...Rusiyalı politoloqlar, jurnalistlər və sosial şəbəkə istifadəçiləri Qərbi Avropanın həmişə Rusiyanı parçalamaq istədiyini sübut etmək üçün Almaniya kansleri Otto fon Bismarka (1871-1890) məxsus olduğu iddia edilən sitata söykənirlər.

Həmin sitatda söhbət Ukraynadan gedir. Dillərdə dolaşan həmin sitata diqqət edək: “...Almaniya kansleri Otto fon Bismark: “Rusiyanın gücünü ancaq Ukraynanı ondan ayırmaqla sarsıtmaq olar... Ukraynanı təkcə Rusiyadan qoparmaq yox, həm də onu Rusiyaya qarşı qoymaq lazımdır. Biz tək millət olan Rusiya və Ukraynanın bir hissəsini digərinə qarşı qoymalı və bir qardaşın digərini öldürməsinə baxmalıyıq. Bunu həyata keçirmək üçün milli elita arasında satqınlar tapıb yetişdirmək və onlardan istifadə etməklə böyük xalqın bir hissəsinin mənlik şüurunu elə dəyişməliyik ki, onlar Rusiya ilə bağlı hər şeyə nifrət etsinlər, fərqinə belə varmadan öz milli köklərinə nifrət etsinlər. Qalan hər şeyi zaman özü həll edəcək” (G. Kriuçkov, Ukrayna həlledici seçimdən əvvəl, 2010). "O zaman Bismark deyirdi ki, Rusiya imperiyasını böyük bir bədən kimi təsəvvür etsək, onun üçün ölümcül bir əməliyyat var, Ukraynanın Rusiyadan amputasiyası". (İ. Savvon, Rusiya – Ukrayna, 2001). “Bismark həmçinin bildirib ki, Rusiyanı məhv etmək üçün Ukraynanı ondan qoparmaq lazımdır”. (D.Roqozin, “Nezavisimaya qazeta”dan sitat, 17.06.1997). Maraqlıdır ki, bu məsələ ilə bağlı 2014-cü ildə Almaniyanın məşhur nəşri olan “Deutsche Welle”(DW) şərh üçün Almaniyanın Friedrichsruh şəhərindəki Bismark Fonduna müraciət edib. Otto fon Bismarkın əsərlərini tədqiq edən Fondun tədqiqatçı alimi, fəlsəfə doktoru Ulf Morgenstern məsələyə belə münasibət bildirib: “Bismark belə bir şey söyləməyib və deyə də bilməzdi”. Bu cür ifadələri ehtiva edən heç bir sübut yoxdur - istər kanslerin qeydləri, istər onun çıxışlarının mətnləri, istər məktublar, istərsə də müasirlərinin xatirələrində belə bir şey yoxdur. Kansler xatirələrində Prussiyada “Rusiyanın parçalanacağını” proqnozlaşdıran “Həftəlik Qəzet Partiyası” haqqında söhbət açır. 1871-ci ildə Almaniyanın ilk kansleri təyin olunan Bismark bu ideyanı açıq-aydın bəyənməmişdi.

rusiya

Üstəlik, Bismark "Ukrayna" kimi bir söz eşitməmişdi. Bu söz sonralar Avropa siyasi lüğətinin bir hissəsi oldu. Bəzi tədqiqatçılar hesab edirlər ki, Ukrayna məsələsinə Bismarkla bağlı bu kontekstə yanaşma ilk dəfə 1926-cı ildə İ.Rudoviçin Lvovda Böyükşəhər arxiyepiskopu Andrey Şeptitskinin qəbulu (“Bohoslovia”, Lvov, 1926, s. 219) zamanı səslənib. Sonralar sovet tarixçiləri həmin görüşə istinadən bu fikri ortaya atıblar. Otto fon Bismark belə bir fikir deyib, yoxsa deməyib? Qeyri-müəyyəndir. Ancaq dəqiq olan odur ki, hələ Yulius Sezar (64-44 bizim eradan əvvəl) “Parçala, hökm sür” siyasətinin əsasını qoyub. Elə o vaxtdan da Qərb siyasətçiləri düşmənlərini məhv etmək üçün bu düsturdan istifadə ediblər. Xüsusən, Rusiya və Osmanlı imperiyasına qarşı bu üsuldan yararlanıblar... Bəllidir ki, XIX əsrin sonlarında Rusiya dünyanın ən güclü dövlətləri sırasında yer alırdı. O vaxt III Aleksandr dönəmində belə bir olay baş verib. III Aleksandra Avropada qorxudan ehtiram göstərərdilər. Bunun belə olduğuna sübut kimi aşağıdakı fakta diqqət edək: İmperator III Aleksandr dönəmində Avropada Əlcəzairdən dolayı bir münaqişə yaşandı. Avropa I Dünya Müharibəsi miqyasında təhlükəsi ilə üzləşdi. Proses Rusiyanın yeni müttəfiqi Fransanın maraqlarına toxundu. Xarici işlər naziri imperatorun məzuniyyətini yarımçıq qoyaraq Sankt-Peterburqa dönməsi üçün ona teleqram vurdu. Çar teleqramın məzmunu ilə tanış olduqdan sonra belə dedi: “Rus çarı balıq tutursa, Avropa gözləməlidir”.

Bu faktın özü Rusiyanın Avropaya yuxarıdan aşağı baxmasından xəbər verir. Təbii ki, heç Avropa da Rusiyaya qarşı xoş münasibətdə deyildi. Ona görə də Rusiyanı parçalayıb gücdən salmaq istəyirdi. Bunun üçün müxtəlif üsullardan istifadə edirdilər. III Aleksandra deyirdi: “Mən türk güləsindən qorxmurdum və indi isə ölkəmdəki gizli inqilabi dərnəklərdən gizlənmək zorundayam”. Avropadan ixrac edilən sosialist düşüncəsi yavaş-yavaş Rusiyanı qarışdırırdı. Rusiya çarının bu fikri isə Rusiya-Avropa münasibətlərinin mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur: “Bütün dünyada bizim cəmi 2 sadiq müttəfiqimiz var. Ordumuz və donanmamız! Qalanları hamısı ilk fürsətdəcə bizə qarşı silaha sarılacaqlar”. “Qalanları hamısı ilk fürsətdəcə bizə qarşı silaha sarılacaqlar”. Sanki III Aleksandr bugünlərə nəzərən bu fikri söyləyib. Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olmayaraq Qərb öz istəyinə nail olub. Belə ki, “Slavyan Birliyi” ideyası bu müharibənin xarabalıqları altında dəfn olundu... Xatırladaq ki, pan-slavyanizm XVIII əsrin sonu XIX əsrin əvvəllərində intişar tapıb. İlk panslavist isə XVI əsrdə yaşamış xorvat yazıçısı və humanisti Vinko Priboyeviç hesab olunur. Bu ideya etnik, mədəniyyət və dil eyniliyinə söykənən xalqların birləşməsi düşüncəsini özündə ehtiva edir. 1848-ci ildə Praqada keçirilən Slavyan Konqresinə 300 nümayəndə qatılmışdı.

Slavyan ideologiyasında Rusiyanın slavyanlar arasında dominant rolu, onun birləşdirici missiyası haqqında tezis mühüm yer tuturdu. Slavyanların Rusiya İmperiyasının himayəsi altında siyasi birləşməsi layihələri hələ XVIII-XIX əsrlərdə Andrey Samborski, Vasili Malinovski və başqaları tərəfindən hazırlanmışdır. Onlar slavyanların Osmanlı və Avstriya imperiyalarından azad edilməsinin və Slavyan federasiyasının yaradılmasının tərəfdarları idilər. 1998-ci ildə Praqada Birinci Ümumslavyan Konqresinin 150 illik yubileyi münasibətilə beynəlxalq Slavyan Komitəsinin fəaliyyətini bərpa edən VII Ümumslavyan Konqresi keçirildi. Konqres həmçinin Avropa xalqlarına müraciət qəbul etdi. Müraciətdə NATO-nun birtərəfli genişlənməsi pisləndi və Avropa İttifaqını slavyan xalqlarının hüquqlarına hörmət etməyə çağırdı. Diqqət edin, 1998-ci ildə NATO-nun genişlənməsi məsələsi artıq slavyanları, əsasən də Rusiyanı narahat edirdi. Bu gün izlədiyimiz Rusiya-Ukrayna müharibəsi məhz həmin narahatlığın təzahürü kimi ortadadır... Önəmli olan odur ki, Qərb slavyan dünyasını parçaladı. Hətta bir-birinə düşmən etdi. İndi bir çox slavyan ölkəsi, xüsusən Polşa Rusiyaya qarşı müharibədə Qərbin yanındadır və Rusiyanın məğlubiyyəti üçün mümkün olan hər şeyi edir...

O da sirr deyil ki, Qərb türk və ərəb birliyinin yaranmasını da özünə təhlükə sayır. Fakt budur ki, Türkiyə və Azərbaycan əl-ələ verib Azərbaycanın ən böyük problemi sayılan Qarabağ problemini son dərəcə böyük məharətlə aradan qaldırdı. Sadəcə iki türk dövlətinin bir araya gəlməsi-bir millət, iki dövlət, düşüncəsi Qərbi son yüz ildə dəfələrlə sui-istifadə etdiyi erməni kartından mərhum etdi. Heç şübhəsiz ki, bütün türk xalqlarının bir araya gəlməsi-Turan dövlətinin yaranması dünyada geosiyasi müstəvisində ciddi dəyişikliklərə səbəb olacaq. Aydındır ki, Qərb bunda maraqlı deyil. Ona görə də bu gün slavyan dünyasında yaşanan qardaş qırğınının türk dövlətlərinə transfer etmək Qərbin prioritetləri sırasındadır.

Əslində, Turan dövlətinin yaranması Çin ilə Avropa arasında təbii bir maneənin yaranması deməkdir. Bu baxımdan Turan dövlətinin yaranması Qərbin xeyrinə olardı. Ancaq Qərbi Çindən qoruya biləcək Turan dövləti sonra Qərb üçün təhlükəyə çevrilə bilməzmi? Bax, bu suala Qərb analitiklərinin birmənalı cavabı yoxdur. Ona görə də bu gün Rusiya-Ukrayna müharibəsində dəfn olunan slavyan birliyi düşüncəsinin türk birliyi düşüncəsinə də inikası Qərb üçün cəlbedici görünür. Eyni prosesi ərəblərə qarşı da tətbiq edirlər. Fələstin məsələsinə ərəb dünyasında vahid baxışın olmaması məhz bu faktordan qaynaqlanır. Türklər necə, Qərbin “parçala, hökm sür” siyasətinə qurban gedəcəklərmi? Ümid edirəm ki, Qərbin mahir siyasətçiləri belə türkləri qardaş qırğınına sürükləyə bilməyəcəklər. Bunun üçün isə hər bir kəsin ayıq-sayıq olmağı gərəkir. Mən ona də əminəm ki, Qərb ilk növbədə Türkiyə ilə Azərbaycanın arasını vurmağa çalışacaq. Əlbəttə, sayın Tayyib Ərdoğan və İlham Əliyevin dönəmində istənilən hiyləgər gedişin qarşısı dərhal alınacaq. Ancaq o da aydın görünür ki, hətta son dərəcə sıx münasibətlərin olduğu indiki ortamda belə həm Türkiyədə, həm də Azərbaycanda Qərbə bağlı bəzi dairələr Türk Birliyinə qarşı mövqe sərgiləyir, müxtəlif bəhanələrlə öz istəklərinə nail olmaq istəyirlər. Kimdir onlar? Yuxarıda vurğuladığımız sitatda Qərb qarşısında qoyulan “milli elita arasında satqınlar tapıb yetişdirmək” tapşırığı sıradan söhbət deyil. Bəli, indi onların-milli satqınların-proseslərə təsir imkanı yox səviyyəsindədir. Ancaq biz gələcəyimiz üçün elə özül atmalıyıq ki, bu gün slavyan dünyasında yaşanan fəlakət sabah türk dünyasının qapısını döyməsin. Bunun üçün isə türklərin böyük fikir babası İsmail bəy Qaspıralının “Dildə, Fikirdə, Əməldə Birlik” düşüncəsinə sadiq qalmalıyıq...

Elbəyi Həsənli,

Sürix

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN