Rafael HÜSEYNOV 
Akademik

Bu təltif sevindirən və düşündürəndir...

2022-ci ilin aprelində Azərbaycanın hüquqşünaslıq həyatında əlamətdar hadisə baş verdi. Əməkləri olan dəyərli bir insan yüksək dövlət təltifinə layiq görüldü. Zahirən sanki burada qeyri-adi olan heç nə yoxdur və lap çoxdan ənənəviləşmiş addım növbəti dəfə atılıb.

Lakin bu mükafatlandırmanı sıravilikdən çıxaran və ibrətə çevirən məqam odur ki, təltif edilən şəxs artıq xeyli müddətdir karyerasını başa vurub, təqaüddədir və doğmaları, dostları, yaxınları ilə 80 yaşını bayram edir. Və Azərbaycan dövləti onun bu bayramını "Şöhrət" ordeni ilə şərəfləndirir. Bu təltifin iki əsas ibrəti var. Əvvələn, həmin təltif xidmətləri olan layiqli insanları dövlətin daim diqqətində saxladığının göstəricisi, gərəklilərin unudulmadığının, əslində yenə sıralarımızda qalmasının ifadəsidir. İkincisi də, Vətən, dövlət, xalq naminə çalışan hər kəs üçün bir örnəkdir ki, belə olun! Ömrünüzü və yolunuzu elə yaşayın ki, sizin varlığınız həmişə hiss edilsin, boyunuz daim dikəlsin, yaxşı işlərinizin dalğası sizi müdam müşayiət etsin. Bu təltif olunan Azərbaycanın Əməkdar hüquqşünası İkram Kərimovdur. Onu Azərbaycan yaxşı tanıyır, amma tanımayana, ya az tanıyana da "İkram Kərimov kimdir, necə mütəxəssisdir, necə işləyib" suallarına xidmətdən ayrılmasından illər ötəndən sonra verilən bu təltifdən tutarlı cavab olmaz.

Hələ sovet dönəmində İkram Kərimova SSRİ Baş prokuroru tərəfindən baş ədliyyə müşaviri xüsusi  rütbəsi verilmişdi, o dövrdə də, müstəqillik illərində də bir sıra orden və medallar alıb. Hamısına layiq idi. Ancaq onda cavan idi, iş başında idi, vəzifələr tuturdu, gündəlik səmərəli fəaliyyəti göz qabağında idi. İndi gənclik də arxada qalıb, daha vəzifə də tutmur, ömrün istirahət fəslini yaşayır, Türkiyə türkləri demiş, "əməkli"dir. "Təqaüdçü" kəlməsi əvəzinə ana dilimizdə anlamı və çalarları daha çox olan, içərisi daha geniş bu sözü işlətməyim bica deyil. Çünki İkram Kərimovu İkram Kərimov edən ömrü boyu ürəklə çalışması, işləməkdən, fayda verməkdən usanmazlığıdır. Adı təqaüdçüdür, amma bu gün də elə dünənki fəallıqla yenə meydandadır, harada sözünə, məsləhətinə, yolgöstərməsinə ehtiyac varsa, oradadır, yenə əli qələmlidir, yenə peşəkar tövsiyələri və keçilmiş yol haqda hekayətləri ilə teleekranlarda, Azərbaycan insanı ilə üz-üzədir.

Simsarlar, ailəliklə yovuq olanlar bilir ki, İkramın bir başqa adı da olub - Əvəz. Həyatdan erkən getmiş böyük qardaşı hüquqşünas olmağı arzulayırmış. Yolu yarımçıq qırılır. İxtiyar çağlarında gördüyüm, ancaq o çağlar da ötkəmliyi, zabitəsi elə əvvəlki kimi qalan anaları bu itkini ağır yaşayırmış, elə İkramı da hər an böyük qardaşın yerində gördüyündən onu Əvəz çağırmışdı. İkram ana arzusunu doğrultmağı, ana nisgilinə sığal çəkməyi bacardı. Layiqli ƏVƏZ oldu! Həm ailədə böyük qardaşını əvəz etdi, həm də talelərini hüquq-mühafizə orqanlarındakı işə bağlamış, bu sahədə xoş sədaları indiyəcən söylənən atasının, əmilərinin bu yoldakı əvəzi! Lakin şair demiş: "Şagird ustadından neçə mərtəbə İrəli getməsə, o, şagird deyil!" İkrama da daha gen üfüqlərə qanadlanmaq, Əvəz çağırıla-çağırıla əvəzolunmazlığa yetişmək də nəsib oldu. 1960-70-ci illərdə Azərbaycanda və nəhəng sovet məkanında İkram Kərimov üstüörtülü qalan qəsdən adamöldürmə cinayətlərinin açılmasında bənzərsizlərdən sayılırdı və adı Baş Prokurorluğun "Ən yaxşı müstəntiq" fəxri kitabına yazılmışdı ki, gününə görə bu, hər peşəkarın həsəd aparacağı ən ali peşəkar dəyərləndirmələrdən  idi. 

***

...Bir zamanlar İkram Kərimov indiki Xəzər, ovaxtkı Əzizbəyov rayonunun prokuroru təyin ediləndə onu həmin dövrdə respublika başçısı olan Heydər Əliyev qəbul edir. İkrama qədər uzun illər həmin rayonun prokuroru kürsüsündə arxası çox yuxarılara bağlanan erməni oturmuşdu. Ulu Öndərin İkram Kərimova ən əsas tapşırığı və öyüdü bu olur: "Çalışın elə işləyəsiniz ki, deməsinlər əvvəlki bundan yaxşı idi". O vaxt da, ondan sonra da, böyük ölçüdə elə həyatı boyu da həmin sözlər İkram Kərimov üçün ülgüyə çevrildi. Nəinki tutduğu hər vəzifədə, gördüyü hər ən xırda işdə də səy etdi ki, töhfəsini versin, öndə olsun, fərqlənsin. Qanun şahdır. Bu, hüquq elminin qızıl qaydasıdır. Ancaq insanlar olmasa, şah kimdir ki?!

İkram Kərimovun yaxşı bələd olduğum peşəkar yolu, illər boyu insan taleləri ilə əlaqədar qəbul etdiyi qərarları xəyalımdan keçirəndə gəldiyim əsas qənaət budur ki, onu bir hüquqşünas kimi səciyyələndirən əsas cəhət həmişə qanunun aliliyinə daim riayət etməklə yanaşı, hüquq tərəzisində qanunun icrasının insanlar üçün ən mənfəətli olan məqamının ağır gəlməsinə meyil etmək olub. Bundan ötrü bəzən hansısa həmkarları ilə üz-göz də olub, bəlkə hansısa həmkarı ondan inciyib də, yeri düşəndə risk də edib. Qazancı sadə insanların "sağ ol"u, razılığı, bəzən sözlə ifadəsinə güc çatmayaraq qəhərlə, göz yaşı ilə ifadə edilən minnətdarlığı olub. Bu savabın dünya malından qat-qat qiymətli və gələcəkli olduğunu hər səlahiyyət sahibi bilsəydi, əlbəttə, həyat daha yaşamlı, dünya daha gözəl olardı. Ömür yaşanır və onun bəlli bir ucalığına çatanda illərin hündürlüyündən arxada qalan yola nəzər salmaq imkanı qazanırsan. Və məhz bu yüksəklikdən seyr edəndə köhnə illərin axarında olarkən yaşadıqlarının hamısı sənə bir az başqa biçimdə görünməyə başlayır. Anlayırsan ki, sən demə, təsadüfi saydığın çox hadisələr, ömründən keçmiş insanlar və əslində həyatındakı heç nə səbəbsiz deyilmiş, baş verənlərin hamısı bir-biri ilə zəncir kimi bağlıymış. Elə bil ki, ilahi qələm bəlli yol xəritəsi cızıbmış və sənin də öhdənə sadəcə öncədən cizgiləri məlum olan yollardan dürüst keçmək düşürmüş. Gec-tez, dərindən, ya üzdən belə düşüncələrə dalmaq hər kəsin qismətində var. Onda qalmış ömrü boyu insan taleləri ilə məşğul olmuş, onillərcə insanı, onun əməllərini təhqiq, tədqiq, təhlil etmək əsas işi, sənəti, vərdişi olmuş bir şəxs ola! Azərbaycanın hüquqşünaslar mühiti onu yaxşı tanıyır. İstər yaşlı nəsil olsun, istər orta, istərsə də nisbətən cavan - hamısına İkram Kərimov adı yaxşı bəllidir. Ümumən mənim müşahidəmcə, lap əvvəlindən bugünəcən Azərbaycan cəmiyyətində məxsusi yeri olan həmin mühitdə çalışmış, iz qoymuşları o sahənin adamları da, elə insanlarımız da tanıyır. Vəzifəsindən ayrılandan sonra, lap böyük vaxt ötəndən sonra da onlar unudulmur. Kimi yaxşısı, kimi pisiylə. Söz yox, bunun ilk səbəbi həmin şəxslərin bilavasitə insan taleləri ilə bağlı olmasıdır. Ancaq elə hüquqşünasılar var ki, heç vaxt hüquq-mühafizə orqanlarında çalışmayıblar, ya dərs deyiblər, ya elm sahəsində fəaliyyət göstəriblər. Onların da seçkinləri adətən unudulmayıb, unudulmur.

Hər kəsin də məhz özünün qazandığı bir ad, bir dəqiq qiymət var. Bağlı olduğu həmin mühitin və gendən baxıb dəqiq görən və sərrast ifadə edən elin verdiyi qiymət. 

***

Mənim köhnə dostum İkram Kərimovun dəyəri həm təmsilçisi olduğu peşə mühitinin, həm də elin nəzərində həmişə əziz olub. Onun adı həmişə sayğıyla çəkilib, o, daim örnək gətirilənlərdən olub. Cəza vermək hüququ olan bir sahədə onillərlə fasiləsiz çalışmış, müstəntiq, prokuror, hakim olmuş bir insanın belə uzun yolu arxada qoyandan sonra bunca xətir-hörmət qazanması, qüsursuzluğu, nümunə göstərilənlər, ən ədalətlilər cərgəsində yer tutması qətiyyən asan deyil. İnsan səhvsiz olmur. Müstəntiqin də, prokurorun da, hakimin də yanlışlara yol verməsi qaçılmazdır. Ancaq başqa sahədə bəlkə də sonra düzəlməsi asan olan xəta bu peşənin sahibi, ya bir həkim tərəfindən törədiləndə onun təsiri də daha ağrılı, izi də daha dərinə işləyən olur. Ədalətli münsifəsə cəmiyyətin həmişə ehtiyacı var. Şerlok Holms adlı bir xəfiyyə tarixdə olmayıb. Ancaq həyatda olmamış bu surətin İngiltərə paytaxtında, Beker Strit məhəlləsində evi var. Hər gün axın-axın insan gəlir, baxır. Və Azərbaycanın da o məşhur obraza tay tutulan şəxsiyyətləri ən müxtəlif dövrlərdə ömür sürüb.  Yolunu təzə başlayanda İkram Kərimov respublika Prokurorluğunda mühüm işlər müstəntiqi Ağaverdi Abbasovun yanına təcrübəyə göndərilir. Gününə görə Ağaverdi Abbasov az qala əfsanəvi bir istintaqçı sayılırmış və həmkarları arasında ona elə "Şerlok Holms" deyərmişlər. İkram Kərimov onun yanına gəlib yetişənəcən universitet təhsili və tərbiyəsi görmüşdü, sanballı müəllimlərdən dərs alımışdı. Ancaq Azərbaycan "Şerlok Holms"unun yanındakı aylar onunçün ikinci universitetə çevrilir və illər ötüncə elə özünün də eyni ləqəblə nişan verilməsinə aparan yollardan biri məhz həmin "ikinci universitet"dən qaynaqlanır. Ancaq biz belə müstəsna peşəkarlarımızı nə dərəcədə tanıtmışıq, nə qədər uğurlu, qənaətbəxş təbliğ və təqdim edirik?

Ya heç etmirik, ya az edirik. Axı o cür parlaq nümunələrin yaddaşlara köçməsi sabah yeni həmin qəbildən olan  misilsizlərin ayarlanmasına aparan yoldur.

Doğrudur, vaxtilə həmin Ağaverdi Abbasov haqqında "Müstəntiqin şöhrəti" adlı bir kitab yazılıb. Ancaq uydurma detektiv süjetlərə ifrat maraqdansa bu qafilədən olan şəxsiyyətlər və zamanında əks-səda doğurmuş işlər barəsində gərək kitablar da bol ola, sıra-sıra filmlər də çəkilə. Və ya bizim elə çekistlər olub ki, zamanında yalnız dar bir çərçivədəki tək-tək adamların bildiyi böyük şücaətlər göstəriblər. Vaxt keçib, o səssiz qəhrəmanlar qalıb tarixin dünənində. Axı bu, irsimizdir, bunlar da gərək bilinə, yaşaya, öyrənilə. Elə İkram Kərimovun özünün bir zamanlar açdığı bir-birindən maraqlı cinayət işləri var ki, hərəsi ayrıca dərsdir, hərəsi elə həyatın yazdığı hazır ssenaridir. Hanı o filmlər? Filmlər bir yana, görən, İkram Kərimov kimi bilgin, dərin, zəngin təcrübəli hüquqşünasları hüquq təhsili verən ali məktəblərimiz ustad dərsləri verməyə  tez-tezmi dəvət edirlər? Bizim və başqa ölkələrin çəkdikləri filmlərdə rastlaşdığınız mərkəzdən hansısa rayona ezamiyyətə gedən, qısa müddətdə müəmmalı cinayətin üstünü açan iti düşünən və bəsirətli istintaqçı surətlərini yaddaşınızda sıralayanda, bilin ki, bunlar heç də sırf bədii düşüncənin məhsulu deyil. Belə qabil peşəkarlar həmişə olub və o mahirlərdən biri elə İkram Kərimovdur ki, var! Əlbəttə ki, fitri-istedad vacibdir. Ancaq təbiətən nə qədər istedadlı olursan-ol, daim oxumasan, öyrənməsən, çalışmasan və həm də daxilən, əxlaqınla, mənəviyyatınla dürüst, saf olmasan, asta-asta qismətinə düşmüş o istedad korşalar, sönər, gözü tutulmuş bulaq kimi büsbütün ayrı bir səmtə, bəzən heç arzu olanmayan istiqamətə yönələr. İkram müəllimin həmişə ən yaxın dostu kitab olub. Yaşadığı qısa olmayan ömrün çox yadigarları var ki, onları təbərrük kimi qoruyur. O yadigarların sırasında ən yüksək təltiflərindən daha əvvəldə bilirsiniz nələr dayanır? Bir ovuca sığacaq qədər kiçik kitabçalar - oxucu biletləri. Axundov kitabxanasının, Qorki kitabxanasının, Sabir, Lenin, Nekrasov, Qubkin adına kitabxanaların oxucu biletləri. İndi həmin kitabxanaların hansısa var, hansısa yoxdur. Bir zamanlarsa o kitabxanaların hər biri hər gün dolub-boşalardı, adamlar çox oxuyardılar və kitaba, biliyə canatma kütləvi idi. İkram Kərimov otursun bir tarixçiylə üzbəüz, ya bir ədəbiyyatçıyla həmsöhbət olsun, yaxud da hansısa digər bir ixtisas sahibiylə mükaliməyə başlasın. Öz sahəsinin adamlarını ki heç demirəm. Elə bir neçə dəqiqənin içərisində müsahibi sezir ki, qarşısındakı dolu adamdır, sadəcə çox bilən deyil, az qala hər şeyi biləndir, hər sahədən məlumatı olandır. Həm də bilikləriylə heç də hansısa iddiasını ortaya qoymur, üstünlüyünü göstərməyə cəhd etmir.

Ən sarsılmaz qüvvətin bilikdə olması, bir kəsin başqa kəsdən üstünlüyünün ən başlıca vasitəsinin məhz elm olduğunu dünyanın müdriklik zirvələrindən biri Nizami Gəncəvi də təsdiqləyib, ondan əvvəl Müqəddəs Kitabımız da, ondan sonra nə qədər millət böyüklərimiz də. İkram Kərimov bu meyarı həm işində, həm həyatda daim əsas götürüb. Elə o səbəbdən də müvəffəq olub. Sıra-sıra açılmaz sayılan cinayət işləri olmuşdu ki, İkram Kərimov onlara qısa müddətdə açar tapmışdı, aydınlıq gətirmişdi, bu müvəffəqiyyət elə bilik çoxluğu, bilik çoxluğunun bağışladığı həssas müşahidəçilik, mahiyyətə sirayət edə bilmək qabiliyyəti sayəsində mümkünləşmişdi. Yoxsa ki, ondakı səlahiyyət, bəzənsə ondakından qat-qat artıq vəzifə, təsir gücü, ixtiyar digərlərində də vardı. İkram müəllim ömrün səksəninə yetişəndə keçilmiş yolun, yaşanmış həyatın aynası hesab edilə biləcək 3 qalın kitab yazıb. Lakin başlayır söhbətə və baxırsan ki, bu yazılanlar yazıla biləcəklərin cüzi hissəsi imiş, deyiləsi sözü hələ lap çoxmuş. Deyiləsi sözünün çox olması üçünsə gərək gördüyün işlər çox olmuş ola. Həm də elə işlər nəcib, xeyirxah, yaxşı işlər olmuş ola ki, vaxt sovuşandan sonra onlardan hamıya bəhs etməyə nəinki çəkinməyəsən, əksinə, buna ehtiyac duyasan. İkram Kərimovun həmişə amalı, sadiq qaldığı əsas peşə düsturu bu oldu ki, cinayət işlətmiş şəxsin ifşasından daha əvvəl əsassız cinayət təqibinə məruz qalanların hüquqlarını qorumağa cəhd etmək gərəkdir (və əslində "ədalət mühakiməsi" anlayışının fəlsəfəsi elə bu deməkdir).

Bəlkə də mayasını insaf, düzlük, haqsevərlik təşkil edən bu adil yanaşma da elə ona daim arxa duran, kömək göstərən qaibanə güc oldu. Elə mübhəm, pırtlaşıq cinayət kələflərini açdı, elə ən qaranlıq sayılan düyünləri çözməyə müvəffəq oldu ki, ən püxtə həmkarları da təəccübləndi: "Axı səndə bu, niyə belə rahat alınır, necə olur ki, hədəfə aparan ən qısa yolu bunca tez tapırsan?" Bu sualınsa cavabı həm vardı, həm yoxdu.

Yəni cavab olmağına vardı, amma izahı çətin idi. Hər bir işdə olduğu kimi, burda da təbii olaraq bilik, təcrübə, məqsədə yetişmək yolunda usanmadan, inadla çalışmağın və yüz cür başqa peşəkar amilin yeri vardı. Ancaq bunların hamısından daha öncə ən ümdə olan bir cəhət var - hər an haqqın yanında olmaq. Sən haqla olanda haqq da sənə kömək olar. Haqq - yəni həqiqət, Haqq -  yənu Ulu Tanrı! İkram müəllimin Bakı Şəhər Məhkəməsinə rəhbərlik etdiyi illəri yaxşı xatırlayıram. O dövrdə arxiv materialları ilə tanış olmaqçün ora tez-tez gedərdim, hətta sədr dostum məni xalq iclasçısı da etmişdi. Şahidəm ki, həmişə xalq onu özününkü sayıb. İnanıb ki, iş İkram müəllimdən keçirsə, orada nigaranlığa əsas yoxdur, ədalətin, insafın ruhu da inciməyəcək. Sadə adamlar da belə düşünürdü, böyük həyat təcrübəsi olanlar da. Elə biri unudulmaz Xalq yazıçısı İsmayıl Şıxlı. 1980-ci illərin sonlarının SSRİ məkanında və o sıradan Azərbaycanda milli-azadlıq hərəkatı coşmuşdu və bir qədər dözəndən sonra ən fəalların  cəzalandırılması üçün çökən, nəfəsi tıncıxan rejim amansız addımlar atdı.

Hələ bu rejimin tezliklə dağılacağı ağlasığan deyildi. Cəza orqanları ayaq üstə idi. Həbsləri SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi etmiş, sanksiyaları SSRİ Baş Prokurorluğu vermişdi, məhbuslar Moskvadakı Lefortovo təcridxanasında saxlanmışdı.  Mühakimə isə Bakıda aparılacaqdı və başda şair Xəlil Rza olmaqla 3 nəfərin işi göndərilmişdi Bakı Şəhər Məhkəməsinə.

O günlərdə İsmayıl Şıxlı gəlir İkram müəllimin yanına. Bilirdi hara gəlib, kimin üstünə, hansı ürəyin və qətiyyətin sahibi olan oğulun yanına gəlib. "İkram, Xəlil əmanəti!", -- deyir. Və İkram əmanəti qorumağı bacarır. SSRİ yerində idi, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, SSRİ Baş Prokurorluğu yerində idi. Və Bakı Şəhər Məhkəməsi bəraət hökmü çıxarır. Prokurorluq Ali Məhkəməyə bəraət hökmündən etiraz yazır. Ancaq etiraz təmin edilmir... Xəlil Rza və silahdaşları azadlığına qovuşur! 

Bunlar yaxın keşməkeşli tariximizdir. Tarixsə kimin kim olduğunu zaman yaşanıb keçəndən sonra güzgüdəki kimi dəqiq göstərir. O güzgüdəki İkram Kərimovun üzü həmişə ağdır!

"Təzadlar"dan: çox hörmətli Akademik Rəfael Hüseynovun bu təbrik yazısına qoşularaq İkram müəllimi yubileyi və təltifi münasibətilə ürəkdən təbrik edirik!

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN