Prezidentin 29 dekabr 2021-ci il tarixdə imzaladığı “Müharibə veteranı” haqqında sərəncam bir ay müddətinə yerinə yetirilməli olduğu halda, üçüncü aydır ki, tam yerinə yetirilməyib və hələ də 12 min veteranın taleyi havadan asılı qalıb...
...2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən II Qarabağ savaşı tarixə qızıl həriflərlə yazildı. 30 il erməni işğalında qalmış torpaqlarımız Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri və ordumuzun rəşadəti, zabit və əsgərlərin qəhrəmanlığı sayəsində azad edildi. Bu yolda şəhidlərimiz və qazilərimiz oldu. Xalqımız 44 günlük II Qarabağ savaşında qələbəyə qədər döyüşüb, şəhid olanların ailələrinə, qazilərə və salamat gəlmiş veteranlarımıza çox böyük həssaslıq və qayğı ilə yanaşır. Axı bu insanlar xalqımıza elə bir qələbəni yaşadıblar ki, Azərbaycan durduqca mahiyyəti yaşayacaq. Başımız hər yerdə uca, alınımız açıq oldu. Xüsusilə Avropada və digər ölkələrdə yaşayan soydaşlarımız bu qələbənin gətirdiyi sevinci, fərəhi, baş ucalığını öz üzərlərində hər gün hiss edirlər. Dövlət səviyyəsində isə şəhidlərə, qazilərə və Qarabağ veteranlarına çox böyük qayğı və diqqət göstərilir. Elə bu qayğı və diqqətin davamı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyev 2021-ci il dekabrın 29-da II Qarabağ savaşından salamat qayıtmış veteranlarımıza “Müharibə veteranı” vəsiqəsinin və Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzaladı. “Təzadlar”a daxil olan döyüşçülərin müraciət və şikayətlərindən isə məlum olur ki, bu sərəncamdan irəli gələn vəzifələri Nazirlər Kabineti hələ də tam yerinə yetirə bilməyib və çoxsaylı veteranları, sanki unudublar. Prezident sərəncamının icrasına belə münasibət Nazirlər Kabinetinin məramına qətiyyən uyğun gəlmir. Bu işdə məsuliyyət kimin üzərinə düşür, hələ onu bilmirəm. Bildiyim odur ki, Nazirlər Kabinetinin müvafiq qrumları öz işinin öhdəsindən layiqincə gələ bilmirlər və nəticədə mənəvi əzab çəkən, canını düşmən gülləsinə sipər edib, Allahın möcüzəsi ilə salamat qalan veteranlardır.
***
Redaksiyamıza bu barədə veteranlardan çoxsaylı şikayətlər daxil olur. Biz də bu məsələyə aydınlıq gətirmək üçün bəzi araşdırmalar apardıq və belə qənaətə gəldik ki, Nazirlər Kabinetinin aidiyyəti qrumları problemin həllinə tələsmir. Sanki qəsdən veteranlara problem yaradırlar ki, dövlətdən və Prezidentən narazı olsunlar. “Döyüş vaxtı Prezidentin adı ilə hücuma keçmişik və Ali Baş Komandan kimi İlham Əliyev də bizim arxamızda dayanıb. Məhz bu birliyin sayəsində düşmənə qalib gəlmişik. Amma Prezidentin “Müharlbə veteranı” haqqında verdiyi sərəncama yerlərdə düzgün əməl edə bilmirlər”.
Bu müraciətdən sonra araşdırma apardıq və çox maraqlı məqamlar üzə çıxdı. Əvvəlcə Yasamaldakı DOST Mərkəzinə müraciət edib, veteran təqaüdü üçün kartların verilib, verilməməsi ilə maraqlandıq. Məlum oldu ki, bir çox güc strukturlarında artıq kartlar paylanıb. Müdafiə Nazirliyində də bu məsələnin çox hissəsi həll olunub. Amma 12 min veteranın gözü hələ yoldadır. Konkret ad, soyadı ilə yoxladıqda isə, məlum oldu ki, bu şəxslər də havadan asılı qalan həmin o 12 min nəfərin sırasındadır. Yəni, Prezident təqaüdü onlara hələ verilməyib və Nazirlər Kabineti həmin veteranların döyüş yolunu yenidən araşdırmaq üçün sənədləri Müdafiə Nazirliyinə qaytarıb.
***
...Olduqca maraqlı mənzərə yaranıb. Necə yəni veteranların döyüş yolunu yenidən araşdırmaq lazımdır? Halbuki müharibədən dərhal sonra- 15 və 29 dekabr 2020-ci il tarixlərində Prezident İlham Əliyev həmin veteranların döyüşlərdə fərqləndiklərinə, göstərdikləri qəhrəmanlıqlara görə müxtəlif orden və medallarla təltif olunması haqqında sərəncam imzalayıb. Məgər Prezidentin bu sərəncamı Nazirlər Kabineti üçün keçərli deyil ki, əlavə araşdırmaya da ehtiyac qalsın?! Elə hərbi hissələrin orden və medalların təltifi üçün isti-isti Prezidentə təqdim etdikləri siyahı ilə veteranlıq adını vermək olmazdımı?!
Gəlin, əvvəlcə Prezident İlham Əliyevin 2021-ci il 29 dekabr tarixli sərəncamının bir hissəsinə yenidən nəzər salaq:
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
- 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022-ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin təqaüdü) təyin edilməsi və ödənilməsi təmin edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bir ay müddətində:
2.1.1.“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərin kateqoriyalarının müəyyən edilməsini təmin etsin;
2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin”.
***
Təqdim etdiyimiz sərəncamın elə bu hissəsindən görünür ki, Prezident İlham Əliyev veteranlıq vəsiqəsinin və təqaüdünün verilməsi məsələsini bir ay müddətində həll etmək üçün göstəriş verib. Amma təəssüflər olsun ki, Nazirlər Kabinetindəki bəzi şəxslər veteranlarla öz aralarına səngər qurub, oturublar...
***
Məsələni aydınlaşdırmaq üçün Müdafiə Nazirliyinin Tbilisi prospekti- 63 ünvanda yerləşən baş idarəsində də olduq. Burada olarkən veteranlığın, veteran təqaüdünün və medalların verilməməsinə görə şikayətə gələn çoxsaylı döyüşçüləri də gördüm. Onlar haqları olan adları, medalları almaq üçn müxtəlif məzmunlu ərizələr yazırdılar. Burada öyrəndim ki, Nazirlər Kabineti həmin 12 min veteranın keçdiyi döyüş yolunu təsdiq etmək üçün Müdafiə Nazirliyinin əli ilə hərbi hissələrə sorğu göndərir.
Axı yuxarıda da qeyd etdik ki, əgər bu döyüşçülərə hərbi hissələrin təqdim etdiyi siyahı əsasında Prezident sərəncamı ilə müxtəlif orden və medalar, Fəxri adlar verilibsə, keçdiyi döyüş yolu barədə hər bir veteranın hərbi biletinə bu barədə müvafiq qeydlər edilibsə, daha hansı araşdırmadan və sorğudan söhbət gedə bilər? Bunun adını nə qoyaq? Prezident sərəncamına hörmətsizlik, yoxsa məsuliyyətsizlik? Axı bu dərəcədə vətən yolunda canını fəda edən insanları aşağılamaq olmaz. Elə Müdafiə Nazirliyinin baş idarəsində olarkən ora şikayətə gələn çoxsaylı döyüşçülərin sözlərindən müəyyən etdim ki, eyni yerdə döyüşən insanların birinə təqaüd kartı verilib, o biri isə hələ qapılarda sürünür. Hamısı da yenidən ərizə yazmağa məcbur olublar. Bəzilərinin Füzulidən, Şuşaya qədər döyüş yolu keçməsinə baxmayaraq, medal siyahısında adları yox idi. Bəzilərinin isə veteranlıq təqaüdü verilir, amma medal siyahısında adı çıxmayıb. Hətta bəziləri isə medal alıb, veteranlıq siyahısına adı düşməyib. Görəsən bu qarmaqarışıqlığı yaradanın məqsədi nədir? Axı bu həssas insanları bu qədər incitmək lazımdırmı?
İnanırıq ki, bu məsələ Prezident İlham Əliyevin diqqətinə çatdırılacaq və bir çox məmurların ciddi şəkildə cəzalandırılacağı şübhəsizdir. Axı fakt ortadadır. Bir ay müddətinə yerinə yetirilməli olan Prezident sərəncamı üçüncü aydır ki, tamamlanıb, başa çatdırılmayıb. Yəqin ki, bunun hesabını soran tapılacaq.
Elçin MƏMMƏDLİ,
I Qarabağ döyüşçüsü, topçu batareyasının sabiq komandiri