Çinin Müdafiə Nazirliyinin çərşənbə günü yayımladığı xəbərə əsasən, Çin qoşunları Hindistan, Belarusiya, Monqolustan, Tacikistan və digər ölkələrin də qatılacağı və Rusiya tərəfindən rəbərlik ediləcək hərbi təlimlərdə iştirak etmək üçün Rusiyaya gedəcək.

İngiltərənin Reuters xəbər ajansının paylaşdığı xəbərə istinadən, nazirliyin yayımladığı bəyanatda Çinin birgə təlimlərdə iştirakının mövcud beynəlxalq və regional vəziyyətlə əlaqəli olmadığı qeyd edilib. 

Vostokda keçiriləcək təlimlər barədə Moskva keçən ay məlumat vermiş və təlimlərin avqustun 30-dan sentyabrın 5-dək keçirməyi planlaşdırdığını açıqlamışdı. Məlumat zamanı təlimdə iştirak edəcək  bəzi xarici qüvvələrin adlarının gizli qalacağı da bildirilmişdi. 

Çinin Müdafiə Nazirliyi təlimlərdə iştirakının Rusiya ilə davam edən ikitərəfli illik əməkdaşlıq sazişinin bir hissəsi olduğunu bildirib.  Bəyanata əsasən təlimlərdə iştirak etməkdəki məqsəd iştirakçı ölkələrin orduları ilə dostluq əməkdaşlığını dərinləşdirmək, iştirakçı tərəflər arasında strateji əməktaşlığın səviyyəsini yüksəltmək və müxtəlif təhlükəsizlik təhdidlərinə cavab vermək bacarığını gücləndirməkdir.  

Çin prezidenti Si Cinpin və onun rusiyalı həmkarı Vladimir Putinin birgə siyasəti nəticəsində Pekin və Moskva arasındakı münasibət getdikcə möhkəmlənir. Keçən ilin avqust ayında tərəflər  Çinin şimal-mərkəzində 10 mindən çox hərbiçinin iştirak etdiyi birgə hərbi təlimlər keçirmişdir. Oktyabr ayında isə hər iki ölkə Yapon dənizində birgə hərbi dəniz təlimləri keçirmiş, bir neçə gün sonra isə Sakit okeanın qərbində ilk birgə patrullarını gerçəkləşdirmişdi. Fevralın 24-də Rusiyanın Ukraynanı işğalından bir müddət əvvəl isə Pekin və Moskva “məhdudiyyətsiz” tərəfdaşlıq elan etmişdi.

Nərminə Hacıyeva

("Təzadlar"ın xüsusi müxbiri) 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN