Azərbaycan Mətbuat Şurası bütün seçki proseslərində olduğu kimi, 7 fevral Prezident seçkilərində də medianın fəaliyyətini diqqət

mərkəzində saxladı. Qurumun bununla bağlı iş prinsipi əsasən üç istiqaməti əhatə etdi - seçkiqabağı dövrdə media orqanlarının monitorinqi, “qaynar xətt” rejimi və seçki məntəqələrində müşahidə.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.

Bildirilib ki, seçkiqabağı dövrdə Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu ölkənin müntəzəm yayımlanan media vasitələrinin materiallarını nəzərdən keçirdi. Monitorinqin nəticələri onu deməyə əsas verdi ki, Azərbaycan jurnalistikası seçki kampaniyası müddətində ədalətli rəqabət mühitinin formalaşmasına həssas yanaşdı, cəmiyyətin obyektiv informasiya almaq hüququnun gerçəkləşməsini təmin etdi. Habelə, mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmadı.

Seçki günü Mətbuat Şurasında yaradılmış “qaynar xətt” rejimi səsvermə başlayan andan bitənədək jurnalistlərin ixtiyarında oldu. Gün ərzində Şuranın bu rejimdə fəaliyyət göstərən şəhər və mobil telefon nömrələrinə cəmi bir müraciət edildi. Həmin müraciət üzrə müəyyənləşdirildi ki, xarici media vasitəsi ölkəmizdə akkreditasiyadan keçmədiyindən, onun seçkini işıqlandırması qeyri-mümkündür. Bununla əlaqədar müraciət müəllifi məlumatlandırıldı, ona qanunvericiliyin tələbləri izah edildi.

Qeyd edilib ki, Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və rəsmi şəkildə müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri, eləcə də ayrı-ayrı təmsilçiləri paytaxtdakı və respublikamızın müxtəlif bölgələrindəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaq üçün yaradılmış şəraitin monitorinqini apardılar, media təmsilçiləri ilə fərdi təmaslar qurdular. Həm onların müşahidələrindən, həm də “qaynar xətt” rejiminin yaradılmasında məqsəd seçki günü jurnalistlərin fəaliyyəti baxımından baş verə biləcək anlaşılmaz durumların, mümkün maneələrin qarşısını operativ sürətdə almaq idi.

Hər iki istiqamət üzrə görülmüş işlərin təhlili göstərdi ki, jurnalistlər seçki günü özlərinin peşə vəzifələrini heç bir maneə olmadan, tam sərbəst şəkildə həyata keçirdilər. Əlamətdar məqam ondadır ki, istər Mərkəzi Seçki Komissiyası, istər Medianın İnkişafı Agentliyi, istərsə də ayrı-ayrı dövlət qurumları media fəaliyyətinin müxtəlif təzahür formalarına səlahiyyətlərindən irəli gələn həssas münasibət göstərdilər. Onların operativ yanaşmaları yanlış ictimai rəyin formalaşmasının qarşısının alınması, cəmiyyətin düzgün yönləndirilməsi baxımından əhəmiyyətli oldu.

“Mətbuat Şurası yekunda belə nəticəyə gəlir ki, 7 fevral prezident seçkiləri həm təbliğat-təşviqat kampaniyası dövründə, həm də seçki günü medianın prosesi işıqlandırması, onun qanunauyğun fəaliyyətinin, bütövlükdə media azadlığının, informasiya əldə etmək hüququnun təminatı baxımından bütün beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçirildi.

Ümumiyyətlə, seçkilərin informasiya təminatı yüksək səviyyədə reallaşdı. Ən əsası, Azərbaycan mediası prosesin müxtəlif aspektlərinin təqdimatında yüksək peşəkarlıq nümayiş etdirdi. Xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət daşıyan bu missiyanın gerçəkləşməsində əməyi keçənlərin hər birinə, jurnalistlərə təşəkkürümüzü bildirir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”, - deyə qurumun məlumatında qeyd edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN