Milli inkişaf modeli ilə sivil dünyanın diqqət mərkəzində olan, qlobal iqtisadi təhdidləri inamla dəf edən müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmasını şərtləndirən mühüm amillərdən biri də respublikamızda yüksək multikultural mühitin olmasıdır. Səmavi dinlərə və sivil etnoslara münasibətdə daim liberallığı və tolerantlığı ilə seçilən müdrik xalqımız sivil birgəyaşayış normalarına hər zaman sadiqlik nümayiş etdirmiş, Şərq və Qərb arasında əlverişli geostrateji məkan üstünlüyündən səmərəli şəkildə bəhrələnərək sivilizasiyalararası dialoq prosesinə sanballı töhfələr vermişdir. Son illər multikulturalizm mövzusuna həsr olunmuş ən sanballı tədbirlərin məhz Bakıda keçirilməsi də Azərbaycanda qlobal səciyyə daşıyan humanitar müzakirələr üçün əlverişli platformanın formalaşdığının parlaq nümunəsidir.

Mövzu ilə bağlı Tezadlar.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev bildirdi ki, multikultural və tolerant düşüncə tərzi hər bir xalqın inkişaf yolundan, dünyagörüşündən, habelə yerləşdiyi coğrafı məkandan asılı olaraq inkişaf edir: "Son illərin ən işlək terminlərindən olan multikulturalizmin formalaşması mahiyyətcə qədimlərə gedib çıxır. Bu anlayışın mahiyyətində cəmiyyətdə daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyaları təşviq etmək məramı var. Multikulturalizm mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. O, ölkə əhalisinin etnik, irqi və dini müxtəlifliyindən asılı olmayaraq hamının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır.

Multikulturalizm elmi ədəbiyyatlarda "çoxmədəniyyətlilik", yəni bir çox fərqli mədəniyyətləri özündə ehtiva edən cəmiyyət kimi təsnif edilir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür.

Multikultural cəmiyyət olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm bu gün fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amillərdən biri kimi çıxış edir. Təcridetmə, assimilyasiya və aparteiddən fərqli olaraq, multikulturalizm - cəmiyyətdə yalnız bir hakim etnik qrupun deyil, həmçinin digər milli azlıqların və immiqrantların mədəni müxtəlifliyini və rəngarəngliyini təsbit edir. Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur".

isaxan-veliyev

Professor İsaxan Vəliyev hesab edir ki, digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil: "Multikulturalizmdən imtina etmək, əslində, anlaşılmazlığa, ksenofobiyaya, qarşıdurmaya, milli və dini münaqişələrə rovac verən bir yoldur. Sivil bəşər cəmiyyəti formalaşandan bu günədək fərqli məkanlarda formalaşan xalqların sivil dialoqu və qarşılıqlı anlaşması məhz multikultural düşüncə sayəsində mümkün olmuşdur. Qədim zamanlardan insanlarda bir-birinin fərqli fıkir və düşüncələrinə dözümlü yanaşma mədəniyyəti formalaşmağa başlamış, zaman keçdikcə bu meyarlar hər bir cəmiyyətdə sivil birgəyaşayışın təmin olunmasında həlledici amilə çevrilmişdir.

XX yüzilliyin gerçəklikləri təsdiqləyir ki, multikulturalizmi inkişaf etdirmədən ayrı-ayrı xalqların vahid sosium kimi sivil birgəyaşayışı, habelə insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması mümkün deyildir. Multikulturalizm düşüncəsinin inkişafında Birləşmiş Millətlər Təşkilatının 1948-ci il 10 dekabr tarixli "İnsan hüquqlarına dair Ümumi Bəyannamə"si mühüm əhəmiyyətə malik olmuşdur. Bəyannamədə göstərilirdi ki, insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir".

İ.Vəliyev qeyd etdi ki, müasir dünyada multikulturalizmin müxtəlif modelləri - ABŞ, İsveç, Avstraliya, Kanada modeli mövcuddur: "Lakin son illərdə Azərbaycanın dünyaya təqdim etdiyi model də bir çox mütərəqqi dövlətlər tərəfındən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi qeyd edilənlərə bariz nümunədir.

multikulturalizm55

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir vətəndaşın gündəlik həyat tərzinə çevrilmişdir. Xalqımızın zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Azərbaycanda belə bir mühitin formalaşması xalqımızın və bu coğrafi məkanda dövlətlərin formalaşma mərhələləri ilə bilavasitə bağlıdır. Hələ şəhər-dövlətlərin yarandığı ilkin dövrlərdən bu coğrafı məkanda müxtəlif etnoslar birgə yaşamış, uzun sürən mənasız qarşıdurma və müharibələrdən, toqquşmalardan sonra dinc və qarşılıqlı anlaşma şəraitində yaşamağın zəruriliyini dərk etmişlər. Tədricən müxtəlif dinə, məzhəbə, dilə, mədəniyyətə malik insanların ümumi vətəninə çevrilən Azərbaycanda multikultural mühit getdikcə intişar tapmışdır.

Azərbaycanda tolerantlıq düşüncəsinin inkişafına ölkəmizin mühüm coğrafi-siyasi məkanda yerləşməsi və zəngin karbohidrogen ehtiyatlarına malik olması da həlledici təsirini göstərmişdir. Xüsusən də XIX əsrdə Bakıda sənaye üsulu ilə ilk neft mədənlərinin qazılması Azərbaycana müxtəlif ölkələrdən neft maqnatlarının gəlməsinə stimul yaratmışdır. Nobel qardaşlarının həmin dövrdə Bakıda həyata keçirdiyi mühüm layihələr buna əyani misal göstərilə bilər. Eyni zamanda, XX əsrin əvvəllərində Almaniyadan, Polşadan, Türkiyədən, Rusiyadan, İrandan çoxlu sayda tacirlər, neftçilər, habelə fəhlələr gələrək Bakıda və Azərbaycanın digər bölgələrində çalışmışlar. Beləliklə, ötən əsrin əvvəllərində iqtisadi fəallığın artması, sənayenin inkişafı, orta burjuaziyanın formalaşması və digər obyektiv tarixi proseslərlə əlaqədar Azərbaycanda tolerantlıq mədəniyyəti inkişaf etmişdir. Bədnaın qonşularımız olan ermənilərdən fərqli olaraq, azərbaycanlılar başqa xalqlara daim hörmət və qayğı ilə yanaşmış, onların sıxışdırılmasına, diskriminasiyasına yol verməmişlər.

XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai- siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana istiqlaliyyətini elan etmək şansı yaratmışdır. “İstiqlal Bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların mülki-siyasi hüquqlarının təmini, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şəraitin yaradılması, ən nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin əksini tapması suveren, demokratik, hüquqi dövlət yaradılması istəyinin, habelə multikulturalizmin bariz təcəssümü olmuşdur. 2018-ci ildə yaranmasının ildönümünü təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti ərazsində yaşayan etnik xalqların və dini qrupların nümayəndələrinə son dərəcə dözümlü yanaşmışdır. Müxtəlif folklor nümunələrimizdə, dastanlarımızda azərbaycanlıların digər xalqlarla qarşılıqlı hörmət şəraitində yaşadığını göstərən çoxsaylı epizodlar mövcuddur.

multikulturalizm444

Azərbaycan 70 il sovet imperiyasının tərkibində yaşamalı olsa da, bu dövrdə mərkəzin qondarma "vahid sovet xalqı" formalaşdırmaq məqsədinə xidmət edən beynəlmiləlçilik ideologiyası digər respublikalarda olduğu kimi, Azərbaycanda da multikultural mühitin formalaşmasına təkan vermişdir. Lakin ateizm siyasəti yürüdən imperiya ayrı-ayrı xalqların mental dəyərlərinin, mədəniyyətinin, dininin inkişafına yol verməmiş, milli identikliyə qarşı dözümsüzük nümayiş etdirmişdir. Həmin illərdə respublikada məscidlər bağlanmış, din xadimləri sıxışdırılmış, islami dəyərlərin yayılmasma qarşı sərt tədbirlər həyata keçirilmişdir. Bununla belə, 70 illik totalitar sovet rejimi xalqın tolerantlıq düşüncəsinə hakim kəsilə bilməmiş, onu öz milli-mənəvi, dini dəyərlərindən, adət-ənənələrindən ayıra bilməmişdir.

Respublikamız 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə hüquqi dövlət ideyasının reallaşmasına zəmin yaradılması, ölkədə milli-mənəvi dəyərlərə qayıdış, mənəvi intibahın başlanması xalqın gələcək taleyi ilə bağlı bir sıra aktual problemlərin həlli zərurətini də ön plana çıxarmışdı. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respubllikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda isə vicdan azadlığı ilə bağlı konkret tənzimləyici hüquqi normalar yer almamışdır. Eyni zamanda, müstəqilliyin ilk illərində respublikamızda milli, etnik və dini zəmində separatçılıq meyilləri baş qaldırmışdı.

Respublikada mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Erməni separatizminin ideoloqları Qərbə və Rusiyaya belə, bir fikri sırımağa çalışırdılar ki, guya Azərbaycanda "islam fundamentalizmi" mövcuddur. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə isə müəyyən xarici dövlətlər gənc müstəqil respublikamızı çökdürmək üçün milli ədavəti gücləndirməyə çalışır, azlıqları süni şəkildə ərazi separatizminə sövq edirdilər.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bu sahədə mövcud olan neqativ tendensiyalar tamamilə aradan qalxmış, ölkəmizdə bütün dini-milli tolerantlıq və multikulturalizm sahəsində unikal hüquqi-siyasi mühit formalaşmışdır. Ümummilli liderin rəhbərliyi altında 6 ay müddətində hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Azərbaycan Konstitusiyasında multikulturalizm və tolerantlığın da hüquqi əsasları formalaşdırılmışdır. Konstitusiyanın 5-ci maddəsində (xalqın vahidliyi) göstərilir: "I. Azərbaycan xalqı vahiddir. II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir".

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən dövlət siyasəti hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli sərəncamı ilə dünyada ilk multikultural qurum - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək mərkəzin əsas məqsədi müəyyən edilmişdir. Bundan əlavə, dövlətimizin başçısının 9 yanvar 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin yaradılması bu sahəyə yüksək diqqətin təzahürü olmuşdur".

multikulturalizm333

Professor İ.Vəliyev onu da qeyd etdi ki, multikulturalizm termin olaraq nisbətən yeni olsa da, xalqımız öz düşüncə və həyat tərzi ilə onun ehtiva etdiyi dəyərləri əsrlər boyu yaşatmış, bu məkanda bənzərsiz polietnik mühitin formalaşmasına nail olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev bununla bağlı demişdir: "Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik".

Respublikamız hazırda dünyada tolerantlığın, multikultural dəyərlərin inkişafını, mədəniyyətlərin dialoqunu təşviq edən layihələrin təşəbbüskarı və icraçısı statusunda çıxış edir. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfıri Mehriban xanım Əliyevanın əzmkar səyləri ilə beynəlxalq miqyasda gerçəkləşdirilən layihələrini xüsusi qeyd etmək lazım gəlir.

Ölkədə etnik-milli və dini tolerantlığın, multikultural mühitin inkişafında Heydər Əliyev Fondunun da xidmətləri müstəsnadır. Mehriban xanım Əliyevanın vətənpərvər fəaliyyəti nəticəsində ölkəmiz fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoq və ortaq məxrəc axtardığı məkana çevrilmişdir.

Xatırladaq ki, Azərbaycanın tarixi ənənələrini, İpək yolunun regiondakı rolunu, Heydər Əliyev Fondunun təşəbbüsünü nəzərə alan Latın Mədəniyyəti Akademiyasının 2006-cı il aprelin 19-da Bakıda keçirilmiş sayca XIII konfransı respublikamızın bu sahədəki müstəsna imkanlarını bir daha nümayiş etdirmişdir. 2009-cu ildə Bakının "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi, burada İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının keçirilməsi, habelə 2011-ci ildə Avropa Şurası Parlament Assambleyası, ISESCO, Dünya İctimai Forumu, UNESCO və BMT rəsmilərinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili də son dərəcə əhəmiyyətli olmuşdur.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə respublikada bir sıra digər tədbirlər - "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü", "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda beynəlxalq konfranslar, "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum və s. tədbirlər keçirilmişdir".

İ.Vəliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" sərəncamı bu sahədə həyata keçirilən tədbirlərə yeni təkan vermişdir: "Sərəncama əsasən hazırlanmış Tədbirlər Planı çərçivəsində aidiyyəti dövlət qurumları və ictimai təsisatlar səviyyəsində təşviqat-təbliğat tədbirləri ge- nişləndirilmiş, beynəlxalq səviyyəli forumlar, konfranslar, sərgilər keçirilmişdir. Bütün bunların nəticəsi kimi dünya ictimaiyyəti tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunun, burada əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığının, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, dialoq şəraitində yaşadığının əyani şahidi olmuşdur.

2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi rəsmi Bakının dünyaya verdiyi açıq mesaj olmuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, bu, bəşəri miqyasda toqquşma və müharibələr, siyasi, dini, milli ziddiyyətlər şəraitində Azərbaycanda mövcud olan siyasi, dini-milli sabitliyin, multikultural dəyərlərin dünyaya təqdimatı baxımından yeni imkanlar açmışdır".

E.ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.15.)

logo-rengli-yazili

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN