Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb. Bəs niyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində hansısa qabaqlayıcı, qarşısını alacaq tədbirlər görülmür???
…Ölkəmizdə demoqrafik problemlər yaşanmaqdadır… Səbəblər müxtəlifdir, amma əsaslı səbəblər deyil. Əsaslı olmadığından da qarşısı alınmaz kimi görünür. Ekspert rəyləri, hüquqşünasların fikirləri, valideynlərin mülahizələri və təsirləri də kara gəlmir. Bəs nə baş verir?
Ölkə bir yandan evlənir, bir yandan da boşanırlar…
«Təzadlar»ın daim diqqət yetirdiyi və araşdırdığı mövzulardan biri də məhz qeyd olunan problemdir. Tanınmış hüquqşünas, ehtiyatda olan polis polkovniki, eləcə də sabiq polis rəisi Şəmsəddin Əliyevin qəzetimizə verdiyi müsahibələrdən də məlum olur ki, bu sosial bəlanın qarşısı yalnız maarifləndirmə ilə alına bilər. «Sosial şəbəkələrdə tanınmış şou əhli xanım və ya kişilərin boşanmalarının həvəslə təbliği bu sahədə də təsirsiz deyil. Bir tərəfdən də ailə quran gənclərin yeni qurulan ailə institutuna dəyər verməməsi, ciddi qəbul etməməsi, evlənməni başdansovdu qərar kimi qəbul etmələri, valideynlərin bu evliliyə lazımi diqqət verməməsi və toydan sonra gənc ailəni nəzarətsiz buraxması və s. amillər, şübhəsiz ki, vəziyyəti bu həddə çatdırıb. Elə buna görə də Azərbaycanda 2005-2017-ci illər ərzində məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin (qətnamə çıxarılmış işlər) sayı 3 dəfəyə yaxın artıb. Mübahisələrin çoxu nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı olub…».
Dövlət Statistika Komitəsinin məlumatında da deyilir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən təkcə 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah qeydə alınıbsa, həmin dövrdə 3 456 boşanma halları baş verib. Hansı ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər yüksəlib.
2005-ci ildən 2022-ci ilədək olan dövrdə isə Azərbaycanda nigaha daxil olma ilə boşanmalardakı balansın sonuncunun xeyrinə necə dəyişməsini əks etdirən statistika ürək ağrıdandır. Məsələn, məhkəmələrdə baxılmış mülki işlər (Qətnamə çıxarılmış, həll edilmiş işlər) yuxarıda deyilənləri təsdiqləyir. Belə ki, əgər ailə münasibətləri üzrə mübahisələrin sayı 2005-ci ildə 8727 fakt olubsa, 2010-cu ildə bu rəqəm 12592, 2015-ci ildə 20959, 22020-ci ildə 38052 və 2022-ci ildə isə 22136 fakt olub.
Bəs Azərbaycanda ötən illərdə nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsinin vəziyyəti necə olub?
Bununla bağlı maraqlı, həm də kədərli statistika mövcuddur. Məsələn, əgər 2005-ci ildə 6466 nikah pozulubsa, bu rəqəm 2010-cu ildə 7921, 2015-ci ildə 11281, 2020-ci ildə 13023, 2022-ci ildə 12636 fakt olub. Göründüyü kimi, Azərbaycanda gənc ailələr sabaha boşana-boşana gedir. Özü də ildən-ilə artımla.
Bəs niyə ailə institutunda maraqlı olan dövlət qurumları, xüsusən də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qabaqlayıcı tədbirlər görülmür? Bilirəm ki, bu suala komitədən hansısa layihələrin, maarifləndirici tədbirlərin görülməsini əks etdirən press-relizləri ortaya qoyub deyəcəklər ki, biz çalışırıq… Bəli, biz demirik ki, Komitənin rəhbərliyi və əməkdaşları çalışmır… Biz deyirik, elə çalışmaq lazımdır ki, nəticə olsun. Nəticə isə yoxdur. Olsaydı, ildən-ilə boşananların sayı artmazdı. Halbuki ümumi maarifləndirmədən daha çox, ailə qurmuş gənclərlə fərdi təmaslar sayəsində ailədaxili problemləri öyrənərək onun həllinə dəstək vermək olar. Ailə ona ictimai nəzarətin, özü də Dövlət komitəsi tərəfindən, olduğunu görərsə, boşanmaya aparan yolda qırmızı işıq yanar…
Azərbaycanda boşanmalar niyə daha çox 90-cı illərdən başlayıb?
Apardığımız daha bir araşdırma və təhlil diqqəti çəkən mənzərəni ortaya qoydu. Məsələn, keçmiş illərimizin evlənmə-boşanma statistikası nə deyir? Məlum olur ki, müstəqil TV-lərimizdə yayımlanan və ailə institutu ilə bağlı serialların kütləvi yayımına start verildiyi dövrdən başlayaraq ölkəmizdə də boşanmaların nikahlara görə faiz nisbəti durmadan artıb. Bu ilin ilk aylarında bu nisbət az qala əlli faizə çatıb. Bu isə o deməkdir ki, ailə quranların yarısı az sonra boşanmağa qərar verib. Axı burda səbəbi Amerikada, Afrikada, kosmosda axtarmağa da lüzum yoxdur. Məhkəmələrdə monitorinq aparılsa, boşanmaların səbəbi bilinəcək. «Təzadlar» olaraq boşanma kimi mülki işlərdə çıxış edən vəkillərlə söhbətimizdən belə qənaətə gəlirik ki, boşananlar məhkəmə iddialarında daha çox xəyanət, ərin işsizliyi və narkotikə qurşanma kimi səbəblər göstərirlər. Boşayanlar isə süni səbəb kimi xəyanət və arvadının onun sözünə baxmaması, diqqət göstərməməsi, sözlərinin çəp gəlməsi və s. kimi səbəbləri göstərirlər.
Beləliklə, məlum olur ki, Azərbaycanda 1935-ci ildə 31262 nikah olubsa, həmin il boşanma 14432 fakt olub. Bu göstərici illər üzrə belə olub: 1945-ci il: 15766-310, 1955-ci ildə: 34359 və 1505, 1965-ci ildə: 39077 və 3537, 1975-ci ildə: 47173 və 7096, 1985-ci ildə: 70104 və 7879, 1995-ci ildə 43130 və 5669, 2005-ci ildə 71643 və 6914, 2015-ci ildə: 68773 və 12764, 2020-ci ildə: 35348 və 14628, 2022-ci ildə: 61939 və 15983 fakt!
Milli TV-lərimiz xəyanəti təbliğ edən seriallarla özlərinə reytinq, Azərbaycana isə boşanmış qadınlar, atasız uşaqlar qazandırır!!!
Göründüyü kimi, boşanmalar daha çox 90-cı illərdən başlayıb. Bu isə daha çox TV-lərdə xəyanəti, boşanmanı, ikinci-üçüncü ərə getməni təbliğ edən serialların kütləvi nümayişinə start verildiyi illərə təsadüf edir. Necə ki, indi milli TV-lərimiz xəyanəti təbliğ edən seriallarla özlərinə reytinq, Azərbaycana isə boşanmış qadınlar, atasız uşaqlar qazandırır!!!
Bəs hansı yaşda daha çox boşanma meyilləri güclənir?
Apardığımız müşahidə və təhlillər daha bir qanqaraldıcı faktı ortaya qoyub. Məsələn, 2022-ci ildə nikahın davametmə müddətinə və boşananların yaş qruplarına görə olan boşanmaların statistikasını təhlil etdik. Budur, düşünməyə dəyər: məlum olur ki, məsələn, 2022-ci ildə 15983 boşanma olub, o cümlədən 5 ilədək nigahda olandan sonra boşanma 4996, 5-9 ildən sonra-4414, 10-19 ildən sonra- 4808, 20 ildən yuxarı nigahdan sonra isə boşanma 1765 olub.
Beləliklə, məlum olur ki, ən çox boşanma 30-34 yaşda olub: 4198 fakt!
Qadınlar arasında da boşanma ən çox 30-34 yaşdadır- 3925 fakt!
Bəs niyə 30-34 yaşda boşamaya və boşanmaya meyl artır?
Təəssüflər olsun, bu suala cavab verən nə mütəxəssis və ya ekspertdən cavab ala bildik, nə də rəsmi qurumlardan. Amma söhbət etdiyimiz boşanmış kişilərin bir neçəsi ilə təmaslardan sonra bu qənaətə gəldik ki, açıq desək, bu yaşda həm kişilərdə, həm də qadınlarda sərbəs və dəbdəbəli yaşamağa meyl, yaxud həvəs artır. Ailə institunun dəyərini bilmək bu yaşdakılara elə də təsir etmir, veclərinə olmur. Qadınlara da bu həvəslilik aiddir. Daha doğrusu, bu yaşda avtomobilə sahib olmaq, TV-lərdə və ictimai yerlərdə gördükləri sərbəst yaşam tərzli qadın və kişiləri görmək də onların psixoloji vəziyyətinə təsirsiz ötüşmür…
***
Biz imkan daxilində sözümüzü dedik. Demək istədiklərimiz isə daha çoxdur. Ən sonda, sözümüz cəmiyyətə durmadan mənfi təbliğat aşılayan milli TV-lərimizin sahibləri bilsinlər: sizlər xəyanəti təbliğ edən seriallarla özlərinizə reytinq, Azərbaycana isə boşanmış qadınlar, atasız uşaqlar qazandırırsınız!!! Unutmayaq ki, bu qadınların, uşaqların biri də sizlərin ətrafında, ailəsində… ola bilər!
Asif MƏRZİLİ