«Sonuncu əmr» romanı bədii təsvir vasitələrindən peşəkarlıqla istifadə olunmaqla, əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı (ölümündən sonra), polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovun döyüş yolundan bəhs edir.
Qeyd edim ki, romanı mənə göndərilmiş pdf (elektron) formatında bu günlərdə oxudum. Əsərdə şəhid Vətən Müharibəsi Qəhrəmanının real faktlara əsaslanan bir neçə kəşfiyyat əməliyyatları bədii təsvir vasitələrinin imkanlarından istifadə edilməklə, peşəkar səviyyədə qələmə alınmışdır. Əsər oxucunu bir anlığa Ermənistanın hərbi-siyasi rejiminin bütün bəşəri normaları pozaraq tarixən Azərbaycan torpağı olmuş Qarabağda törətdiyi soyqırım və dəhşətlərin necə cərəyan etdiyi 1990-cı illərə aparır. Hansı ki, o illərdə mənim də yurd yerim olan Qarabağın Mərzili kəndi və qohumlarımın yaşadığı Xocavənd rayonu işğal edilmişdir. O dəhşətlər və o yurd yerlərinin 30 illik işğalı dövründə çəkdiyim torpaq həsrəti hələ də qəlbimi göynədir.
Əsəri oxuduqca, igid oğullarımızın timsalında Orxan Əkbərovun qəhrəmanlığını, ailəsi ermənilər tərəfindən girov götürülərək vəhşicəsinə öldürülmüş Rəşad adlı oğlanın düşməndən qisas almaq üçün necə qovrulduğu göz önünə gəlir.
Məncə, oxucularım üçün də maraqlı olar ki, romanda təsvir edilən hadisələrin qısa məzmun və mahiyyətini dilə gətirim. Belə ki, Ağdamdan olan Rəşad kiçik yaşlarında valideynləri ilə birlikdə Xocavənd rayonundakı əmisigilə qonaq gedir. Gecə saatlarında əmisi və bibisi ilə birlikdə atası, anası və kiçik qardaşıyla geri-Ağdama qayıdarkən onlar dumana düşüb yolu azırlar. Bu vaxt ermənilər onları girov götürür, Hadrutdakı mobil hərbi hissələrdən birinə aparırlar. Ruben adlı erməni hərbçi Rəşadın atasını, əmisini, eləcə də anasını və bibisini kamera qarşısında Ermənistanın haqq işini dəstəkləməyə məcbur edirlər. Rəşadın körpə olan qardaşı soyuqdan və aclıqdan ölür. Rubenin tələblərinə əməl etmədiyi üçün isə valideynləri və əmisigil ermənilər tərəfindən güllələnir, odda yandırılırlar. Ailədən yeganə sağ qalan Rəşad olur. O, iki dəfə qaçmağa müyəssər olsa da, ermənilər onu meşədə tutub yenidən qana susamış Rubenin hüzuruna gətirirlər. Ruben onu ağır xəstə olan qardaşı oğlunun böyrək əməliyyatı üçün Ermənistana göndərmək qərarına gəlir. Təsadüfən Beynəlxalq Qırmızı Xaçın nümayəndələri balaca Rəşadı xilas edərək Azərbaycan tərəfinə təhvil verirlər.
Ailəsini itirən Rəşadın Ağdamda heç kimi qalmadığından, qohumları onu Sank-Peterburqdakı dayısının yanına göndərirlər. Dayısı ailənin başına gətirilən dəhşətlərdən sarsılır. Rəşad ona anasının son vəsiyyətini çatdırır. Anası qaniçən Rubenin göstərişi ilə bibisi ilə birlikdə benzin tökülüb yandırılanda ona qışqıraraq deyir ki, əgər sağ qalsa, bu alçaqlardan qisasını alsın!
Beləliklə, dayısı Rəşadı Özbəkistandakı dostlarının yanına aparır, orada onu guya mina partlayışında məhv olmuş erməni dostunun uşağı kimi təqdim edərək ona erməni doğum şəhadətnaməsi düzəldir. Sonra Sank-Peterburqda pasport qeydiyyatında olan erməninin əli ilə Rəşada Rusiya vətəndaşlığını təsdiqləyən pasport düzəldir, onu təhsil alması üçün erməni məktəbinə qoyur. Rəşad paralel olaraq erməni dil hazırlıq kursuna gedir, bu dili mükəmməl öyrənir. Həmçinin rus dilini də əla öyrənir. Sonra orta məktəbi bitirir, hərbi xidmətə yola salınır. Hərbi xidmətə gedərkən kəşfiyyatçıları yetişdirən hərbi hissəyə düşür. Təsadüfən həmin hərbi hissənin komandiri erməni polkovnik olur. O, sənəddə adı Roman olan Rəşadı erməni bilib ona kəşfiyyatın bütün sirlərini öyrədir.
Nə\hayət, Rəşad hərbi xidmətdən sonra universitetə daxil olur. Dayısı ona öz qızı ilə ailə qurmağı təklif edir. Lakin Rəşad anasının vəsiyyətini yerinə yetirməyincə evlənməyəcəyini bildirir… Qısaca deyim ki, əsərdə olduqca diqqəti çəkən məqamlar vardır. Belə ki, Rəşad Rusiya vətəndaşı olan erməni kimi iki dəfə Ermənistana gedir, oradan Qarabağa keçmək istəyir, lakin Laçın ərazisində bu cəhdi baş tutmur. Nəhayət, Azərbaycana qayıdır. Burada qohumlarından Qarabağa necə keçməyin yollarını öyrənməyə çalışır. Ona «Qartal» ləqəbli polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovu nümunə çəkirlər. Rəşad Biləsuvara -«Qartal»ın yaşadığı ünvana gedir. Onunla görüşür. Başına gələnləri ona danışır və Hadruta -Rubenlə görüşə getmək arzusunu ona çatdırır. «Qartal» bu barədə 2-ci korpusun Komandanı, general-mayor Mais Bərxudarova məlumat verir. Rəşadın sənədləri xüsusi xidmət rəisi tərəfindən tam yoxlanılır. Sonra Rəşadın ətrafında məxfi araşdırma aparılır, o, sınaqdan çıxır. Məqam yetişəndə «Qartal» onunla birlikdə kəşfiyyata getməyə qərar verir. Onlar 2020-ci ilin yaz aylarında Hadrud istiqamətində kəşfiyyata yollanırlar. Hər ikisi Hadruta çatır, Rəşad erməni dilində əla bildiyindən bütün söhbətləri özü aparır, bir erməni qarının evini kirayələyirlər. Sonra Rubenin yerini öyrənirlər (Kəşfiyyata getməmişdən əvvəl Rəşadın dayısı Hadrutdan olan bir erməni vasitəsi ilə Rubenin sağ olduğunu dəqiqləşdirir).
Beləliklə, əsərdə oxucunu riqqətə gətirən məqam yetişir. Rəşad ona meylini salmış, əri bir neçə ay əvvəl Azərbaycan hərbçiləri ilə atışmada öldürülmüş Sara adlı qadınla tanış olur. Ona evlənəcəyini bildirərək ermənilərin ərazidəki hərbi bazalarının, dayaq məntəqələrinin və s. yerini öyrənir.
Beləliklə, kəşfiyyatın sonuncu günü həmin obyektləri minalayırlar və Rəşad Rubenlə sonuncu görüşə- haqq-hesaba gedir. O, Rubenin evində vaxtilə anasının boynunda olmuş qızıl klonun divardan asılan görür. Rubeni dilə tutur, erməni qaniçən Azərbaycanlı əsir və girovlara necə işgəncə verdiyini həvəslə danışır. O, bir Azərbavycanlı ailəsini necə güllələyib tonqalda yandırdığını, sağ qalan bir uşağı isə Ermənistana göndərmək istədiyini, bunun təsadüfən baş tutmadığını, hətta həmin girov düşmüş uşağın əlinin üstünə ocaqda qızarmış şişlə damğa vurduğunu və s. sevinərək danışır. Bu məqamda Rəşad ondan soruşur ki, həmin uşaq qarşısına çıxsa, onu tanıya bilərmi? Qoca Ruben «Çətin ki, o uşaq sağ qalsın, onu o qədər ac saxlayıb döymüşəm ki…» deyəndə, Rəşad əllərini ona göstərir və «Həmin uşaq qarşındadır, qoca Ruben!» deyərək anasının vəsiyyətini necə lazımdır icra edir.
Rəşad daha sonra Rubenin evini yandıraraq geri-«Qartal»la vədələşdikləri yerə qayıdır. Hər ikisi sağ-salamat hərbi hissəyə qayıdırlar.
Növbəti dəfə yenə də oxşar kəşfiyyat əməliyyatına gedirlər. Yenə də ermənilərə ağır zərbə vurub geri qayıdırlar. Nəhayət, 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu işğalçıların üstünə şığıyır, ağır döyüşlər başlayır. Rəşad «Qartal»la, yəni polkovnik-leytenant Orxan Əkbərovla döyüşə atılır. Oktyabrın 2-də hər iki şəhid olur.
Mən 2020-ci ilin Vətən Müharibəsi Qəhrəmanıolan igidimiz Orxan Əkbərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Amma hesab edirəm ki, Orxan Əkbərovun qəhrəmanlığı bu kitabla əbədi yaddaş qazanmış oldu.
Yeri gəlmişkən, kitabın adında da qəribə bir məna yatır: maraqlıdır, sən demə, həmin gün, yəni əfsanəvi kəşfiyyatçının şəhidliyi günündə 2-ci Korpusun Komandanı, general mayor Mais Bərxudarov Orxan Əkbərova son dəfə əmr verərək hücuma keçib Füzuli istiqamətində əsas strateji yüksəkliyi ələ keçirməyi tapşırır… Əsərdə bu məqam olduqca ibrətamiz formada təsvir olunur: ağır döyüşlər zamanı Orxan Əkbərov döyüşçüləri ilə birlikdə mühasirəyə düşür. O, döyüşçülə\rin hamısına əmr edir ki, kim subaydır, dərhal ərazini tərk edib geri çəkilsin. Lakin heç kim komandiri tək qoymaq istəmir. Nəhayət, o, sonuncu dəfə əmr edir ki, əgər getməsəniz, düşmən snayperləri hamınızı öldürəcək, elə isə mən sizi əmrimə tabe olmadığınız üçün burada güllələyəcəyəm ki, heç olmasa, düşmən gülləsindən ölməyəsiniz, düşmən sevinməsin. Bunu görən subay döyüşçülərin hamısı ərazini məcburən tərk edir, onların hamısı mühasirədən çıxırlar. Lakin Orxan Əkbərov Rəşad da daxil, 6 nəfərlə birlikdə düşmənin yüzə yaxın döyüşçüsünü, hərbi texnikalarını məhv edir, sonda onların 6-da qəhrəmancasına şəhid olur.
Bu hadisələr Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında da real fakt olaraq qeydə alınmışdır.
Nəhayət, onu da diqqətə çatdırım ki, əsər təkcə Azərbaycanın 30 ildən çox müddətdə işğal altında qalmış torpaqlarının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xüsusi qəhrəmanlıq göstərilərək, cəmi 44 günə düşməndən azad edilməsi, qəhrəman oğullarımızın necə qorxmaz və torpaq uğrunda özünü ölümə belə verərək igidlik göstərməsi və s. ilə diqqəti çəkmir. Əsərdə həm də Azərbaycan kəşfiyyatçılarının qəhrəmanlığı, Rəşadın timsalında düşməndən qisas almayana kimi yaşamaq haqqının olmadığı və s. oxucuya bədii təsvir vasitələri ilə çatdırılır.
Əsərin bir çox müsbət xüsusiyyətləri var ki, daha geniş təsvir etmək istəməzdim. Lakin ən vacib məqamlardan birini deyim ki, igid kəşfiyyatçılarımız olan «Qartal» və Rəşadın nümunəsində həm Azərbaycan, həm də elektron media vasitəsilə (əsər ingilis və rus dilinə tərcümə edilərsə) dünya ictimaiyyətinə çatdırıla bilər ki, Azərbaycan döyüşçüləri ermənilərdən qisası da ləyaqətlə almağı bacarır, qeyri-insani hərəkətlərə yol vermir, qadın və qocalara, uşaqlara rəhm etməyi bacarır. Qadın ləyaqətinə isə kəşfiyyatçılarımız ümum bəşəri prizmadan yanaşır, ermənilərin Xocalıda, kəlbəcərdə, Qərbi Azərbaycanda törətdikləri vəhşilikləri rədd edirlər. Məsələn, əsərdə belə bir məqam var: İrandan gələn yük maşınları ermənilərin işğalı altında qalmış Qarabağ ərazilərində metallom yığmaqla məşğul olur. İki İran sürücüsü erməni Saraya yaxınlaşıb ona nalayiq təkliflər edirlər. Bu zaman orada çalışan əsir və girovluqda olan Azərbaycanlılardan biri dözmür, həmin iranlı sürücünü döyür… Ermənilər həmin əsiri alqışlayıb «Sən kişi adamsan, afərin!» deyərək ona minnətdarlıq da edirlər.
Əsərdə, eləcə də dünyanın rəsmi mətbuatında yayılmış və Zori Balayanın yazdığı, Azərbaycanlılara Xocalıda, digər ərazilərdə necə işgəncələr verdikləri, insanlığa yaraşmayan vəhşiliklər törədikləri ermənilərin öz dilindən səsləndirilir.
Kitab bir də bir məqamla diqqətimi cəlb edir: ilk bədii əsərdir ki, Azərbacan Ordusunun dünyaya səs salmış, düşməni kapitulyasiyaya məcbur etmiş qələbəsi bədii ifadə vasitələrindən peşəkarlıqla istifadə olunmaqla verilmişdir. Həmçinin sonda «Dağlıq Qarabağ Respublikası» adlı qondarma qurumun məhz onu yaratmış və uydurmuş separatçılar tərəfindən buraxılması, hamısının həbs edilərək Azərbaycanın istintaq orqanlarına təhvil verilməsi, ən nəhayət, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə, eləcə də Xocalıda Azərbaycan bayrağının ucaldılması, 8 noyabr Qələbə Paradının isə Xankəndidə qəbul edilməsi rəsmi xronika kimi verilmişdir. Deməli, müəllif nəzərə almışdır ki, gələcək nəsillər indi hamımızın yaşadığı bu şərəfli tarixin o anlarını dəqiq bilməlidir!
Güman edirəm, «Sonuncu əmr» romanı son illərdə yazılmış ilk bədii əsərdir ki, Azərbaycanın düşmən üzərində tarixi qələbəsindən, Qarabağın uzun illərdir işğal altında qalmış torpaqlarının tamamilə azad edilməsindən bəhs edir. Bu, gələcək nəisllərə bu günümüzdən ötürülən bir tarixi dərs və mirasdır!
Əsgər Məmmədov,
Rusiya Federasiyasının Əməkdar rəssamı
(Moskva)