Italiyanın baş naziri Mario Draqi, həmçinin Bolqarıstan Prezidenti Rumen Radev də Rusiyanın separatçı regionları tanımasını pisləyiblər.
Almaniya kansleri Olaf Şolst bildirib ki, Qərb Rusiyanın “DXR” və “LXR”-ni tanımasını qəbul edə bilməyəcək.
Qeyd edək ki, bu gün İaliyanın baş naziri Mario Draqi də Rusiya Federasiyasının Donbasın seperatçı ərazilərinin müstəqilliyini tanımaq qərarını qınayıb və bunu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qəbuledilməz pozulması adlandırıb.
“Mən Rusiya hökumətinin Donbasın iki separatçı ərazisini tanımaq qərarını ən sərt şəkildə pislədiyimi bildirmək istəyirəm. Bu, Ukraynanın demokratik suverenliyi və ərazi bütövlüyünün qəbuledilməz pozulmasıdır”, - o, bunu İtaliya Dövlət Şurasının yeni rəhbəri Franko Frattininin andiçmə mərasimindəki çıxışı zamanı deyib.
“Böhranın sülh yolu ilə həllini tapmaq və Avropanın mərkəzində müharibədən qaçmaq üçün müttəfiqlərlə daim əlaqə saxlayıram. Dialoq yolu zəruri olaraq qalır, lakin Aİ çərçivəsində biz artıq Rusiyaya qarşı tədbirləri və sanksiyaları müəyyənləşdiririk”, - deyə Draqi xəbərdarlıq edib.
Həmçinin Bolqarıstan Prezidenti Rumen Radev də bildirib ki, Rusiyanın “DXR” və “LXR”-nin müstəqilliyini tanıması Ukraynada gərginliyin azaldılması səylərini uğursuzluğa düçar edir.
"Rusiya Federasiyasının qondarma “DXR” və “LXR”-ni tanıması Ukraynadakı münaqişənin deeskalasiyası səylərini puç edir və bütün regionda gərginliyin artmasına səbəb olur. Bu böhranın davamlı həllini beynəlxalq hüququ pozmaqla və hərbi yolla tapmaq mümkün deyil”, - deyə Radev Twitter-də yazıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının növbədənkənar geniş iclasından sonra Rusiya Federasiyası vətəndaşlarına müraciət edərək, “LXR” və “DXR”-ın suverenliyinin dərhal tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini söylədi. Müraciətdən dərhal sonra prezident Putin Kremldə “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.
Y.MƏMMƏDLİ