ABŞ Ukraynanı maliyyə yardımında tək qoymadı.
Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 13,6 milyard dollarlıq təcili yardımı təsdiqlədi. Bu barədə CNN məlumat yayıb. Məlumatda bildirilir ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi çıxışında 13,6 milyard dolların sadəcə, nisbi olduğunu bildirib.
Xəbərdə o da qeyd olunur ki, qanun layihəsi bu gün Senata göndərilib, günün sonunadək təsdiqlənəcək.
Xatırladaq ki, Ukraynaya göstərilən bu təcili yardım Rusiya qoşunlarına qarşı mübarizədə Silahlı Qüvvələrə dəstək vermək və vətəndaşlara, o cümlədən təxminən 1,5 milyon qaçqına humanitar yardım göstərməyi də nəzərdə tutur.
Onu da deyək ki, Rusiyanın xarici banklarda dondurulan yatırımları da Ukraynanın bərpasına yönəldiləcək. Bu barədə Ukraynanın maliyyə naziri mediaya açıqlamasında bildirib.
Sevinc MURADXANLI