Həm Rusiyaya, həm də Belarusa qarşı...
Polşanın Baş Prokurorluğu Ukraynaya hücumla bağlı cinayət işi açıb.
Bunu Varşavada jurnalistlərə Polşanın ədliyyə naziri, baş prokuror Zbiqnev Zebro bildirib.
Zebro bəyan edib ki, Polşa prokurorluğu Ukrayna dövlətinin və Ukraynanın qurbana çevrildiyi hərbi hücum cinayəti ilə bağlı araşdırmaya başlayıb.
Onun sözlərinə görə, müstəntiqlər əvvəlcə Ukraynada baş verənləri sənədləşdirməklə məşğul olacaqlar.
"Bu istintaq çərçivəsində biz bütün hadisələri prosessual şəkildə sənədləşdirəcəyik, bu da sonradan bu cinayətə görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq məsuliyyətə, cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas olacaq", - deyə baş prokuror vurğulayıb.
Qeyd edək ki, cinayət işi “2022-ci il fevralın 24-də Rusiya hakimiyyəti tərəfindən Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə qarşı hərbi hücumun başlanması və Belarus Respublikasının hakimiyyət orqanları ilə birlikdə və razılaşdırılmaqla silahlı qüvvələrin hərbi hücumunun davam etdirilməsi, hansı ki, bu ölkənin ərazisini Ukraynaya qarşı təcavüzkar hərəkətlər etmək üçün təmin edib” faktı üzrə, Polşa Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci bəndi ilə başlanıb.
Xatırladaq ki,Ukraynaya qoşun yeridilməzdən bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının növbədənkənar geniş iclasından sonra Rusiya Federasiyası vətəndaşlarına müraciət edərək, “LXR” və “DXR”-ın suverenliyinin dərhal tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini söylədi. Müraciətdən dərhal sonra prezident Putin Kremldə “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.
Fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.
Hazırda Ukraynada qızğın döyüşlər gedir. Ukrayna mətbuatının son məlumatına görə, Rusiya qoşunları Kiyevdəki televiziya qülləsinə də zərbələr endiriblər.
Qeyd edək ki, dünən Rusiya və Ukrayna nümayəndə heyətinin müharibənin dayandırılması ilə bağlı görüşü nəticəsiz olub.
JASMİN