...Rusiyanın tanınmış ictimai-siyasi xadimi və müxalifətçisi Mixail Xodorkovski deyir ki, Allah işə qarışmasa, “bu xəmir hələ çox su aparacaq”, Vladimir Putin dövrü 10-15 il uzanacaq.  Oxucu haqsız olaraq sual verə bilər ki, bəs Qərb – Avropa, Amerika buna necə razılaşacaq, bəs Rusiya xalqı ayağa qalxmayacaq?!
Xodorkovski haqlı olaraq cavab verir ki, Rusiyanın böyük nüvə silahı var, ona görə də Qərb Putinin işğal siyasətinə birbaşa müdaxilə etməyəcək. İqtisadi sanksiyalarla və siyasi bəyanatlarla kifayətlənəcək. Həm də, Putin ağıllı və tədbirli adamdır, heç vaxt Qərbin (oxu: NATO-nun) maraq dairəsinə müdaxilə etməyəcək, postsovet məkanı ilə kifayətlənəcək. Gürcüstan, Ukrayna hələ "jurnal"dır, "kino"su gələcək... Rusiya xalqına və inqilabına gəlincə, bunlar əfsanədir. Putin və komandası hakimiyyətə olduqları 20 ildə elə bir xalq yaradıblar ki, belinə minsən də, çörəyini kəssən də, səsi çıxmayacaq... Şimali və Cənubi Koreya nümunələri göz qabağındadır. Xalq eyni xalqdır...
Bəli, cənab Xodorkovskinin fikirləri ilə razılaşmamaq olmur. Əvvəla o, Putin dövründə siyasətçi üçün vacib olan hər üç sınaqdan – hakimiyyətdən, türmədən və müxalifətdən, yəni oddan, sudan və mis borulardan keçib. Hazırda postsovet məkanında və bütün dünyada Rusiya və Putin üzrə ən yaxşı mütəxəssis hesab olunur. Sonra, Mixail Xodorkovsi təxminən bizim Zərdüşt Əlizadə mislindədir, miqyaslı və dərin düşünə, fikirlərini konkret ifadə edə bilir. Amma hətta Xodorkovski də birmənalı deyə bilmir ki, Putin nə istəyir?! Yeri gəlmişkən, hazırda az qala, bütün dünya siyasətçiləri və mütəxəssisləri bu suala cavab axtarır... Hazırkı qeydlərin də məqsədi bu suala cavab tapmaqdır...
Məlum olduğu kimi, Karl Marksın məşhur bir ifadəsi var. Bizim dövrə gətirsək, əvvəl maddiyyətdir, yəni gödəniyyətdir, sonra siyasətdir və mədəniyyətdir. Düşünürəm ki, Vladimir Putinin də Marksizm – Leninizm dövrünün sadiq yetirməsi kimi, bütün ömründə və siyasi fəaliyyətində bu “vəsiyyəti” əsas yer tutur. Yeni əsrin yeni hadisələri, xüsusilə Rusiya – Gürcüstan, Rusiya - Ukrayna müharibələri bunu bir daha sübut etdi. Vladimir Putin 2000-ci ildə Boris Yeltsinin siyasi varisi kimi Rusiyada hakimiyyətə gəlib. Hakimiyyətə gələn kimi, Rusiyanın neft və qaz ehtiyatlarına əl qoyub. Faktiki olaraq, “Qazprom”a, “Rosneft”ə nəzarəti ələ keçirib. Hazırda da bu kompaniya aksiyalarının 50+ faizi dövlətə, yəni Putinə məxsusdur.
Həmin dövrdə yalnız “YUKOS” özəl neft şirkəti “Putinləşməkdən” imtina etdi. Şirkət yəhudi əsilli rus milyarderi Mixail Xodorkovskiyə məxsus idi və Rusiya neftinin hardasa, 5-6 faizinə nəzarət edirdi. Bu imtina Xodorkovskiyə baha başa gəldi, onu dərhal böyük vergi cinayətlərində ittiham etdilər və 2003-cü ildə 10 illiyə Sibirə “sürgünə” göndərdilər. Bu 10 ildə “YUKOS”-u faktiki olaraq qəsb etdilər, “Putinləşdirdilər”. Təsəvvür edin ki, Xodorkovski həbs olunanda hardasa 17 milyard dollar (“Forbes”in məlumatıdır) vəsaiti vardı, bunun 15-i Rusiyada, 2 milyardı isə xaricdə - İsveçrə banklarında saxlanırdı. 2013-cü ildə Putin Qərbin təzyiqi ilə Xodorkovskini əfv edəndə, onun ancaq xaricdə saxlanan 2 milyard vəsaiti qalmışdı. Və Xodorkovski Rusiyadan birdəfəlik getmək şərtilə azad olunmuşdu.
Məlum olduğu kimi, Ukrayna postsovet məkanının ən varlı ölkələrindən biri sayılırdı və 3 qiymətli “incisi” vardı: Krım yarımadası, Azov dənizi və Donbas iqtisadi rayonu. Bilənlər bilir, bilməyənləü üçün deyim ki, Krım yarımadası İttifaqda və bütün dünyada Qara dənizin turizm mərkəzi kimi məşhur idi. Azov dənizi isə qapalı su hövzəsi kimi qiymətli balıq ehtiyatları ilə zəngindir və dənizin Ukrayna sahilləri 100 kilometrdən çox təbii plyaj zonasıdır. Donbas iqtisadi rayonu isə, Ukrayna ağır sənayesinin özəyidir, metallurgiya zavodları, daşkömür yataqları ilə zəngindir. Cənab Putin də işğal məqsədini gizlətmirdi və “Ukrayna adlı dövlət tarixən olmayıb, bütün bunlar Rusiyanındır” deyirdi.
2008-ci il Rusiya – Gürcüstan münaqişəsindən, Qərbi Gürcüstanın ilhaqından sonra növbə Ukraynaya çatdı. 2010-cu ildə Rusiyanın təkidi ilə Ukrayna ilə Azov dənizinin müştərək istifadəsi haqqında müqavilə bağlandı. Və Rusiya faktiki olaraq, Ukraynanı Azov dənizindən sıxışdırmağa, hərbi gəmilərə atəş açmağa, balıqçı gəmilərini batırmağa başladı. Rusiya – Ukrayna lokal münaqişəsi başladı və hətta “Vaşinqton Post”a kimi gedib çatdı. Amma iştah diş altında olur deyirlər... 2014-cü ildə Krım yarımadası de-fakto işğal olundu. De-yure isə bu işğal bütün dünyaya Krım əhalisinin referendum keçirməsi və Rusiyaya könüllü birləşməsi kimi təqdim olundu. Bütün dünyanın Gürcüstan faciəsinə olduğu kimi, Ukrayna faciəsinə də biganə qalması Rusiyanın iştahını daha da artırdı və Rusiya – Ukrayna müharibəsi başladı.
Cənab Putin tez bir zamanda Kiyevi işğal etmək, ona tabeçilik göstərməyən, Qərbə meyillənən Vladimir Zelenski hakimiyyətini devirmək və onun yerinə özünə loyal olan bir adam gətirmək istəyirdi. Bundan sonra Ukraynanın NATO və AB arzularına son qoyulacaqdı, Repinin məşhur tablosunda olduğu kimi “itmiş oğul” doğma evinə qayıdacaqdı. Bu “xidmət”in müqabilində, şimalda Xarkov və cənubda Xerson, Donetsk və Luqansk da daxil olmaqla, bütün Donbas iqtisadi regionu Ukraynadan alınacaqdı bə Rusiyanın inzibati ərazisinə “qaytarılacaqdı”. Bu zaman Ukraynanın Azov dənizinə çıxışı tam bağlanacaqdı və Rusiyanın Krım yarımadasına quru yolu açılacaqdı...
Amma bu dəfə alınmadı. Vladimir Putin Ukraynanın Rusiyaya bu dərəcədə müqavimət göstərəcəyini və Qərbin Ukraynaya bu səviyyədə dəstək verəcəyini, hətta Rusiyanın neft-qazından imtina edəcəyini təbii ki, gözləmirdi. Amma təcrübəli siyasətçi kimi, “fors-major” hallarını nəzərə almışdı və müəyyən plan hazırlamışdı. Bu plan Rusiya – Ukrayna sülh danışıqlarını aktivləşdirməyi, eyni zamanda Kiyev ətrafından silahlı qüvvələri geri çəkməyi, Donetsk və Luqansk ətrafında cəmləşdirməyi nəzərdə tuturdu. Yeri gəlmişkən, hazırda bu proseslər gedir...
Düşünürəm ki, Rusiya – Ukrayna müharibəsində hazırkı nisbi sabitlik dənizdə fırtınadan əvvəlki sakitliyi xatırladır. Sadəcə olaraq, Rusiyanın Ukraynadakı silahlı qüvvələri komplektləşdirilir, Suriyada döyüş təcrübəsi keçmiş hərbi hissələr və hərbçilər bura gətirilir. Həlledici döyüşlər irəlidədir və hesab edirəm ki, cənubda Xerson və şimalda Xarkov istiqamətlərində baş verəcəkdir. Vladimir Putin adaşı Zelenskini devirməyi müvəqqəti təxirə salsa da, Donbas iqtisadi regionunu işğal etmək və Rusiyanın inzibati ərazisinə daxil etmək planından əl çəkməyib.
Bəli, dava yorğan davasıdır, iştah isə, diş altındadır. Cənab Xodorkovskinin sözü ilə desək, bu hələ " jurnal"dır, "kino"su qabaqdadır...
Qalib ARİF
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN