Rusiya Federasiyasında fəaliyyət göstərən diaspor fəalı Araz Mürsəliyev barəsində axtarış elan olunub.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, Mürsəliyev Araz Oqtay oğlu Cinayət Məcəlləsinin 311.3.2 (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma)və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilir. Araz Mürsəliyev barəsində məhkəmə qərarı ilə axtarış elan edilib.
Qeyd edək ki, "Xalqlar Dostluğu" xeyriyyə Fondunun prezidenti, Rusiya Xalqlar Assambleyasının sədr müavini olan Araz Mürsəliyev 2017-ci ildə Rusiya prezidenti yanında millətlərarası münasibətləri Şurasının miqrasiya məsələləri üzrə Komissiyasının qərarı ilə millətlərarası münasibətlər üzrə prezident Şurası işçi orqanı yanında fəaliyyət göstərən ekspert qrupunun tərkibinə daxil edilib.
O, Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü, Dövlət Dumasının deputatı, "Yedinnaya Rossiya” fraksiyasının üzvü Hacımət Səfərəliyevin köməkçisi olub.
Xatırladaq ki, Araz Mürsəliyev hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin bacısı oğludur.
Azərbaycan Beynəlxalq Universiteti (ABU) 1997–2010-cu illərdə fəaliyyət göstərib.
ABU Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu almışdı. Universitet, həmçinin Ədliyyə Nazirliyinin 17 oktyabr 1997-ci il tarixli 15 saylı şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçmişdi. 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48–11-4058/16 nömrəli qərarı ilə ilk dəfə, 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb. 2010-cu il iyulun 8-də ABU-nun lisenziya müddəti bitdiyi üçün bu məsələyə yenidən baxılıb. Ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə yaradılan ekspert qrupu ABU-da ciddi pozuntular aşkarlayıb. Hazırlanmış arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunub. Lisenziya Komissiyasının yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən ABU-nun fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli 003283 №-li xüsusi razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunub.
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rəsm olaraq fəaliyyəti 2010-cu ildə dayandırılıb. 2010-cu il sentyabrın 1-də sabiq təhsil naziri Misir Mərdanov bununla bağlı əmr imzalayıb.
JASMİN