…Dünya düzələn deyil, çünki onu düzəltməli olan bizlər düzələn və düz ələnən deyilik…

(Jurnalist Zülfüqar Hüseynzadənin xatirəsinə)

…Jurnalist, yurd həsrətli Zülfüqar Hüseynzadə ilə tanışlığımızın qəribə tarixi var… Uzun və maraqlı söhbətin mövzusudur… Onda moderator.az saytı yeni fəaliyyətə başlamışdı… Olduqca yaxın olmuşuq. O haqq dünyasındadır, yazdığım hər bir təkcə fakta görə deyil, həm də hər bir sözə görə bu nahaq dünyada məsuliyyətliyəm.

***

 …Peşəkar əməkdaşlıq edirdik, məsləhətlər verirdim, texniki dəstək verirdim… Bizdə dərc olunan (yayımlanan) ciddi və ictimai əhəmiyyət kəsb edən yazıların yayımlanması üçün, başqalarından fərqli olaraq, icazə istəmişdi də. Deyirdim, istinad edəndən sonra nə problem?! Açığı, o zamanlar rəhbəri olduğu moderator.az saytı təzə yaranmışdı, bizdə də qalmaqallı yazılar dərc olunurdu… Belə əməkdaşlıq ümumi işin yalnız xeyrinə ola bilərdi…

***

…Neçə il əvvəl Xəzər Universitetində bir tədbir keçirilirdi, ikimiz də dəvətli idik… Bir masada  əyləşmişdik... Sözlü adam kimi mənə bir az da yaxın əyləşib pıçıltı ilə dedi: «…sizdə rektor Ə.Muradov haqqında yazı gedir, Allah haqqı, o çox yaxşı adamdı…».

Dedim:

-Bəy, Allah haqqı, biz də rektorun pis adam olduğunu yazmırıq, sadəcə, onun yaxın dostu var, Etibar Əliyev, o, bizim haqqımızda şantaj xarakterli paylaşım edir, yazı yazır, siz də, azpolitika.az, modern.az da yayırsınız… Belə yalanı niyə yayırsınız? Biz sorğu göndərmişik, əvəzində əleyhimizə belə yazılar yazılır…

 Sonra bildirdim ki, rektora deyin, bəlkə də xəbəri yoxdur, onun başı üzərindən üzərimizə haqsız gəlirlər, Allah göydən baxır, belə olmaz… Kiminsə şəxsi marağı ola bilər, amma bu dərəcədə yox…

Dedi, mən rektora bunları danışaram…

***

…İnanıram ki, Zülfüqarın bu xahişindən o rektorun qəti xəbəri yox idi. O, sadəcə, vicdan adamı idi, problemə peşəkar yanaşırdı… Açıq deyim, boğazdan yuxarı söz deyib şəxsi maraq və niyyəti ilə danışanları az görməmişəm… Külli MŞ əleyhimizə saxta və sifarişli, ədalətsiz və Allahsız… qərarlar verəndə Rəşad Məcidin yumşaq da olsa, etirazlı mövqeyini mən necə unudum?!

 Nə isə, indi Zülfüqar yoxdur… Ruhu başımız üzərində, xəyalı Kəlbəcərdə… Baxıram, onun insanpərvərliyindən, ədalətliyindən insanlıqdan xeyli uzaq, ədalətsiz əməllər… tutanlar necə şirin xatirə və statuslar yazırlar. Adam adamlıqdan çıxmaq istəyir.

 Ey adamlar, adam olun, olduğunuz kimi olun, ya da ən azı susun!!!

 Jurnalistika etikasından, peşəkarlıqdan, haqq-ədalətdən, vicdandan, sözə qiymətdən danışanların iç üzünü yadıma salanda Zülfüqarın yerinə olmaq istəyirəm!!!

 İnanmırsız?! Adamı adam olmağa da qoymurlar!!! İnanın! Amma özünüzdən başqa heç kimə… inanmayın!

***

…Dostlar, pandemiya, sintetik yağlar və ərzaqlar, bunlardan əmələ gəlmiş sintetik adamlar… Ehtiyatlı olun! O mənada ki, bir saat sonraya etibar yoxdur… Baxmayaraq ki, Azərbaycanda Etibar adında o qədər adam var ki!

***

…Bu gün tvitterdə Prezidentin köməkçisi Hikmət Hacıyevin, MEDİA-nın Zülfüqarın haqq dünyasına qovuşması barədə paylaşımlarını gördüm… Və bu vaxtsız və ucuz ölüm barədə tanınmış şəxslərin, sadə vətəndaşların… sosial platformadakı ürəkdağlayan başsağlıqlarını da gördüm… Zülfüqar cənnət adamı imiş, burdan-bura xəbərimiz olmayıb!

 Bu, hansısa rəsmi təltif və böyük mükafatlardan üstün bir ruh tətbiqidir, insana özündən sonra verilən ən yüksək dəyərdir! Axı bizdən sonra qalanlara bizdən nə qalır ki?!

***

 …Güzgü qarşısında dayanıb özünüzə sual verin: «Eyyyy, ey mənə boylanan adam, səndən sonra nə qalacaq???».

Təbii ki, cavab sizdən gələcək… Hər kəsin əməlinə və içinə, ruhuna, əməllərinə… vicdanına görə özünün özünə cavabı olacaq! Onda «Ölülərdə»ki kimi deyəcəksiniz: «Allah sənə rəhmət…».

Rəhmət eləsin, ya eləməsin?!

Eləməsi üçün… Vətən üçün olun! Ətraf üçün olun! Ən vacibi, özünüz olun!

Allah sizə bəri başdan rəhmət eləsin, o dirilər!

Asif MƏRZİLİ

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN