əhəd Əliyev qohumunu öldürmək və əldə etdiyi pulla borcunu bağlamaq istəyib.
Qətlə yetirilən Gülnar Qaraxanovanın əri "TIR" sürücüsü olub, onun ölkə xaricində olduğunu öncədən bilən Ə.Əliyev hadisəni törədərək əslində evdən 20 min manat deyil, 43 min manat pul oğurlayıb. O, quldurluq yolu ilə ələ keçirdiyi puldan 23 minini borcunu bağlamaq üçün istifadə edib.
Qeyd edək ki, ana və onun övladlarını qətlə yetirməkdə şübhəli bilinən Əhəd Əliyevin əvvəllər Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışdığı barədə xəbər yayılmışdı. Bu barədə report-a onun yaxınları məlumat verib.
Məktəbdən isə faktı təsdiqləyiblər. Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən Əhəd Əliyev, təxminən 2007-2014-cü illərdə məktəb direktoru vəzifəsində çalışıb: "O, Sabirabad rayonunda yaşayırdı. Prokurorluq nümayəndələri başqa bir işlə bağlı direktorun fəaliyyət dövrünü əhatə edən sənədləri Saatlı Rayon Təhsil Şöbəsindən götürüblər”.
Vurğulanıb ki, Əhəd Əliyevin fəaliyyətində nöqsanlara yol verdiyinə görə, həmin dövrdə işi məhkəmədə olub: “Yazı işlərində qanunsuzluq etmişdi. Araşdırmalar aparıldı. Ödənişləri ödətdirdilər, işə xitam verildi”.
Xatırladaq ki, dünən Bakıda ana və iki azyaşlı övladı qətlə yetirilib. Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları - 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətl etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Yəqin ki, baş verən dəhşətli qətl hadisəsinin daha dəqiq səbəblərini hüquq-mühafizə orqanları ictimaiyyətə açıqlayacaq.
TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ