VOLODİMİR ZELENSKİ: “Avropa İttifaqının deportasiyaya sponsorluq etmək hüququ yoxdur."

Ukrayna prezidenti Volodimir Zelenski Estoniya parlamentinə müraciətində Aİ-ni ukraynalıların Rusiyaya deportasiyasını dayandıra biləcək vasitələr tapmağa çağırıb.

Bu barədə “Evropeyskaya pravda” məlumat yayıb.

Zelenski, həmçinin Estoniyaya müdafiə dəstəyinə, ukraynalı miqrantlara yardıma və Rusiyanın enerji resurslarından imtina etməsinə görə təşəkkür edərək  bildirib ki, Avropa Qitəsi 1940-cı illərdə gördüyü pisliyə, işğala batmasının qarşısını almaq üçün daha çox iş görülməlidir.

“Ukraynalılar və estonlar üçün Sibirdə və ya RF-nin Uzaq Şərqində uzun illər yaşadıqları tarixin qara səhifələri təkrarlanmamalıdır”, - deyə vurğulayıb.

Ukrayna prezidenti müraciətində “Aİ səviyyəsində Rusiyaya deportasiyanı dayandıra və bütün deportasiya olunmuş insanları evlərinə qaytara biləcək təsir alətləri tapmağa” çağırıb.

Onun sözlərinə görə, “Aİ bunu təmin etməyə qadirdir".

Zelenski müraciətində "Rusiya zorla aparılmış ukraynalıları, minlərlə oğurlanmış uşağı geri qaytarmayana qədər Avropa dövlətlərindən və şirkətlərindən pul almamalıdır. Avropa İttifaqının deportasiyaya sponsorluq etmək hüququ yoxdur", - deyə vurğulayıb.

Onun sözlərinə görə, bu günə qədər 500 mindən çox ukraynalı məcburi şəkildə köçürülüblər.

“Ukraynalıları sənədlərdən məhrum edirlər, hər şeyi alırlar - onları Rusiya Federasiyasının ucqar regionlarına aparmağa çalışırlar. Ukraynaya qayıtmaq cəhdlərinə hər cür mane olurlar, uşaqları valideynlərindən ayırırlar və onları qanunsuz yolla övladlığa götürmək üçün rusiyalı ailələrə göndərmək istəyirlər”, - deyə bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevral ayının 24 -də Ukraynada "xüsusi əməliyyat"a başladığını elan edib. Bu gün isə müharibənin 49-cu günüdür. BMT-nin ötən günə olan məlumatına görə,  Ukraynadan didərgin düşən vətəndaşların sayı 4 milyon 600 mini ötüb.  Mülki əhali arasında həlak olanların sayı 1892 nəfər, yaralananların sayı isə  2558 nəfərə çatıb.

Ukrayna və Rusiya nümayəndə heyətlərinin dəfələrlə bir araya gəlməsinə baxmayaraq, tərəflər arasında sülh razılaşması əldə olunmayıb. Və hələ ki, Rusiya qoşunlarını Ukraynadan çıxarmaq barədə qərar vermir...

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN