Mətbuat Şurası Azərbaycan Ordusu ilə bağlı əsassız bilgilərin yayılması və ictimai rəyin yanlış yönləndirilməsi təmayülləri ilə bağlı toplantı keçirib...
Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə internet media subyektlərində və sosial şəbəkə profillərində Azərbaycan Ordusu ilə bağlı əsassız bilgilərin yayılması və ictimai rəyin yanlış yönləndirilməsi təmayülləri ilə bağlı toplantı keçirilib. Ölkənin tanınmış kütləbi informasiya vasitələrinin rəhbərlərinin, media ekspertlərinin, müvafiq dövlət qurumlarının ictimaiyyətlə əlaqələrə məsul şəxslərinin iştirak etdikləri tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb.
Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum indiyədək media orqanlarında və sosial media subyektlərində ictimai rəyin yanlış yönləndirilməsi halları ilə əlaqədar müxtəlif toplantılar, “dəyirmi masa”lar və konfranslar düzənləyib. “Biz fəaliyyətimizi cəmiyyətdən aldığımız siqnallar əsasında qururuq. Bu gün görürük ki, 44 günlük Vətən Müharibəsində rəşadət simvolumuz olan Milli Ordu ilə bağlı müəyyən yanlış mövqələr ortaya qoyulur. Bu sayaq hallar ictimaiyyətə təsir göstərməyə hesablanıb. Nəticədə ordumuzun nüfuzunun, fəaliyyətinin aşağılanması təhlükəsi yaranır. Çox təəssüf ki, bu prosesdə bilərəkdən, yaxud bilməyərəkdən media təmsilçiləri, bu və ya digər şəkildə jurnalist fəaliyyətini həyata keçirən şəxslər də iştirak edirlər. Dünən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən onların müəyyən qismi ilə profillaktik söhbət aparıldı, xəbərdarlıqlar edildi, bir nəfər inzibati həbslə cəzalandırıldı. Bunlar arzuolunmazdır, problemlərin mövcudluğundan xəbər verir. Biz də bura ona görə toplaşmışıq ki, problemləri sadalayaq. Həm öz problemlərimizi görək, müzakirə edək, nöqsanları aradan qaldırmaq istiqamətində bir növ, razılıq, konsensus əldə edək, həm də bizdən asılı olmayan, ancaq fəaliyyətimizə hansısa formada təsir göstərən məqamları vurğulayaq, diqqətə çatdıraq”, - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.
MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu çıxışında bildirib ki, son günlər ölkədə informasiya gərginliyi, real həyatda olmayanları daha qabarıq, daha pis təqdim etmə cəhdləri müşahidə olunur. Burada sosial medianın Ermənistan seqmentinin fəaliyyəti də vurğulanmalıdır. Nəzərə alınmalıdır ki, sosial şəbəkələrin cəmiyyət üçün açıq qapıya çevrildiyi reallığında informasiya təxribatlarına zəmin formalaşır. Ölkəmizin normal media orqanlarının və sosial media seqmentinin əsas işi, funksiyası dezinformasiyaların qarşısını almaq olmalıdır. “Bunu biz etməliyik. Sədd çəkərək, kimisə tutaraq, cəzalandıraraq yox, fəaliyyətimizi yeniləyərək. Eynilə müharibə dövründəki kimi. Savaşımız, Vətən Müharibəmiz hələ də davam edir. Vətənimizin kiçik bir parçası da olsa, orda suverenliyimizi bərpa etməmişiksə, proses davam edir”, - deyən R.Arifoğlu hazırda ölkəmizə qarşı informasiya müharibəsi Vətən Müharibəsi dövründən daha amansız xarakter aldığını, ən müxtəlif platformalar vaxitəsilə informasiya diversiyalarının törədildiyini deyib. Belə hallara qarşı səmərəli media səfərbərliyinin təmin olunmasının əhəmiyyətinə diqqət çəkib.
Cəmiyyətdə söz və ifadə azadlığının toxunulmazlığının vacibliyini, mövcud istiqamətdəki məhdudlaşdırılmaların yolverilməzliyini vurğulayan MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, bu azadlığa zidd, sui-istifadə mahiyyəti daşıyan təmayüllərə münasibətdə inzibati tədbirlərin seçilməsinə anlayışla yanaşılmalıdır. A.Quliyev çıxışında həmçinin Azərbaycan mediasının Milli Ordu ilə bağlı məsələlərə hər zaman həssas yanaşdığı, Vətən Müharibəsi dönəmində müstəsna xidmətlər göstərdiyini və eyni kursun hazırda da davam etdiyi barədə fikir və düşüncələrini bölüşüb.
MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli media fəaliyyəti ilə bağlı məsələlərin ümumən qanunlarla da tənzimləndiyini, konkret məsuliyyət kateqoriyalarının mövcudluğunu dilə gətirib. O bildirib ki, həm qanunlara riayət, həm də etik dəyərlərin gözləniməsi prinsip etibarilə KİV-lərə peşəkar obraz verir. Ancaq eyni vəziyyətin sosial media subyektləri üçün keçərlilik əmsalı aşağıdır. Belə durumlarda qanunların dövriyyəyə girməsi mütləqdir. Ümumən qanunlar konkret təbiətə malikdir. Kimliyindən asılı olmayaraq, dövlətin təhlükəsizliyi, cəmiyyətin maraq və mənafelərinin toxunulmazlığına zidd təmayüllərə münasibətdə barışmaz mövqe tutulmalıdır.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də sosial media subyektlərində və ayrı-ayrı KİV-lərdə Azərbaycan Ordusunun nüfuzunu zədələyən bilgiləri yayanlara qarşı barışmaz mövqe tutulmasının vacibliyini əsaslandırıb. O, çıxışında həmçinin jurnalistləri istənilən məsələyə, o cümlədən Milli Ordu ilə əlaqədar məsələlərə həssas yanaşmağa çağırıb, həssaslığın eyni zamanda mühüm peşəkarlıq tələbi olduğunu vurğulayıb.
“Qazilər.az” saytının rəhbəri, hərbi jurnalist Rey Kərimoğlu çıxışında təklif edib ki, dövlət qurumlarının nümayəndələrinin, sahə ekspertlərinin və media təmsilçilərinin iştirakı ilə monitorinq qrupu yaradılsın və həmin qrup mütəmadi şəkildə KİV-lərdə, habelə sosial şəbəkələrdə Ordu ilə bağlı yayılmış müəyyən bilgilərin və informasiyaların araşdırılmasını həyata keçirsin, nöqsanları, çatışmazlıqları cəmiyyətə açıqlasın. Bu zaman hər kəs öz səhvini daha yaxından görmək imkanı əldə edəcək, həmçinin iş daha konkret səciyyə daşıyacaqdır.
“Səhvi edən bir nəfər, yaxud bir neçə şəxsdir. Maraqlıdır ki, təqdim ediləndə məsələyə bütövlükdə Azərbaycan mediası kontekstində izah verilir və ittiham obyekti də ümumən mediamız olur”, - deyən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bu məqamın nəzərə alınmasının zəruriliyini diqqətə çatdırıb. O, eyni zamanda mövcud tendensiyanın peşəsinə məsuliyyətlə yanaşan jurnalistləri də hərəkətə gətirməli, onların hadisə və proseslərə çevik reaksiya verməli olduqlarını vurğulayıb. M.Ələsgərli çıxışında həmçinin bildirib ki, ölkə mediası 44 günlük Vətən Müharibəsi dönəmində kifayət qədər fəal rol oynadı, milli maraqların və dövlət maraqlarının qorunmasında ardıcıllıq və prinsipiallıq göstərdi.
Jurnalistlərin informasiya almaq azadlığına, onların bu sahədəki hüquqlarına həssas yanaşılmasının əhəmiyyətindən söz açan hərbi jurnalist, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin direktoru Ramil Məmmədli onu da vurğulayıb ki, Müdafiə Nazirliyi strukturundakı hər hansı nöqsan və çatışmazlığın, neqativ halın ümumən bu dövlət qurumu sisteminə şamil edilməsi, mövcud aspektdə təqdim olunması tendensiyası var. İşə peşəkar yanaşılmalıdır ki, belə mənfi meyl aradan qaldırılsın. Bu zaman səmərəlilik də təmin olunar.
MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında bildirib ki, ordudakı neqativ məqamlar barədə məlumatlar yayan jurnalistlərin tənələrə məruz qaldıqları, ancaq sonradan onların yazdıqlarının təsdiqini tapdığı hallar da baş verir, nəticə etibarilə jurnalist bir növ bəraət almış kimi olur. Bu sayaq durumların yaşanması onu göstərir ki, jurnalistlərin ordu ilə bağlı yazılara üstünlük verməsi zəruridir, ümumən bu sahəyə ictimai diqqət mütləqdir. Baş redaktorun sözlərinə görə, jurnalist fəaliyyəti cəmiyyətin maraqlarına söykənməlidir. Əgər bu fəaliyyət hansısa digər maraqlı lokal tərəflərin konfrantasiya predmetinə çevrilirsə, deməli, ictimailik sıradan çıxır. Əksər hallarda belə mənfi yanaşmalarda qanun pozuntuları da diqqət çəkir. A.Aşırlı ümumən jurnalistlərin inzibati qaydada məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi üzərində dayanıb və bunun baş verməməsi üçün ümumən media ictimaiyyəti tərəfindən də zəruri maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyacın duyulduğunu deyib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elxan Quliyev çıxışında təmsil olunduğu qurumun media təmsilçiləri ilə iş təcrübəsi haqqında məlumat verib. O, MN tərəfindən müxtəlif hərbi təyinatlı obyektlərə turların təşkil edildiyini, müvafiq maarifləndirmə işlərinin aparıldığını və bu fəaliyyətin davamlı xarakter daşıdığını diqqətə çatdırıb.
Media mühitində qeyri-peşəkarlığın aradan qaldırılmasının vacibliyindən söz açan “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili bildirib ki, peşəkar mühit bütün sahələrdə olduğu kimi, Milli Ordu ilə əlaqədar təqdimatların də keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
“Dinc dünya” Araşdırma Mərkəzinin rəhbəri, hərbi ekspert Əlisəfa Mehdiyev rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə “Konflikt jurnalistikası məktəbi” adlı birgə layihə reallaşdırdığını bildirib. O deyib ki, belə bir layihənin icrası MN-nin hərbi məsələlərlə əlaqədar peşəkar jurnalistlərin hazırlanmasına maraq və istəyindən irəli gəlir. Təlimlərə qoşulan jurnalistlərə hər cür şərait yaradılır, onlar həm nəzəri biliklərə yiyələnirlər, həm də konkret ekstremal situasiyalardakı davranış vərdişləri əldə edirlər. Ə.Mehdiyev KİV rəhbərlərini öz əməkdaşlarının “Konflikt jurnalistikası məktəbi”ndə iştirakını təmin etmək üçün müvafiq tədbirlər görməyə çağırıb.
Toplantı iştirakçılarının yekun qənaəti aşağıdakı fikirlərdə çəmləşib və bu fikirlər media orqanlarına, sosial şəbəkə profillərinin sahiblərinə, eləcə də jurnalist fəaliyyəti ilə məşğul olduqlarını bəyan edən şəxslərə çağırış və tövsiyə məramı daşıyıb:
- Cəmiyyətdə söz və ifadə azadlığının qorunması vacibdir;
- Eyni zamanda söz azadlığından sui-istifadə halları yolverilməzdir, media orqanları Milli Ordu ilə bağlı materialların təqdimatına həssas yanaşmalıdırlar;
- Nəzərə almalıdırlar ki, cəmiyyətin bütün məsələlərlə, o cümlədən Milli Ordu ilə əlaqədar yanlış yönləndirilməsi təmayülləri jurnalist peşəkarlığına zidd olmaqla yanaşı, hüquqi məsuliyyət də yaradır;
- Hüquqi məsuliyyətdən, eləcə də cəmiyyətin qınağından uzaq durmaq üçün informasiya əldə edilməsi, dövlət sirri, yayılması qadağan edilən informasiyalarla əlaqədar ölkə qanunvericiliyinin tələblərinə, peşə prinsiplərinə ciddi əməl olunmalıdır.
Toplantıda ölkəmizə qarşı informasiya müharibəsinin davam etdiyi vurğulanıb. Bu xüsusda aşağıdakıların nəzərə alınması və fəaliyyət müstəvisinə daxil edilməsi tövsiyə olunub:
- İnformasiya müharibəsinin davam etdiyi hazırkı dövrdə bəzi xarici və daxili qüvvələr dövlətin əsaslarını zəiflətmək, ona etimadsızlıq mühiti formalaşdırmaq yönümlü təbliğat ritorikasına üstünlük verirlər, məqsədli dezinformasiyalar yayırlar;
- Media orqanları belə mənfi meyllərə münasibətdə aktivliyi artırmalı, texnoloji yeniliklərin imkanlarından istifadə etməklə onlara qarşı cəmiyyətin müxtəlif təbəqələrinin duya biləcəyi aktiv əks-fəaliyyət aparmalıdırlar.

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA