Ölkənin ikinci ən böyük tarixi şəhəri bölgənin mədəniyyət mərkəzindən iri sənaye müəssisələri mərkəzinə çevrilməkdədir…

…Açıq etiraf edək ki, Şanlı Ordumuzun 44 günlük Zəfər müharibəsi ilə təkcə 30 ildir Ermənistanın işğalında qalmış ərazilərimiz üzərində Azərbaycanın suveren hüquqları bərpa edilmədi… Həm də bununla şanlı tarix yazıldı, insanların qurub-yaratmaq ruhu təzələndi, sabaha inamı  artdı, Azərbaycanın işıqlı gələcəyinin keçdiyi və keçəcəyi yolların yeni xəritəsi müəyyənləşdirildi…

Gəncənin sabaha doğru inkişaf yolu…

gence-2

Tariximizin şanlı səhifələrini mətinliklə yaşadan, yaşayan və gələcəyə daşıyan tarixi Gəncə şəhəri neçə ildir keçmiş ənənələrin ən yaxşısını saxlamaqla, yeni dünyanın ən müasir texnologiyalarına könül verən sənaye şəhərinə çevrilməkdədir. Təsadüfi deyildir ki, elə bu ayın əvvəlində İqtisadiyyat Nazirliyində Gəncə şəhəri üzrə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun növbəti iclası keçirildi. Məqsəd nə idi? Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, YŞFP layihəsinin şəhər üzrə koordinatoru Səməd Tomuyev iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərliyi ilə keçirilən İdarəedici qrupun növbəti iclasında maraqlı təkliflərlə çıxış edərək bu suala cavab vermiş oldu. Avropa Yenidənqurma və İnkişaf Bankının və aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirak etdiyi iclasda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə həyata keçirilən layihələrin ölkəmizin “yaşıl” inkişaf hədəflərinə çatmasına töhfə verdiyini qeyd edib. Tədbirdə “Yaşıl şəhər” Tədbirlər Planı üzrə görülmüş işlər, əldə olunmuş nəticələr, təklif olunan strateji yanaşmalar barədə müzakirələr aparılıb.

Əslində, bütün bunlar strateji hədəflərin müəyyənləşdirilməsində Gəncə şəhərinin əhəmiyyətini müəyyənləşdirirdi. Qarşıda isə yeni-yeni perspektivli fəaliyyətlər durur…

gence-6

Köhnə və təzə «Azəralüminium” zavodu…

Örta nəsil yaxşı xatırlayar ki, nəinki Azərbaycanda, eləcə də Sovetlər dönəmində məhsulları ilə ad çıxarmış «Azəralüminium”un ətrafa yayılan zəhərli toz və kimyəvi tullantıları ərazidə ciddi problemlər yaradırdı. Eləcə də digər müəssisələr… Lakin indi müasir texnoloji proseslərlə təchiz olunmuş «Azəralüminium”un istehsal prosesi nəinki ekologiyamızın standartlarına tam cavab verir, eləcə də zavodun  məhsulları dünyanın bir çox ölkələrinə ixrac edilməkdədir. Təsadüfi deyildir ki, bu yaxınlarda Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop şəhərdəki bir sıra sənaye müəssisələrində olub. «Azəralüminium” MMC-nin fəaliyyətini diqqətlə izləyən konsul və digər qonaqlar burada istehsal prosesi ilə yaxından tanış olublar. Eləcə də müəssisədə istehsal olunan məhsul çeşidi və həcmi, o cümlədən ixrac olunan ölkələr barədə məlumatlandırılıblar… Və daha sonra “Gəncə Şərab-2” ASC-yə baxış keçirilib. Müəssisədə olarkən, burada yeni istifadəyə verilmiş şampan şərabı istehsal xəttinin işi ilə də yerində tanış olanlar qonaqlar Gəncənin tarixən ad çıxarmış bu növ məhsulunun ixrac imkanlarının canlı şahidi olublar. Ən sevindirici haldır ki, yeni istifadəyə verilmiş xətt məhsul çeşidinin və bazarda rəqabət qabiliyyətinin artmasına şərait yaradacaqdır. Konsul Recep Öztop müssisələrin fəaliyyətindən məmnun qaldığını bildirərək uğurlar arzulayıb.

***

 Onu da xatırlatmaq yerinə düşər ki, Gəncə şəhərinin sənaye potensialı nəinki böyükdür, eyni zamanda bölgə üçün strateji əhəmiyyət daşıyır. Elə bu məqsədlə ötən ay Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Gəncədə «KOB evi» inşa edilməkdədir. Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi “Gəncə KOB evi”nin tezliklə istifadəyə verilməsi üçün aparılan tikinti işlərinə ciddi nəzarət edir, diqqət göstərir. İqtisadiyyat Nazirliyinin rəsmi saytının məlumatında bildirilir ki, 2183 kv.m. tikinti sahəsi olan ikimərtəbəli “Gəncə KOB evi”ndə 70 xidmət masası qurlaşdırılacaq və Gəncə-Daşkəsən iqtisadi rayonundan olan sahibkarlıq subyektlərinə İqtisadiyyat Nazirliyi və onun qurumları, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt" MMC, "Azəriqaz" İB, "Azərsu" ASC, "Azərişıq" ASC və s. tərəfindən 150-yə yaxın dövlət-biznes (G2B) xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar tərəfindən isə 100-dək zəruri «biznesXbiznes»  (B2B) xidmətləri göstəriləcək. İşlərin hazırkı gedişi isə sübut edir ki, “Gəncə KOB evi” 2023-cü ilin sonunda fəaliyyətə başlaya bilər.

gence-4

Tezadlar.az onu da xatırladır ki, ümumiyyətlə, kiçik və orta biznes evləri (KOB evləri) – sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölmələrindən biridir.  

 Yeri gəlmişkən, qəribə gəlməsin, yeni istehsal strukturu ilə seçilən  Gəncədə indi partlayıcı maddələr zavodu da inşa edilir. Zavod “AzerGold” QSC-nin törəmə cəmiyyəti kimi “AzerBlast” MMC adı altında fəaliyyət göstərəcək. Gəncə İH-nin rəsmi saytının məlumatında qeyd olunur ki, “AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev şəhər rəhbərliyi ilə söhbətində deyib ki, illik istehsal gücü 31 000 ton həcmində planlaşdırılan zavodda xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcək.

gence-1

«Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisənin inşasının cari ilin sonunadək tamamlanması planlaşdırılır. Müəssisədə ilkin mərhələdə 30 nəfərin işlə təmin təmin edilməsi nəzərdə tutulur ki, növbəti mərhələdə bu sayın 60-a çatdırılması hədəflənir…Və bu sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı ölkəmizdə ilk dəfədir ki, təşkil edilir. Müəssisənin yaradılmasında əsas məqsəd mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müəssisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin açılmasıdır», -deyə MMC-nin rəhbəri əlavə edib.

***

Bəli, dünənin Gəncəsi artıq bu günün müasir texnologiyaları ilə təchiz olunmuş müəssisələr şəhəri deməkdir. Hansı ki, bu müəssisələrin məhsulları dünyanın 30-a yaxın ölkəsinə ixrac olunur. Gəncənin ixrac potensiallı yeni-yeni  müəssisələri isə tikilməkdə, sabahın real məhsul istehsalçısı olmağa iddialıdır…

A.Məmmədli

(Yazı Medianın İnkişafı Abentliyinin maliyyə  dəstəyi ilə hazırlanmışdır. İst.6.3.11).

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN