İş yerinin qarşısında avtomobil saxlamağa görə günə 8-10 manat pul ödəmək istəməyənlər binaların həyətlərinə doluşmaqdadır…
…Bakıda vətəndaşlar həyətlərində kənar şəxslərin avtomobillərindən zara gəldiklərindən, indi də həyətlər şlaqbaumlaşmaqdadır. Səbəb isə çox sadədir: AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) Bakının tıxaclarının həlli ilə məşğul olmaq əvəzinə, keçib paytaxtın küçə və meydanlarını parklamaqla şəhər sakinlərindən pul qazanmağa.
AYNA rəsmilərinin açıqlamalarında isə deyilir ki, guya bunda məqsəd yollardakı tıxacları aradan qaldırmaqdır. Bu necə ola bilər ki, əvvəllər avtomobil saxlanılması qadağan edilən küçələr indi qanuni parklamalara çevrilib?! Uzun sözü qısası, məqsəd həm də Bakını il boyu gərginlik həyatı yaşayan sürücülərə birdəfəlik icarəyə verib pul qazanmaqdırsa, bu normal hal deyil… Yox, məqsəd, bununla tıxacları azaltmaqdırsa, bu da özünü doğrultmur, əvvəllər boş hesab edilən küçələr indi avtomobil dayanacağına çevrilib…
***
Amma indi ən pisi odur ki, iş yerinin qarşısında avtomobil saxlamağa görə günə 8-10 manat pul ödəməmək istəyənlər indi də həyətlərə doluşublar… AYNA-nın sayəsində öz həyətindəki dincliyini itirən vətəndaşlar isə həyətlərin şlaqbaumlaşmasına başlayıb. Artıq bu hal kütləviləşməkdədir…
Əməkdar jurnalist Aqil Ələsgər özünün sosial platformasındakı bu açıqlaması bəzi suallara cavab verir: « Bakıda parking xaosuna son qoyulmalıdır. Əvvəl qaranlıq şəxslərin əlində cəmlənirdi bu biznes. İndi qalstuklu, jiletli «Azparking» əməkdaşları o şəxslərin ölənlərinə rəhmət oxudurlar. Sanki robotdular. Necə qurulublarsa, hamısının cavabı da, reaksiyası da standartdır. İnsanlar iş yerlərinin və ya evlərinin yaxınlığında avtomobil saxlamaq üçün niyə pul ödəməlidirlər? Tamam, ödəsinlər, ancaq səhərdən axşama qədər maşın ofisin önündə qalırsa, bədbəxtlərin maaşı ancaq «Azparking»ə getməlidir?! Maraqlıdır ki, «Azparking» əməkdaşları ödəniş etməyənlərin şəkillərini özləri çəksə də, cərimənin «AYNA» tərəfindən edildiyini bildirirlər. Yəni, əl əli yuyur, əl də üzü, zərərli çıxan isə vətəndaşdır. Hesab edirəm ki, «Azparking» ilə «AYNA»nın ötür-ötür oyunu dövlətimizə qarşı sabotajdır. Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinə kölgə salmaq istəyənlərin işinə yarayır… P.S. Qeyd edim ki, mən ictimai nəqliyyatdan istifadə edirəm və kənardan müşahidə etdiyim problemi yazdım…».
Bax belə. Güman edirik, fəaliyyəti ictimai narahatlıq və narazılıq yaradan AYNA özünə kənardan- elə təmiz aynada baxsa, daha yaxşı olar… Çünki tıxacların ağrısını çəkən sürücü və sakinlər indi də AYNA-nın parkinglərinin yaratdığı süni problemlərin altını çəkir…
A.Məmmədli