Daha bir vicdanlı xəbər istehsalçısı fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı…
Bu gündən etibarən “Novaya qazeta”nın informasiya xidməti fəaliyyətini dayandırır.
Bu barədə informasiya xidmətinin rəhbəri Nikita Kondratyevin yaydığı bəyanatda bildirilib.
Kondratyev bunun müvəqqəti olduğunu, tezliklə işlərinin başına dönəcəklərini və bu gün də redaksiyalarının Rusiyada az sayda müstəqil xəbər jurnalistikası sırasında yer tutduğunu bildirib.
O, qeyd edib ki, 4 mart 2022-ci ildə Rusiya parlamenti, nəhayət hərbi senzuranı elan etmədən tətbiq edib...
“Biz xəbər jurnalistləri, “Rusiya Silahlı Qüvvələri ilə bağlı bilərəkdən yalan məlumat yaymağa” görə düşərgələrdə 15 ilə qədər yaşaya bilərik.
“Bilərəkdən yalan” məlumat Ukraynada məhbuslar, həlak olanlar, mülki şəxslərin atəşə tutulması ilə bağlı məlumatlardır. Bizə bunların heç birinin baş vermədiyini etiraf etməyimizi təklif edirlər.
Bəli, deyə bilərik ki, azad jurnalistikaya gedən yol kazarmalardan və tikanlı məftillərdən keçir. Bütün bunlar çox gözəl, lakin çılğın cəfəngiyatdır.
Həqiqət budur ki, bizdən və ölkədəki bir-iki redaksiyadan başqa, xəbər işi ilə məşğul olan başqa heç kim yoxdur. Ona görə də biz sonadək qalırıq. Biz istintaq təcridxanalarına, koloniyalara getmirik. Biz Avropaya, yaxud Gürcüstana getmirik. Biz Rusiyada qalırıq - bu, bizim ölkəmizdir”, - deyə qeyd edib.
Kondratyev təəssüflənərək bildirib ki, hərbi senzura qanunları qüvvəyə minən kimi cəbhələrdən reportajların dərcini dayandırmalı olacaqlar.
“Biz artıq Ukraynada gedən döyüşlər barədə - hər iki tərəfə söz haqqı verərək, həqiqəti deyə bilməyəcəyik. Qardaş ölkənin şəhərlərinin atəşə tutulmasını müvəqqəti olaraq unutmalı olacağıq. Biz - yenə müvəqqəti olaraq, öz iradəsinə zidd olaraq tez-tez qaynar nöqtələrə düşən əsgərlərimizin, həmyaşıdlarımızın taleyini unutmalı olacağıq.”
İnformasiya xidmətinin rəhbəri “Biz məlumat toplamağa davam edəcəyik. Amma nə vaxt və hansı formada çap olunacaq, biz bilmirik”, - deyə vurğulayıb.
“Dostlarımız, tanışlarımız və qohumlarımız Ukraynada əsl cəhənnəmi yaşayarkən, biz bu addımı atmağa çox utanırıq. Və hər iki tərəfdən.”
Sonda qeyd edilib ki, martın 4-dən 5-nə keçən gecə saat 00:00-dan “Novaya qazeta” jurnalistlərin cinayət təqibi təhlükəsinə görə xəbərlərin formatından müvəqqəti imtina edir.
Qeyd edək ki, “Novaya qazeta” Rusiyanın ictimai-siyasi qəzetidir. Qəzet müxalifyönümlü, liberal, demokratik və insan haqları yönümlü, eləcə də jurnalist araşdırmaları ilə tanınır.
Redaksiya Rusiyanın paytaxtı Moskvada yerləşir və 2021-ci ilin oktyabr ayına olan məlumata görə, 138 nəfər çalışanı var - həftədə üç dəfə nəşr olunur.
Qəzet və onun əməkdaşları dəfələrlə peşəkar, ictimai və dövlət mükafatları laureatı olublar. Nəşrin ən azı beş jurnalisti - ehtimal ki, peşə fəaliyyətlərinə görə öldürülüblər. Qəzetin baş redaktoru Dmitri Muratov 2021-ci ildə “demokratiya və davamlı sülh üçün ön şərt olan söz azadlığını müdafiə etmək səylərinə görə" Nobel Sülh Mükafatına layiq görülüb.
Xatırladaq ki, 44 günlük müharibə dövründə Azərbaycana media dəstəyi verən Dmitri Muratov, ölkəmiz barədə əsl həqiqətləri dünyaya çatdırıb.
Hətta “Novaya qazeta”nın jurnalisti İlya Azar Şuşa, Xankəndi və Laçına gedərək ermənilərin öz dillərindən eşitdiklərinə əsaslanaraq onların cəbhə xəttindəki acınacaqlı vəziyyətindən yazıb. Və buna görə İlya Azarın Ermənistanda etibarnaməsi də ləğv edilib...
Y.MƏMMƏDLİ