Xəbər verdiyimiz kimi, 1993- cü ildən “Təzadlar” qəzetinin İdarə Heyətinin üzvü olmuş ustad Şair Məmməd Arazın 90 illik yubileyidir...

Ustadımızın ruhu qarşısında baş əyirik! 

***

Bir neçə il əvvəl bir maraqlı hadisənin şahidi olduq. Belə ki, 1993-cü ildən qəzetin Redaksiya Heyətinin üzvü olan (xatirəsini həmişə yad edirik) Xalq şairi, ustad Məmməd Arazın həyat yoldaşı (Allah hər ikisinə rəhmət eləsin!) Gülxanım Fətəliqızı Məmməd Arazın xatirələrindən ibarət “Ömürdən yarpaqlar” kitabını ərsəyə gətirdi. Biz həmin kitabla tanış olanda təxminən 20-25 il əvvəl “Təzadlar”la bağlı baş vermiş çox maraqlı məqamların şahidi olduq. “KİMSƏ DUYMAZ, GİZLİCƏ AĞLAR, SƏSSIZ-SƏDASIZ QAYB OLAN YILLAR”  (bir türk mahnısından) kimi girişlə başlayan kitabda “Təzadlar” qəzeti ilə bağlı ustad şairimiz Məmməd Arazın bir sıra xatirələrini oxuduq. Hansı ki, bunlardan tamamilə xəbərsiz idik...

Beləliklə, aşağıda həmin xatirələri qəzetin 30 illik yubileyinə ərməğan olaraq təqdim edirik:

“...Ədəbi şəxsiyyətlərimizlə, ədəbi həyatımızla bağlı dəyərli söhbətlərin cəmləşdiyi bu gündəliyin özü də Məmməd Araz ömrünün ayrılmaz bir hissəsidir. Onun dodağından qopan hər kəlmənin itib batmaması üçün 5 il vaxtımı sərf etmişəm.

Çəkilən adlara, bəzi hadisələrin işıqlandırılmasına etiraz edərək Məmmədin dediyi sözlər:

- Belə hadisələri, adamların adlarını yazmazlar. Bu, gələcəyə düşmən qazanmaqdır. Uşaqlara düşmən qazanmazlar.  Hüseyn Cavidin qizi Turan xanımdan nümunə götürmək lazımdır. O, heç kimin adını tutmur, yazmır...

Pislik zoğdur. Pis adam əqrəbdən də, ilandan da qorxuludur. O, bütün həyatını ev yıxmağa, insanları ləkələməyə həsr edib. Özündən gücsüzlərə qənim, özündən güclülərə isə yazıqdır. Pis elə hamının yanında pisdir, hamı onu tanıyır, yazmaqla tanımırlar ki... “Bir dağa açıq məktub” şeirimdə yazmışam:

Sarmaşıqlar  həmişə

Nəhənglərə sarınar.

Su udar, yem udar,

Sonra toxalar,

Xərçəngləşib çoxalar...

Dolaşdığı,

Yarpağı şirəsinə bulaşdığı

Gövdəni unudar....

Və ya:

Pislik şeytan əməlidir - deyərdi babam,

Yüz pisliyin darğasıdır bir namərd səsi.

Pis gövdədir; əzəl- axır yıxacaq zaman,

Pislik - zoğdur; o gizlənib, o göyərməsin.

 

Bu dünyada yamanları dəfn etmək asan,--

Yamanlığı dəfn eləmək çətindən-çətin.

Dar da qazsan, gen də qazsan, dərin də qazsan

Şeytan sığan qəbrə sığmaz şeytan xisləti.

(Ölüm yaxşılığı)

1997/ 4 iyun - İnqilab Nadirovun təşkil etdiyi Binəqədi zəhmətkeşlərinin görüşünə getdik. Əvvəlcə İnqilabın otağında “Koka-Kola” şirkətinin prezidenti olan türklə görüşüb tanış olduq. Türk dedi:

- Mənim babamın və atamın da adı Məhəmməddir. Bizlər Mehmet deyərik, sizlər isə Məmməd deyirsiniz. Ad sarıdan da görürsünüz ki, yaxınıq. Bizlərin sizə çox hörmətimiz var.

Görüşü neftçilərin mədəniyyət sarayında keçirirdilər. Başlıq belə idi: - “Ürəklərdə bir Məmməd Araz var”. Çəkiliş üçün Telli xanım gəlmişdi. Binəqədi rayon məktəblilərinin hazırladıqları proqram əsasında musiqi, şeir və oyun havaları ilə tərtib edilmiş gecə başa çatdı. Rəssam Cabbar Quliyev Naxçıvandan çəkilmiş bir tablonu təqdim etdi və dedi:

- Sənə təqdim etdiyim bu rəsmi özüm çəkmişəm. Bu, Vətən torpağının bir hissəsidir və mənə əziz olduğu kimi, bilirəm ki, sənə də əziz olacaq.

Sonralar isə Asif Mərzili bu gecə haqqında belə yazacaq:

“Bəli, Məmməd Araz ömrünü damla-damla şeirlərinə köçürüb; xalqın, millətin dərdinə bürünə-bürünə və ürəyinə yığa-yığa! Təbii olaraq düşünməyə məcburuq! Məmməd Araz ürəyinin tutumu nə qədərdir ki, o boyda Azərbaycanın dərdi bu boyda şair Məmməd Araz ürəyinə necə köçə bilər? Və bu qədər dərdi ürəyində və sinəsində daşıyan və bu dərddən çərləyən Məmməd Araz niyə də xəstə düşməsin?!

Həm də düşünürük:

Səhhəti göz qabağında olan şairin dərdə dözümü millətimizə sirayət eləsə, necə olar? Həm də, görünür, M. Arazı bu qədər xəstəlikdən və Azərbaycanın Qarabağ dərdindən çəkdiyi sıxıntılara dözdürən xalqın böyük şairinə sonsuz xeyir duaları, bir də təmənnasız sevgisidir...”

Jurnalistin bu səmimi ürək sözlərindən yan keçə bilmədiyimə görə bir hissəsini gündəliyimə yazdım.

İnqilab Nadirov görüşü belə yekunlaşdırdı:

- Xalqın odunda deyil, xalqın oduna yanan Məmməd Araza uzun ömür, Azərbaycan nisgillərindən çəkdiyi dərdində səbr və dözüm, bir də çağdaş Azərbaycanımızda baş verənlərə münasibətində hövsələ arzulamaqla səmimi olaraq deyirəm, Məmməd Araz, mən demirəm ki, allah mənim ömrümdən kəsib sizin ömrünüzə calasın, amma deyirəm ki, allah sizin öz ömrünüzü özünüzə çox görməsin!

***

11 oktyabr - Gedib “Təzadlar” qəzetini aldım. Xudu Məmmədov haqqında çoxları öz ürək sözlərini yazmışdı. Hamısını Məmmədə oxudum:

- Bəxtiyar hamımızdan səmimi yazıb - dilləndi Məmməd

Sonra qəzetdə olan atmacaları oxudum. Birində belə yazılmışdı: “Azərbaycandan gedənləri əli çomaqlı çoban heykəli yola salır. Gələnləri isə qoç qarşılayır. Görəsən, azərbaycanlılar haqqında xaricilər nə düşünürlər?”.

- Məsələ düzgün qoyulub. Qoyun, çoban və s. bunları yığışdırmaq lazımdır, - əlavə etdi Məmməd.

Büküb atdığı qəzetin kənarında iki misra vardı:

Nə gəldi qəlbinə, gətir dilinə,

Dilindən qəlbinə səd çəkmə, ey mən.

***

13 dekabr - Xudu Məmmədov haqqında “Dünya, səndən kimlər getdi” adlı verilişə baxa-baxa danışdı:

- Xudu haqqında “Təzadlar” qəzetində mənim də kiçik bir yazım var. Əvəz olunmaz adam idi Xudu. Çox sakit, lakin sakitliyin altında fırtına. Mən nəşriyyatda müavin işləyəndə onun “Qoşa qanad” kitabını çap etdim. Özü təvazökarlıq edib deyirdi ki, bir şey deyil. Əksinə, kitabda çox gözəl fikirlər var. Heç bir sətrinə də toxunmadım, əslində toxunmaq olmazdı, buna mənəvi ixtiyarım da yox idi. Rəhmətlik Zeynal müəllimi Xudu ilə müqayisə etmək olar. Fərq isə bu idi ki, Zeynal müəllim bir az çılğın idi, Xudu isə sakit. Hər ikisi maraqlı adam idi.

Xudunun iş yoldaşlarından biri belə bir xatirə danışdı:

- Biz dərslikləri, proqramları müzakirə edirdik, bu haqda Xudu müəllimin fikrini öyrənmək üçün ona sual verdik.

Xudu müəllim gülə-gülə belə cavab verdi:

- Kəndimizdə mənə bir naxırçı sual verdi ki, Xudu müəllim, mənə otardığım heyvanların sayına görə pul verirlər, bəs nə üçün müəllimlərə dərs dedikləri uşaqların sayına görə pul vermirlər? Bax bu məsələni proqrammaya salarsınız.

***

25 yanvar - Neçə gündür gündəlikdən soyumuşam. Əlimə 23 yanvar “Təzadlar” qəzeti düşdü. Yazırdılar:

“...Şairlik yolunda geriyə dönmək yoxdur. Bu yol vətən, millət və insanlıq dərdlərini içinə yığıb Allah eşqinə dör-dör döyüşmək yoludur. Bu yolun Sabiri, Cavidi, Cavadı, Müşfiqi, Hadisi, Əli Kərimi, Şəhriyarı, Xəlili, Bəxtiyarı, Məmməd Arazı olmaq gərək. Bu bəşəri yol sürünə-sürünə gedilməz. Çünki bu yol məddahların gedəcəyi yol deyil. Və...

Bu yol uzaqdır

Mənzili çoxdur,

Keçidi yoxdur

Dərin sular var...

(Yunis İmrə)”

 

Həmin abzası və bir bənd şeiri Məmmədə oxudum: - Çox yaxşı fikirlərdir, - dedi.

“Müxalifət” qəzetində də məqalənin müəllifi Elçin Məmmədli Məmmədin şeirindən misal gətirərək yazır:

...Ağlım, bu eyhamı sənsiz kim anlar?

Sən çaşqın qafamda bir qafa da qur.

Niyə bu yıxanlar, bu yıxılanlar

Gələndə mələkdir, gedəndə quldur.

Məqalədə bəzi adamları qarşılaşdırıb Məmmədin şeiri ilə bağlayıblar.

***

1999

15-16 sentyabr - Yaqub Zurufçunun danışdıqları:

- Bu televiziyon ki, Amerikada açmaq istəyirik ona çəkilişlər etməklə məşğulam. Gəncədə idim, Arazın sahilinə gedə bilmədiyimə görə Kürün sahilində süni sərhəd yaradıb “Ayrılıq” mahnısına klip çəkmişik. Xeyli pul xərcləndi. Sizə gəlmək istəyirdim, ancaq imkan tapmadım. Məmməd müəllimi də çəkmək istəyirəm. Bəlkə saat beşdə gələrəm.

Bəxtiyar müəllim əvvəl Məmmədlə danışdı. Onların nə danışdığını bilmədim. Bir xeyli keçəndən sonra Prezident Aparatından bir məmurun danışmaq istədiyini bildirdilər.

- Buyursunlar, gözləyirəm.

- Bir məsələ ilə əlaqədar olaraq sizə zəng etdim. “Təzadlar” qəzeti ki, var, olub bir faşist qəzeti. Əvvəl Xudu müəllimin şəkli ilə çap olunurdu. Onun redaktoru yaman cığallıq edir. Bir qrup yazıçı Heydər Əliyevin yanına gəlmişdilər. Onlar prezidentə dedilər ki, bu necə olur, belə bir qəzetin redaksiya heyətində Bəxtiyar, Məmməd Araz kimi şairlərin adı var. Mən Bəxtiyar müəllimlə də danışmışam. Bəxtiyar müəllim bildirdi ki, o qəzet çap olunanda biz Xudunun ətrafına yığışmışdıq. Mənim sözlərimi Məmməd müəllimə çatdırın, qoy fikirləşsin, sonra siz mənə çatdırarsınız.

- Vallah, bizə lazım olanda sizi bizimlə calaşdırmırlar. Özünüz zəng edərsiniz.

Sözlərini olduğu kimi Məmmədə çatdırdım.

Bəxtiyar müəllim təzədən telefonla danışdı:

- Ay bacım, mən bayaq Məmmədlə də danışdım. Sən evdə deyildin, sizinlə danışdılarmı? Onlara dedim ki, demokratiyadır,  danışırlar. Qəzetdə nə yazılıb ki, elə bir şey deyilmir. Asif Mərzili prezidentə açıq məktub yazıb. Yazıb ki, Qarabağ əldən gedir. Bizim varımız da, əhalimiz də, qoşunumuz da ermənilərdən çoxdur. Prezidentimiz niyə Köçəryanın yanında pərt oturmalıdır? Niyə?  Dedim  ki, burada pis nə var ki? Deyir ki, yox, qəzet Murtuzu da söyür. Mənə həmişə hücumlar olanda “Təzadlar” qəzeti məni müdafiə edib.

- Sizin işiniz pis olacaq, Bəxtiyar müəllim. Redaksiya heyətindən çıxsanız xalq sizi söyəcək, çıxmasanız hökümət.

- Elədir, qəzetdə mənim və Məmmədin adını çəkiblər. Yazırlar ki, biz bu xalq şairlərindən problemlərin həllində çox şey gözləyirdik, ancaq onlar susurlar. Sən bir Asif Mərzili ilə danış, gör nə edirsən. Hələ bizimlə pişim-pişim danışıblar, Nurəddinin üstünə isə hücum çəkiblər.

- Yaxşı, Bəxtiyar müəllim, danışaram.

- Hə bala, danış görək...”.

Bu da bir tarixdir, yaşamışıq...

Sonda: Məmməd Arazın evinə zəng edən xanım PA-nın şöbə müdiri Fatma Abdullazadə olmuşdur...

XXX
Allah böyük ustada rəhmət eləsin!
"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN