Mayın 8-də Bakı  Slavyan Universitetinin Humanitar və Sosial elmlər fakültəsinin nəzdində  jurnalistika  kafedrasının  təşkilatçılığı  ilə Ümummilli Lider  Heydər Əliyevin  100 illik yubileyi  münasibətilə  "Heydər Əliyev və müasir  Azərbaycan  mətbuatı " mövzusunda elmi seminar keçirildi.

Tezadlar.az xəbər verir ki, əvvəlcə müasir müstəqil  Azərbaycan  dövlətinin qurucusu, Ulu  Öndər Heydər Əliyevin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

Bakı  Slavyan Universitetinin rektoru Anar Nağıyev  çıxışını «Ulu Öndər Azərbaycan dövlətinin banisidir» mövzusu əsasında quraraq bildirdi ki, Ümummilli Liderin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi  çoxşaxəli fəaliyyəti ilə zəngindir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə yaşadıqları tariximizin qaranlıq səhifələri kimi vərəqlənir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın qarşısında geniş imkanlar açıldı. Dahi şəxsiyyətin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində  müəyyənləşdirilən  inkişaf konsepsiyası bütün  çətinliklərin aradan qaldırılmasını şərtləndirdi. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ulu Öndərin hakimiyyətinin hər iki dövrü azərbaycançılıq ideologiyasının inkişafı, təkmilləşdirilməsi ilə xarakterizə edilir. Həmin dövrlərdə tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, dilimizin inkişafı əsas məsələ kimi öndə dayanmışdı. Azərbaycan dilinin dövlət dili statusu qazanması Ümummili Liderin qətiyyətinin və  cəsarətinin nəticəsidir.  Belə ki, dahi şəxsiyyətin səyləri nəticəsində  1978-ci ildə qəbul edilən  Azərbaycan SSR Konstitusiyasında  Azərbaycan dilinin dövlət dili kimi təsbit olunduğu 73-cü maddə öz əksini tapdı.

Anar Nağıyev qeyd etdi ki,  Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  dövlətçiliyin əsaslarını yaratdı. Milli Konstitusiyamız qəbul olundu.  İnsan amili dövlət siyasətinin əsası kimi daim diqqətdə oldu.

Bu mühüm məqam xüsusi vurğulandı ki, bu gün Azərbaycana hansı sahədən diqqət yetirsək  Ümummilli Liderin misilsiz xidmətlərinin silinməz izlərini görürük. Bu xidmətlərin təməlində isə dövlətə, xalqa bağlılıq, Azərbaycanı daim zirvələrdə görmək istəyi dayanırdı.

Rektor bildirdi ki,  azad mətbuatın inkişafı demokratik cəmiyyətin varlığını təsdiqləyən mühüm amil kimi  Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin əsasında dayanmışdı. Mətbuat-cəmiyyət münasibətlərini tənzimləmək məqsədilə  Jurnalistlərin I qurultayında  Mətbuat Şurasının yaradılması, media sahəsində qanunvericilik bazasının formalaşdırılması  və təkmilləşdirilməsi Ümummilli Liderin bu sahəyə diqqətinin bariz nümunələridir. Ulu Öndərin  yaratdığı bu ənənə son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tarixi Zəfərimizin reallıqları əsasında media sahəsində də islahatlar aparıldı, dövrün tələblərini özündə əks etdirən «Media haqqında» yeni Qanun qəbul edildi.

Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə "Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir" mövzusundakı  çıxışında  Ulu Öndərin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən söz açdı. Bildirdi ki, Azərbaycanın milli mətbuatı böyük mübarizə və inkişaf yolu keçərək indiki mərhələyə gəlib çatıb. Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə dahi şəxsiyyət  Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının götürülməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının daha da inkişafının əsası qoyuldu və bu, mətbuatın imkanlarının genişlənməsinə ciddi təkan verdi.

Vüqar Rəhimzadə bildirdi ki, Ümummilli Lider Heydər Əliyev  jurnalist əməyini daim yüksək qiymətləndirib, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində biri-birindən əhəmiyyətli addımlar atıb, Fərman və sərəncamlar imzalayıb. Ümummilli Liderin bu diqqət və qayığsının nəticəsi idi ki, 2002-ci ildə O, “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

 Kafedra müdiri  Ümummilli Liderin siyasətini  müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlərə diqqəti  yönəltdi. Belə bir reallığı diqqətə çatdırdı ki, medianın inkişaf səviyyəsi hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Hər dövrün öz tələbləri vardır. Tarixi Zəfərimizin reallıqları bütün sahələrdə, o cümlədən mətbuatda təkmilləşməni, yeniləşməni bir tələbə çevirdi. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı da bu təkmilləşmənin, yeniləşmənin bariz nümunəsidir. Fərmana uyğun olaraq   “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi qısa müddətdə  ölkəmizdə mətbuat sahəsində islahatların daha da   dərinləşdirilməsində öz sözünü deyir. Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini də  zərurətə çevirdi. Bu məqsədlə cari ildə  “Media haqqında” yeni Qanun qəbul edildi.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğuladı  ki, Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük tarixi xidmətlərindən biri 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğv edilməsi olub.  Ulu Öndər cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynayıb. Bütün ölkə jurnalistləri Ulu Öndər  Heydər Əliyevi təkcə ölkə başçısı kimi deyil, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edib. Ümummilli Lider tərəfindən mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsi, söz və mətbuat azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradıb.

“Xalq qəzeti”nin  baş redaktoru  Əflatun Amaşov qeyd etdi ki,  Ulu Öndər Heydər Əliyev  yalnız müstəqilliyimizin xilaskarı kimi deyil, eyni zamanda, media ictismaiyyətinin yaddaşında  jurnalistlərin dostu,  mətbuatımızın ən böyük himayədarı kimi qalıb. Ümummilli Lider hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsinə və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib. Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Əflatun Amaşov  vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı  Prezident İlham Əliyevin səyləri nəticəsində bu gün media sektoru daha da inkişaf edir, dövrün tələblərini yüksək səviyyədə cavablandırır. Prezident İlham Əliyevin üç dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi dövlət başçısının bu sahədə gördüyü işlərə  verilən yüksək dəyərdir.

“Xalq cəbhəsi” qəzetinin  baş redaktoru  Elçin Mirzəbəyli  bildirdi ki,   "Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Ümummilli Liderin əsl, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına xələl gətirməsin. Humanist olduğu qədər də ədalətsizliyə, əsası olmayan saxta informasiyalara, böhtan və yalanlara qarşı barışmaz olan Ümummilli Lider Heydər Əliyevin mübarizliyi bu sahədə də özünü büruzə verirdi. Ümummilli Lider söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmiş, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoymuşdur.

"Yeni Azərbaycan" qəzetinin  baş redaktoru  Alqış Musayev vurğuladı ki, Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib. Mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərmanı  Ulu Öndər   Heydər Əliyev imzalayıb. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata,  mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Bu gün media ictimaiyyəti  Ulu Öndər Heydər Əliyevin ölkə mətbuatınin inkişafı  üçün göstərdiyi  tarixi xidmətləri unutmur və hər zaman əziz xatirəsini dərin hörmətlə anır.

Sonda   Bakı Slavyan  Universitetinin Jurnalistika kafedrasının  professoru Etibar Babayevin Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən  bəhs edən  “Əbədi müstəqillik  tarixi yazan lider Heydər Əliyev" adlı  filmi nümayiş  etdirildi.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN