13 noyabr 2023-cü il tarixində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel tərəfindən Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar tamamilə qeyri-adekvat və qəbuledilməzdir.

TEZADLAR.AZ xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin Azərbaycan əleyhinə əsassız ittihamlarını şərh edib.  

"Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir. Aİ Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum yanlış addımların qurbanına çevrilib. 

 Bununla yanaşı, Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir addım atmayan Aİ-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir. 

 Bir daha xatırladırıq ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də cari ilin sentyabr ayında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib. 

 Aİ üzv ölkələri aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir. 

 Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür. Bu məqsədlə, digər sahələrlə yanaşı hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir. 

 Bir daha xatırladırıq ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaqdır", - deyə XİN-dən bildirilib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN