Müdafiə Nazirliyində DTX-nın keçirdiyi antikorrupsiya əməliyyatı və həbslər davam edir.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bu barədə maraqlı status paylaşıb. Ə.Nuriyev yazır:
-Bu həbslər Müdafiə Nazirliyində geniş korrupsiya şəbəkəsinin mövcud olmasından və dərin kök salmasından xəbər verir. Bu korrupsiya şəbəkəsini tamamilə dağıtmaq, qazıyıb köklərini çıxarmaq ölkəmizin milli təhlükəsizlik məsələsidir. Bu prosesi yalnız alaq etməklə yekunlaşdımaq, prosesi yarımçıq saxlamaq Müzəffər Ordumuza, böyük zərbə olardı. İndiyə qədər ictimaiyyət üçün açıqlanan məlumatların təhlili göstərir ki, bu korrupsiya şəbəkəsi yalnız Orduya ayrılmış maliyyə vəsaitini mənimsəməklə məşğul olmurmuş, həmçinin istisna deyil ki, xarici qüvvələrə xidmət etməklə, bilə-bilə Silahlı Qüvvələrimizin döyüş potensialını aşağı salmağı da məqsəd kimi qarşıya qoyub. Hesab edirəm ki, Orduda korrupsiya halları ilə bağlı araşdırma daha geniş miqyası əhatə etməli və müvafiq rəhbər şəxslər də məsuliyyətdən kənarda qalmamalıdır. Həmçinin, biz Nazirliyin tibb xidməti ilə bağlı da şikayətlər alırıq. Bu sahəyə də diqqət yetirilməlidir. Daha vacib məsələlərdən bir də Ordumuzda qohum-əqrəba şəbəkəsinin dağıdılmasıdır. Nazirliyin rəhbər şəxslərinin yaxın qohumlarının korrupsiya riski yüksək olan sahələrdə vəzifəyə gətirilməsi korrupsiya üçün mübit şərait yaradır. Bütün bu tədbirlərlə yanaşı müdafiə sektoruna parlament və ictimai nəzarətin gücləndirilməsi üzərində düşünmək zəruridir. Azərbaycan bu sahədə beynəlxalq reytinqlərdə geri qalır və ölkəmizi bu tənqidlərdən qorumaq üçün müvafiq addımlar atılmalıdır...
***
Bəli, media uzun müddət idi bu barədə yazırdı. Lakin gec də olsa, tədbirlərin görülməsinə başlanıldı...
A.Məmmədli